Tərtərdə Xocalı soyqırımının qurbanları yad edilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Tərtərdə Xocalı soyqırımının qurbanları yad edilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə Tərtər rayonunda silsilə tədbirlər keçirilib. Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrayon məktəbliləri arasında futbol və voleybol yarışları keçirilib, “Xocalı fəryadı” mövzusunda inşa yazı və rəsm müsabiqələrinə yekun vurulub. Fevralın 26-da isə Xocalı şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə ümumrayon tədbiri keçirilib.

Əvvəlcə rayonda inşa edilmiş Şəhidlər abidə kompleksi önünə toplanan tərtərlilər Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Abidənin önünə gül-çiçək dəstələri düzərək soyqırım qurbanlarının ruhuna dualar oxuyublar. Bundan başqa rayon rəsmiləri Xocalı faciəsinin il dönümünə həsr olunmuş məktəblilərin rəsm sərgisinə baxılıb.

Sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilib.

Tədbirdə rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının başına gətirilən dəhşətlərdən danışıb. O qeyd edib ki, Bəşər tarixində daim işğalçılıq siyasəti ilə yaşayan, tarixə öz şərəfsiz imzalarını atmış erməni quldurları öz məslək və əqidə dostları ilə birlikdə həmin gecə Xocalını qan içində boğdular. Bu faciə dünyada baş verən Xatın, Sonqmi, Ruanda kimi soyqırımlardan da ən dəhşətlisi idi. Bu dəhşət əliyalın, günahsız camaata qarşı torədilmişdi. Bu tək Xocalıya qarşı genosid yox, türkçülüyə qarşı erməni daşnaklarının qəddar aksiyası idi.

Sonra rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Elxan Ələkbərov, “Xocalı fəryadı” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Briliyant Hacıyeva, Xocalı sakini Aslan Cabbarov çıxış edərək o günlərin dəhşətli xatirəsini tədbir iştirakçıları ilə bölüşdülər.


Tədbirin sonunda “Xocalı fəryadı” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə diplomlar təqdim olunub.

Sonra rayon mədəniyyət evinin hazırladığı “Xocalım, ay Xocalım” adlı kompazisiya nümayiş etdirilib.

Qeyd edək ki, Tərtərin 6 kəndində Xocalıdan olan 9 ailə - 38 nəfər məskunlaşıb. Hər bir Xocalı sakininə rayon icra hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !