Azərbaycan Xalça Muzeyində Unudulmayan tarix adlı tədbir keçirilib - FOTO

Azərbaycan Xalça Muzeyində “Unudulmayan tarix” adlı tədbir keçirilib FOTO

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Unudulmayan tarix” adlı anım mərasimi keçirilib. Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb: “O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu, xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən Heydər Əliyevin haqq səsi və dəyişməz mövqeyi oldu. Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi”.
Toplantıda Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəhbəri Azər Abdullayev, muzeyin kütləvi iş şöbəsinin rəhbəri Aygün Abbasova və AXM- nin mətbuat katibi Fuad Rəsul çıxış edərək, qanları ilə qəhrəmanlıq tariximizə parlaq səhifələr yazan, şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsi xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildiriblər.
Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Yanvarın 20- ci günü ” adlı kompozisiya nümayiş olunub.

Sonra Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı rəsm sərgisinin nümayişi, Uşaq Teatrının istedadlı dərnək üzvlərinin ifasında tamaşa kompozisiya, 162 nömrəli orta məktəb şagirdinin ifasında 20 Yanvar hadisəsinə aid bədii qiraət, həmçinin H.Sarabski adına 7 nömrəli Uşaq Musiqili məktəb şagirdlərinin çıxışları təqdim olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !