“Səttar Bəhlulzadənin karikaturaları" kataloqunun təqdimat mərasimi keçirilmişdir
Bu xəbəri paylaş
2016-cı il fevralın 17-də saat 11-də görkəmli sənətkar, Xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyində yeni çap olunmuş “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” kataloqunun təqdimat mərasimi keçirilmişdir. Kataloqda S.Bəhlulzadənin 1931-1933-cü illərdə “Kommunist” qəzetində işlədiyi dövrdə dərc olunmuş karikaturaları ilk dəfə toplu halında sənətsevərlərə təqdim edilir. Kataloq Azərbaycan incəsənəti, Azərbaycanda karikatura tarixi, Səttar Bəhlulzadənin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kataloqun mətninin müəllifi və tərtibatçısı ev-muzeyinin baş mühafizi sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsinin əməkdaşları, KİV nümayəndələri iştirak etmişdilər.
Muzeyin direktoru İradə Abdinova qonaqları salamlamışdır. Tədbirdə AR Mədəniyyət və Turizm Nazirliyinin müavini Sevda Məmmədəliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar rəssam Hüseyn Haqverdiyev, kataloqun mətninin müəllifi və tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova çıxış etmişlər.
Çıxışçılar Səttar Bəhlulzadənin xatirəsinin Azərbaycan xalqı tərəfindən yüksək tutulması, rəssamın adı ilə bağlı müxtəlif səpkili tədbirlərin AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq keçirildiyini xüsusi vurğulamış, muzeyin gördüyü işlərin təqdirəlayiq olduyuğunu qeyd etmişdir.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar S.Bəhlulzadənin “Kommunist” qəzetində dərc edilmiş karikaturalarından ibarət sərgi ilə tanış olurlar. Qeyd etmək lazımdır ki, muzey tərəfindən 30-dan artıq karikatura böyüdülərək çap olunmuş və ilk dəfə olaraq nümayiş etdirilir.
Tədbirin sonunda qonaqlar furşetə dəvət edildilər.
S.Bəhlulzadənin çoxşaxəli yaradıcılığının az tədqiq olunan səhifələrindən biri gənclik dövründə çəkdiyi karikaturalarıdır. Karikaturalarda sovet dövründə Azərbaycanın təhsil, səhiyyə, nəqliyyat və başqa sahələrində mövcud olmuş nöqsanlar, dövlət planının vaxtında yerinə yetirilməməsi, hansısa müəsissə rəhbərinin işinə səhlənkar yanaşması, məmur özbaşınalığı, vəzifədən sui-istifadə etmək, məsuliyyətsizlik və başqa mənfiliklər əks olunurdu. “Ay kadro hazırlayırlar ha”, “Görəsən sabah nə iş görəcəyik”, “Görüm tələbə gəlirmi?”, “Müəllimlər üzərində “rəhbərlik” edir” və s. karikaturalarda sovet dövrünün çatışmazlıqları və qüsurları satirik formada ifşa olunur. Səttar Bəhlulzadənin qəzetdəki fəaliyyəti uzun sürməsə də bu illərə aid ilk rəsmlərində müxtəlif ictimai tipləri psixoloji dəqiqliklə təsvir etməyə, onların səciyyəvi cəhətlərini bacarıqla açmağa nail olmuşdur.