Qafqaz Universitetində xalqımızın yaşadığı tarixi faciələr və 20 Yanvar hüzn gününə həsr olunmuş elmi- praktiki seminar keçirilib -

Qafqaz Universitetində xalqımızın yaşadığı tarixi faciələr və “ 20 Yanvar “ hüzn gününə həsr olunmuş elmi- praktiki seminar keçirilib

Seminarda universitetin kollektivi ilə yanaşı Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, millət vəkili, İqtisad Universitetinin professoru Xanhüseyn Kazımlı da iştirak edib.
Çıxış edənlər tarixən xalqımızın başına gətirilmiş faciələrdən danışıblar : “20 Yanvar hadisələrindən 26 il keçməsinə baxmayaraq Azərbaycanın mənəvi yarası hələ də sağalmayıb. Çünki bu sadəcə orada şəhid olanların deyil, bütün insanlığın qətl edilməsidir, bütün insanlığın faciəsidir. Silahsız, əliyalın insanların üzərinə tanklarla, silahlarla hücüm edilməsi heç bir insanlığa sığmır.Onlar bildiriblər ki, “20 Yanvar “ xalqımızın tarixində qəhrəmanlıq səlnaməsi kimi xatırlanmalıdır.
Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, “İşçi Qrupu”nun rəhbəri, millət vəkili, İqtisad Universitetinin professoru Xanhüseyn Kazımlı "Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirməsi üzrə tətbiq olunan metodologiya"sı mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, beynəlxalq tədbirlərdə “Münaqişə, müharibə və terror nəticəsində itki və tələfatların dəyərinin hesablanması üzrə vahid metodologiyanın Azərbaycan tərəfindən hazırlanması təklif olunub. Əldə olunan razılaşmalara əsasən, qurum üzvlərinin irəli sürdükləri “əlavə və dəyişikliklər nəzərə alınmaqla həmin metodologiyanı əks etdirən “standart” qəbul edilib. “İşçi Qrupu” öz fəaliyyətində mövcud qiymətləndirmə təcrübəsinə və standartlarına, eləcə də xarici ölkələrdən dəvət olunan ekspertlərin rəylərinə istinad edərək yekun nəticəyə gəlib. Professor Xanhüseyn Kazımlı qiymətləndirmənin aparılmasında gənclərin ideyalarından yararlanmağın əhəmiyyətini də vurğulayıb.
Professor Niftalı Qocayev və professor Cihan Bulud itki və tələfatların qiymətləndirilməsi ilə əlaqəli onları maraqlandıran sual və təkliflərini səsləndiriblər. Professor Minə xanım Təkləli çıxışında sovet dövründə Azərbaycanda yer adlarının dəyişdirilməsindən danışıb. O qeyd edib ki, bu məslələyə indiki dövrdə də diqqətli olmalıyıq.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxış edərək bildirib ki, universitetdə Qarabağ Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz xalqımızın məruz qaldığı faciələri araşdırır və xüsusən ingilis dilində xarici ölkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Millət Vəkili professor Xanhüseyn Kazımlının çıxışına münasibət bildirən rektor bu kimi tarixi sənədlərin vaxtında hazırlanmasını təqdirəlayiq fəaliyyət kimi qimətləndirib. Bu işdə Qafqaz Universiteti əməkdaşlarının da üzərlərinə düşəni məqsədyönlü şəkildə yerinə yetirməyə hazır olduqlarını vurğulayıb.
Tədbir iştirakçıları ali təhsil müəsisələrində bu mövzuda tələbələrin iştirakı ilə konfransın keçirilməsini zəruri hesab edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !