Milli Məclis sədrinin müavini Bahar Muradova Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşüb - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Milli Məclis sədrinin müavini Bahar Muradova Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşüb FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Milli Məclisin sədr müavini Bahar Muradova Horadiz şəhərində Füzuli rayon ictimaiyyəti ilə görüş keçirib.
Muğam Mərkəzində keçirilən görüşdə rayon ictimayyətinin nümayəndələri yerli sahibkarlar və Füzuli sakinləri iştirak edib. Görüşdə ölkə başçısı tərəfindən ötən ilin yekunları və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına həsr olunan son müşavirələrdə verilən tapşırıqlar, 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Füzuli İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Odur ki, bu istiqamətində bütün qüvvələr səfərbər edilməli, kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır. Qarşıda duran digər vəzi isə rayon ərazisində sənaye parkının yaradılmasıdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova Prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədinin problemləri öyrənib həllinə nail olmaq olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti son müşavirədə ilk növbədə atılacaq addımların qanunverici əsaslarının yaradılmasının vacibliyini vurğulayıb. Bu məqsədlə yeni dövrün islahatlarını aparmaq üçün paket hazırlanıb Milli Məclisə təqdim edilib. Bunlar investisiyaların təşkilini, kənd təsərrüfatının inkişafını, iqtisadi proseslərin həyata keçirilməsinə maneəçilik törədən bəzi müdaxilələrin aradan qaldırılmasını, vergi orqanlarının işində bəzi dəyişikliklərin edilməsini, sahibkarların azad şəkildə fəaliyyət göstərməsini tənzimləyən qanunvericilik dəyişiklikləridir.

Milli Məclis sədrinin müavini rayon iqtisadiyyatının inkişaf etdirilməsi, ərzaq məhsullarına tələbatın ödənilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə də toxunub. Bildirib ki, kənd təsərrüfatı və sahibkarlıq daha da inkişaf etdirilməli, torpaqlardan səmərəli istifadə edilməli, sahibkarlar regiona cəlb edilməli, iri təsərrüfatlar yaradılmalıdır.

Bahar Muradova ictimaiyyət nümayəndələrindən, sahibkarlardan rayonun inkişafı üçün təkliflər vermələrini, mövcud olan bəzi problemlərin həlli yollarının müzakirəsində fəal olmağa çağırıb.

Tədbirdə çıxış edən “Kraun KO 1” MMC-nin direktoru Elvüsal Mahmudov bildirib ki, taxıl və toxum istehsalı sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə 2015-ci ildə Füzuli rayonu ərazisində 11 min 789 hektarda “Kraun KO 1” MMC yaradılıb. 10 min hektar sahədə şum işləri aparılaraq toxumluq taxıl sortları əkilib. 2015-2016-cı il taxıl istehsalı dövründə əksəriyyəti məcburi köçkünlər olmaqla 400 nəfərə yaxın insan işlə təmin olunub.

Sahibkar istehsal olunan buğdanın toplanması üçün anbarların, inzibati binaların və kommunikasiyaların quraşdırılması üçün müvafiq orqanlardan rəy alınmasına köməklik göstərilməsini istəyib.

Digər sahibkar Aydın Hüseynov 5 min tonluq meyvə-tərəvəz anbarının inşa edildiyini, toxumçuluq və tərəvəzçiliklə məşğul olduğunu diqqətə çatdırıb. Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin tərəvəz məhsullarının becərilməsi üçün texnika və avadanlıqlarla təmin edilməsini və bölgələrdə kənd təsərrüfatı məhsullarının tədarükü müəssisələrinin yaradılmasını təklif edib.

Görüşdə digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, rayonda un dəyirmanının tikintisi, pambıqçılığın inkişafı, qum-çınqıl istehsal edən müəssisənin yaradılması ilə bağlı təkliflər irəli sürüblər.

Milli Məclis sədrinin müavini Bahar Muradova görüşdə səsləndirilən müraciət və təkliflərinin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !