Füzulidə 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzulidə 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin müavini, millət vəkili Bahar Muradova, Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev, Şura üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, sahibkarlar, QHT-lər və KİV nümayəndələri iştirak edib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edib, 2015-ci ilin bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yadda qaldığını vurğulayıb.
Qeyd etmişdir ki, yola saldığımız 2015-ci il bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olmuş, əhalimizin həyat səviyyəsi yüksəlmiş, uğurlarımız artmışdır. 2015-ci ildə Füzuli rayonunda bütün sahələrdə inkişaf, tərəqqi əldə edilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Bütün bunlar isə Prezident cənab İlham Əliyevin Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğının ifadəsi kimi olduqca qiymətlidir.

Alı Alıyev rayonun 2015-ci il üçün iqtisadi göstəriciləri barədə geniş məlumat verərək, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs etmiş, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb edib.

Sonra Alı Alıyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında və yanvarın 26-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn məsələlər barədə danışıb, tapşırıqların icrası istiqamətində rayonda görülən işlər və qarşıda duran vəzifələrdən bəhs edib. Bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Odur ki, bütün qüvvələr bu istiqamətdə səfərbər edilməli, kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev və Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova çıxış etmiş, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən qaldırılan məsələlər, onların həlli yolları barədə məlumat veriblər.
Xidmət təşkilatlarının 2015-ci il üçün fəaliyyətlərinə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb. Müzakirələr zamanı Füzuli rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsini təmin etmək məqsədilə rayonda sənaye məhəllələrinin, iri taxılçılıq təsərrüfatlarının yaradılması, banklar tərəfindən yerli əmlakın girov kimi qəbul edilməsi, Horadizdə Asan Xidmət Mərkəzinin açılması təklif olunub.

Sonda hesabat yığıncağının Qərarı oxunmuş, yığıncaq iştirakçıları adından ölkə rəhbərinə müraciət qəbul olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !