Azər Həsrət: - İstək olarsa işləmək də mümkündür

Azər Həsrət: İstək olarsa işləmək də mümkündür

Fevralın 14-də kəndə getmişdim. Dədəliyə. Xaçmazın bu gözəl kəndi insanın yaşaması və xoşbəxt olması üçün bir cənnət guşəsidir. Sadəcə işləmək lazımdır. Tənbəl oldunsa bu kənd səni qəbul etməz, yaşatmaz.

Camaat yaza hazırlaşır kənddə. Hər kəs çöldə-bayırdadır. Tarlalar, bağ-bağat, mal-heyvan yeni mövsümə hazırlanır. Belə işlər indidən edilir ki, yayda, payızda yaxşı məhsul alınsın. Sonra da kənd adamı qışda rahat yaşaya bilsin.

Elə ata-babadan da biz belə görmüşük. Kəndli qışda-yazda işləyib, yayda-payızda da azuqəsini tədarük edərək yaşayıb. Heç şikayətçi də olmayıb.

Amma son illərdə bir qədər tənbəllik yaranmışdı adamlarda. Hər şeyi dövlətdən gözləyirdilər. İndi isə əksinə, kəndli düşünür ki, özü özünü təmin etməlidir. Dövlətin də bəlli vəzifələri var, amma əsas məsələ kəndlinin özünün işə olan münasibətidir.

Belə uzaqdan gəlməyim təsadüfi deyil. Sadəcə göstərmək istəyirdim ki, indi kənd adamı həqiqətən də torpağa qayıdır, bilir ki, onun qurtuluşu yalnız torpaqdadır.

Amma elə məsələlər də var ki, onları mütləq dövlət həll etməlidir.

 

Dədəlidən qış mənzərəsi 

 

 

 

İş ondadır ki, bu səfərimdə qohum-qardaş, həmkəndlilərim kənddə ev quşlarının kütləvi şəkildə qırıldığından şikayətləndi. Adamlar deyir ki, gecə yatırıq, səhər durub görürük qapıda olan 3-5 toyuğumuz ölüb. Çarəsini bilən də yoxdur. İstəyirik, imza toplayıb şikayət edək.

Dedim, şikayətə gərək yox. Yalnız müvafiq dövlət qurumuna müraciət etmək, xəbər vermək lazımdır ki, gəlib maraqlansınlar, kömək etsinlər. “Necə, kimə, hansı idarəyə müraciət edək” sualları qarşısında məsələni uzatmadan, “narahat olmayın, mən də bu kəndin sakiniyəm, özüm bu işləri həll edərəm” dedim.

Fevralın 15-də agro.gov.az saytı üzərindən kənd təsərrüfatı naziri Heydər Əsədova Dədəlinin bir qrup sakini adından üç-beş cümləlik bir müraciət yazıb xahiş etdim ki, məsələnin həllində müvafiq tədbirlərin görülməsi üçün yardımçı olsun.

Eyni müraciəti vet.gov.az saytı üzərindən Dövlət Baytarlıq Nəzarəti Xidmətinə də göndərdim.

Düşünürdüm ki, dövlət qurumlarıdır. Bürokratiya aşıb daşır onsuz da. Bunlar da kim bilir nə vaxt reaksiya verərlər. Ümumiyyətlə reaksiya verəcəklərmi?

Verdilər. Özü də təəccübümə rəğmən bir gün sonra. İş gününün sonunda telefon açan görəvli məmur əlavə suallarla məsələni bir az da öyrəndikdən sonra kəndə müvafiq heyəti ezam edəcəklərini dedi.

Açığı, belə çevik reaksiya məni həm sevindirdi, həm də təəccübləndirdi. Bürokratiyanın, get-gəlin baş alıb getdiyi məmləkətimizdə belə çevik işləyən qurumlar da varmış demək.

Sevindim buna doğrusu.

İki gün sonra artıq nazirliyin müvafiq xidmətinin əməkdaşları kənddə idilər. Nəinki gedib problemlə maraqlanmışdılar, üstəlik, kənd sakinlərini yığıb seminar vermiş, məsələni TV kanalları vasitəsilə ictimailəşdirmişdilər. Yəni təkcə Dədəlinin deyil, bütün ölkə sakinlərinin problemlə bağlı maarifləndirilməsinin qayğısına qalmışdılar.

Azərbaycanda belə xidmətin, belə yanaşmanın olması doğrudan da məni çox sevindirir. İşə bu qədər həssas, məsuliyyətlə yanaşan xidmətlərin mövcudluğu heç kimi biganə qoya bilməz. O cümlədən məni də.

Burada həm də bir başqa məqam diqqətimi çəkir: Prezident İlham Əliyev bütün çıxışlarında məmurlara səslənir ki, vətəndaşı incitməyin, problemlərinin həllində çevik olun. Bir çox dövlət qurumları bu çağırışlara yetərincə əməl etmir və ya etmək istəmir. Amma Kənd Təsərrüfatı Nazirliyinin belə davranışı onu göstərir ki, əməl edən və bunun üçün durmadan çalışan qurumlar, məmurlar da var.

Nə deyirik, Allah razı olsun. Sadəcə təşəkkür edirik. Necə ki, müraciətimi Dədəlinin bir qrup sakini adından yazmışdım, elə yenə də bir qrup sakinin adından cənab nazir Heydər Əsədov başda olmaqla bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !