Elgün Gəncimsoy: - Ağdam rayonunda suvarma suyuna olan təlabat ödənilirmi?

Elgün Gəncimsoy: Ağdam rayonunda suvarma suyuna olan təlabat ödənilirmi?

Bölgələrdə əkinçilik mövsümünün başlaması kəndliləri əkin sahələrində iş başına toplayıb. Artıq dənli və yem bitkilərinin səpini çoxdan başa çatsa da, bəzi tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin səpininə hazırlıq işləri aparılır. Ağdamlı əkinçilərin dediklərinə görə, məhsuldarlığın bol olmasında rolu olan bir çox amillər var ki, bunlardan da ən başlıcası suvarma suyunun bol olmasıdır. Rayon ərazisindəki əkin sahələri əsasən artezian quyuları, kəhrizlər və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış su nasoslarından əldə edilən sular vasitəsi ilə suvarılır. Ancaq əkin sahələrinin yerləşdiyi ərazilərdən asılı olaraq, suvarmada ən böyük yük artezian quyularının üzərinə düşür. Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin etmək məqsədi ilə təkcə ötən il 20 ədəd artezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda isə 9 artezian quyusunun istifadəyə hazırlanması istiqamətində işlər aparılır.

Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə AZpress.AZ-a bildirib: “Hazırda rayon ərazisində 794 artezian quyusu fəaliyyət göstərir. 35 min 300 hektar ərazinin suvarılmasında kəhrizlər və nasoslardanda istifadə olunur. Lakin suvarılan torpaqların böyük əksəriyyəti yerləşdiyi ərazilərdən asılı olaraq artezianlarla suvarılır. Bu isə işin məsuliyyətini bir qədər artırır. Çünkü bəzi hallarda artezianlarda texniki nasazlıqlar əmələ gəlir. İdarə olaraq əlimizdə olan bütün imkanlardan maksimum dərəcədə istifadə edir ki, əhalinin suvarma suyuna olan təlabatını tam ödəyə bilək...”

H.Əzimzadə bölgə müxbirimizlə söhbət zamanı 2016-cı il ərzində 13984 hektar taxıl sahəsinin suvarılmasının həyata keçirlidiyini bildirib. Bundan başqa rayonda ümumilikdə şəkər çuğunduru və pambıq məhsulu əkiləcək 600 hektardan çox ərazilərin arat suyu ilə təmin edildiyini deyib.

 

Elgün Gəncimsoy, Ağdam
AZpress.AZ


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !