Musa Yaqub: - XALQIM

Musa Yaqub: XALQIM

XALQIM


Məhəbbətə yer olanda,
Qüdrətlidir bir olanda
Bu imanlı, dinli xalqım.


Düşüb yadlar hiyləsinə
Yad qardaşlar gülləsinə
Ay sinəsi enli, xalqım.


Toxuduğu bütöv xalça,
Öz içində parça-parça,
Həm şiəli, sünni xalqım.


Xəşil kimi daşar birdən,
Sonra qalxa bilməz yerdən
Tez soyuyur cinli xalqım.


Qurtarmaz öz davasından"
Mənəm", "mənəm" havasından
Böyükləri kinli xalqım.


Sabir demiş az yaşından,
Xərac alar yardaşından
Badalağı milli xalqım.


Öz-özynə badalağı,
Qalxdı düşmən tozanağı
Qaldı gözü küllü xalqım.


İnsanlığın söz qaynağı,
Kövrələndə gül yarpağı
Havada üç telli xalqım.


Qurd olmadı bu qurd olan,
Öz şahına manqurt olan,
Dikəl, əyribelli xalqım.


Ömür tab et, zaman sına…
Nə vaxt düşər məcrasına,
Bu milyonlu, minli xalqım. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !