AQRAR UNİVERSİTETDƏ "20 YANVAR" FACİƏSİ QEYD EDİLİB - FOTO

AQRAR UNİVERSİTETDƏ "20 YANVAR" FACİƏSİ QEYD EDİLİB FOTO

Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 26 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bu gün də yaddaşlarda yaşayır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, “20 yanvar” faciəsinin baş vermə səbələri, azadlıq və müstəqillik yollarında göstərilən qətiyyət və mübarizlik ruhu təhsil müəssisəsinin kollektivində geniş müzakirə edilib, şəhidlərin ruhuna hörmət və ehtiram göstərilib. ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov yığıncaqda deyib ki, Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərə səbəb oldu. Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-nə gedən yol Qarabağdakı erməni təcavüzündən keçirdi və əslində bu işğalçı siyasətin tərkib hissəsi idi. Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər gördü, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçən erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etdi. O dövrdə xalqı meydanlara səsləyənlər qaçıb gizlənəndə xalqın ağır günündə imperiyanın heç bir güc mexanizmindən qorxmayan Ulu öndər Heydər Əliyev ailəsi ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və etiraz səsini yüksəltdi, bu ədalətsizliyi qətiyyətlə pislədi.
Çıxışlarda isə vurğulandı ki, artıq yanvarın 20-də 131 insan öldürülmüşdü. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4 nəfər itkin düşmüşdür. 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda-Neftçala və Lənkəranda 26 nəfər öldürülmüşdü.
Sonda universitetin tələbələrinin hazırladığı ədəbi kompozisiya nümayiş etdirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !