Azər Həsrət: - Nə etməli? Sadəcə təkliflər

Azər Həsrət: Nə etməli? Sadəcə təkliflər

Böhran. Dünyanın hər tərəfində, o cümlədən bizdə. Düzdür, bir çox sahələrdə kəskin şəkildə hiss etməsək də onun olduğunu dana da bilmərik. Var. Sadəcə olaraq 1990-cı illərdəki kimi kəskin şəkildə deyil. Hər halda ərzağı talonla almırıq. Qiymətlərdə artım olsa da dükan-bazarda bolluqdur. Bu gün üçün də, sabah üçün də istənilən qədər ərzaq da, başqa istehlak malları da almaq olar. Bununla belə böhran artıq Azərbaycana da gəlib çatıb və ondan ən az zərərlə çıxmağın yollarını axtarmaqda haqlıyıq.

Böhrandan çıxmaq üçün dövlət üzərinə düşəni etməyi çalışır. Özəlliklə də Prezident İlham Əliyev yeni uyğulamalarla bu böhranın daha dəhşətli sonuclarının qarşısını almış kimi görünür. Qısa müddətdə tətbiq etdiyi bir sıra çevik islahatlarla o, ölkəni tam da böhranın dəhşətli mərhələsindən xilas etmiş kimi görünür.

Lakin bu o demək deyil ki, hər şey arxadadır. Əksinə, irəlidə bizi hələ daha ciddi çətinliklər gözləyə bilər. Təbii ki, cənab Prezidentin islahatları yarı yolda buraxılarsa. Buraxılmaması lazım. Yəni onun cızdığı yol xəritəsinə doğru-dürüst əməl edilərsə, çox qısa müddətdə Azərbaycan ən azı iki il öncəki sabitliyinə geri dönə bilər.

Amma burada da bir əngəl görünməkdədir. Məmurlar! Bəli, bir çox məmurlar deyəsən hələ də durumun ciddiyyətinin fərqində deyil. Olmadıqlarından da islahatların normal şəkildə həyata keçirilməsinə əngəl törətməklə xalq arasında narazılıqların artmasına səbəb verirlər. Lakin xalqın Prezidentə olan inamı hələlik durumu idarə etməyə imkan verir.

Bu yaxınlarda kənd rayonlarından birində siyasətdən uzaq bir kəndlinin dediyi sözlər də bunu təsdiq edir. Adam sakitcə mənə dedi ki, “vallah, Prezidentə güvənməsəydik çoxdan ayağa qalxıb bu məmurlara yerini göstərərdik”. Elə belə də dedi.

Yəni demək istədiyim odur ki, ölkə Prezidentinin yorulmadan çalışması, vəziyyəti xilas etmək üçün atdığı addımlar göz önündədir, xalq tərəfindən qəbul edilir və insanlarda inam yaradır. Bu da əsassız deyil. Çünki dolların dünya bazarında, o cümlədən Azərbaycanda qiymətinin kəskin yüksəlməsindən sonra Prezident İlham Əliyevin şəxsən gördüyü təcili tədbirlər əhalinin aztəminatlı kəsiminin ciddi problemlərlə qarşılaşmasının önünü aldı. Ona görə də böyük çoxluq Prezidentə güvənməkdə səhv etmədiyinə əmindir.

Bununla belə, Prezidentə olan bu güvəni sarsıtmağa çalışanlar da az deyil. Təbii ki, müxalifətdə olanlar öndə gedir. Başa düşüləndir. Çünki dünyanın hər yerində belədir. Siyasi rəqiblər bir-birilərini böhranlı, çətin durumlarda daha çox vurmaq istərlər ki, bəlkə nəsə alına. Amma Azərbaycanda hətta bu da alınan deyil. Dediyimiz kimi, böhran anında belə xalqın Prezidentə güvəni yerindədir.

Müxalif kəsimin həmlələrinin bir işə yaramayacağı öz yerində, amma elə bir kəsim də var ki, onların Prezidentə də, onun hakimiyyətinə də edəcəyi pisliyi heç kim edə bilməz. Əslində, etməkdə olduqları. Bunlar məmur kəsimidir. Əhalini ən çox narazı salan da onlardır.

Prezidentin bütün fərman və sərəncamları qeyd-şərtsiz yerinə yetirilməli, insanların rifah halının yüksəldilməsi üçün hər şey edilməlidir. Amma bəzən (bir çox hallarda da demək olar) görürük ki, məmurlar Prezidenti hətta aldatmaqdan belə çəkinmirlər. Yalan rəqəmlər, yalnız göz önündəki təmir-bərpa işləri, bürokratiya, rüşvətxorluq hələ də yığışdırılmayıb.

Vətəndaşlar hələ də incidilir. Kəndli zülmlə yetişdirdiyi məhsulu sonda sata bilmir. Buna da əsəbləşir, qəzəbini sadəcə hansısa məmura deyil, ümumilikdə hakimiyyətə qarşı çevirir. Bundan isə hakimiyyətin pusquda durmuş əleyhdarları ustalıqla istifadə edir. Səbəb kimdir? Prezidentin komandasında olan məmurlar. Ona görə də belə məmurlardan birdəfəlik yaxa qurtarmağın zamanı çatıb.

Cənab Prezidentə yol göstərmək, ağıl vermək, əlbəttə ki, bizə düşməz. Amma baş verənlərə biganə olmayan ictimai fəal kimi bəzi müşahidə və təkliflərimizi dilə gətirməyin faydalı olacağını da düşünməyə bilmərik.

Böhranın dərinləşməsinin dayandırılmasının, qaldığımız yerdən hərəkət edərək ən qısa zamanda problemləri həll etməyin tək yolu kadrlardır. Hansı məmurun yerində olub-olmamasıyla bağlı ad çəkmək də bizə düşməz. Amma yeni kadrların işə cəlb edilməsi, təcrübəsi və dünyagörüşü yüksək olan fəallardan da istifadə etməkdə yarar var bizcə.

Təbii ki, iqtisadi və maliyyə böhranından söhbət gedirsə, bu sahəyə daha artıq diqqət ayırmaq yerinə düşür. Elə cənab Prezident də bu yöndə çalışır. Belə bir durumda yaxşı olmazmı ki, həm xalq arasında müsbət qarşılanan, həm də doğrudan bu məsələlərin həllində ağlabatan açıqlamaları, təhlilləri, proqnozları olan şəxslər irəli çəkilsin?

Örnək üçün, hər kəsin müsbət yanaşdığı və sırf iqtisadiyyatla məşğul olan deputatlar Əli Məsimli, Vahid Əhmədov niyə daha fəal şəkildə bu prosesə cəlb edilməsin? Eyni zamanda özünün savadı, təcrübəsi və dünyagörüşüylə doğrudan da parlaq bir fəal olan Vüqar Bayramlını proseslərə qoşmaq olar. Bu adamın başçılıq etdiyi QHT artıq neçənci dəfədir ki, Güney Qafqaz və Orta Asiya bölgəsinin ən diqqətçəkən fikir mərkəzi kimi tanınır. Üstəlik, şəxsən özü bir neçə xarici dil bilir, xaricdə də təhsil alıb. Yəni bugünlərdə mətbuatda haqqında danışılan – 42 yaşında Bakıda mövcud olmayan hansısa Naxçıvan universitetini bitirdiyi iddia edilən məmurdan Əli Məsimli də, Vahid Əhmədov da, Vüqar Bayramlı da qat-qat artıq iş görə bilər axı. Bu şəxslərin hər üçü ictimai fəaliyyət, siyasət, beynəlxalq əlaqələr sahəsində yetərincə təcrübəlidir. Niyə onların potensialından millətin faydası üçün istifadə edilməsin? Həm də özüm kimi əminəm ki, bu adamların hər biri Prezidentə sadiqdir və heç vaxt onu bəzi məmurlar kimi aldatmağa cəhd etməyəcəklər.

Yaxud da Azərbaycanın ciddi kadr qıtlığı yaşadığı xarici siyasət və strateji araşdırmalar sahəsində niyə Elxan Şahinoğlu kimi hazır kadrdan istifadə edilməsin? Bu şəxs də öz imkanları hesabına təcrübə qazanmış, özünü yetişdirmiş, dövlətə və Vətənə hər zaman sədaqətini qorumuş potensiallı hazır kadrdır.

Bu adı keçənləri neçə illərdir müşahidə edirəm. Adamların proqnozları, təhlilləri, təklif etdikləri çıxış yolları özünü doğruldur, ağlabatandır və siyasi oyunbazlıqdan da uzaqdırlar. Məhz belə kadrlar indi düşdüyümüz vəziyyətin tez bir zamanda aradan qaldırılmasında cənab Prezidentə ən yaxşı yardımçı ola bilərlər.

Bu arada belə adların sırasını artıra da bilərdim. Amma sadəcə bir neçə örnək verməklə demək istədim ki, “hər şeyi kadrlar həll edir”. Kadrlar yerində olmadıqca bizim işlərimiz daha da çətinləşəcək. O üzdən özünü yetişdirmiş, oyunbazlıqdan və yalandan uzaq fəalların da proseslərə cəlb edilməsinin faydalı olacağı şübhəsizdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !