Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin Bəyanatı -

Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin Bəyanatı

Biz, Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi bildiririk ki,
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən 26 il ötməsinə baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğını heç bir zaman unutmayacağıq. Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq öz haqqını tələb edirdi. Azərbaycan xalqının qəhrəman oğul və qızları bir nəfər kimi öz etiraz səsini qaldıraraq dinc vasitələrlə hüquqlarının qorunmasını istəyirdilər. Ancaq Sovet rəhbərliyinin birbaşa göstərişi ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu. Belə ki, Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi. Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər də var idi.
Sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakı şəhərində törətdikləri bu qanlı faciə bəşəriyyətin bütün mütərəqqi xalqları tərəfindən də anılır və bu kimi halların bir daha təkrarlanmamasını istəyirlər.
Bəli, artıq 26 ildir ki, dünya, o cümlədən də İran xalqı qanlı 20 Yanvar faciəsini Azərbaycan xalqının Ümumxalq hüzn günü kimi qeyd edir. Biz bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən konfranslar, sərgilər təşkil etməklə Azərbaycana həmdərd olduğumuzu nümayiş etdiririk. Biz, iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq 20 Yanvar faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ bütün cinayətləri pisləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !