Ağdaşda 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən sərbəst güləş və şahmat yarışları başa çatıb - FOTO

Ağdaşda 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən sərbəst güləş və şahmat yarışları başa çatıb FOTO

Ağdaşda 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən idman yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağdaş Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə turnirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək, 20 Yanvar hadisələri zamanı düşmən gülləsinə tuş gələn qəhrəman güləşçi, ağdaşlıların sevimlisi Müşfiq İsayev barədə yeniyetmə və gənc idmançılara ətraflı məlumat verib. Bildirib ki, 26 il əvvəl Qanlı Yanvar hadisələrində şəhid olanlar arasında məşhur idmançı, ağdaşlı Müşfiq İsayev də olub. Ağdaşlılar milli azadlıq hərəkatının gənc fəallarından olan mərhum idmançını xatırlamağı özlərinə borc bilirlər. O, Vətənini, xalqını ürəkdən sevən biri kimi tanınıb. Müşfiq İsayev tanınmış güləşçi, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin kiçik qardaşıdır.

Çıxışdan sonra yarışlara start verilib. Sərbəst güləş üzrə turnirdə Ağdaş və Zərdab idmançıları iştirak edib. Ümumilikdə 100-ə yaxın güləşçi 10 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıb. Yarışda Nurlan Zülfüqarov (20 kq), Tural Məhərrəmov (23 kq), Elmir Almirzəyev (26 kq), Rüfət Həbizadə (29 kq), Rəsul Rzayev (32 kq), Toğrul Məhərrəmov (35 kq), Ruslan Zamanov (38 kq), Tural Əzizov (42 kq), Bülbül Hüseyinli (46 kq), İlkin Şükürov (50 kq), Məhəmməd Mustafayev (60 kq) birinci yeri tutublar. İlk üç yeri tutan idmançılara rayon gənclər və idman idarəsinin diplom və medalları təqdim olunub.

Ağdaş rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 6-8, 10-14 və 16 yaşlı qızlar və oğlanlar arasında M.İsayevin xatirəsinə həsr olunan şahmat üzrə Ağdaş rayon birinciliyi də başa çatıb. Heydər Əliyev Mərkəzində keçirilən yarışda 70 şahmatçı iştirak edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !