"Polşada "20 Yanvar"la əlaqəli elmi seminar keçirildi" -

"Polşada "20 Yanvar"la əlaqəli elmi seminar keçirildi"

Yanvar ayının 15-də Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzi və Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən Vistula Universitetində “20 Yanvar” faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir.
Yanvar ayının 15-də Qafqaz Universiteti Sosial Və Humanitar Elmlər Institutu (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzi və Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən Vistula Universitetində “20 Yanvar” faciəsinin 26-cı ildönümünə həsr edilmiş “Dağlıq Qarabağın tarixinə ümumi baxış və Azərbaycanın mövqeyi” adlı tədbir təşkil edilmişdir. Tədbirdə Vistula Universitetinin akademik heyəti, Polşa Respublikasında fəaliyyət göstərən bir çox tədqiqat mərkəzləri nümayəndələri, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin müşaviri, Azərbaycan Respublikasının Polşadakı Diaspora təşkilatının nümayəndəsi və Vistula Universitetinin tələbələri iştirak ediblər.
Tədbirdə açılış nitqini söyləyən Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitunun direktoru Prof. Dr. Longin Pastusiak 1988-1994-cü illər arasında davam edən Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında ən qanlı münaqişələrdən biri olduğunu vurğulamış, münaqişə nəticəsində təxminən 30.000 insanın həyatını itirdiyini, 1 milyondan çox azərbaycanlının qaçqın və köçkün düşdüyünü və Azərbaycan Respublikasının 20 faiz ərazisinin ermənilər tərəfindən işğal olunduğunu qeyd etmişdir. Açılış nitqindən sonra söz Qafqaz Universitetinin əməkdaşı Sənnur Əliyevə verilmişdir. Öz çıxışı zamanı “20 Yanvar” faciəsinin postsovet məkanında Sovet rəhbərliyi tərəfindən törədilən ən qanlı terror hadisələrindən biri olduğunu vurğulayan Sənnur Əliyev bu faciənin Azərbaycanın istiqlaliyyəti yolunda bir dönüş nöqtəsi olduğunu söyləmişdir.
Sənnur Əliyevdən sonra söz Qafqaz Universiteti Sosial Və Humanitar Elmlər İnstitutu (QUSHEİ)-nin elmi işçisi, Almaniyanın Leipzig Universitetinin doktorantı və eyni zamanda QUSHEİ-in Almaniya təmsilçisi Şamxal Əbilova verilmişdir. Çıxışının giriş hissəsində “20 Yanvar” faciəsi ilə Dağlıq Qarabağ arasındakı əlaqəyə toxunan Şamxal Əbilov, daha sonra Çar Rusiyası zamanı ermənilərin İran və Osmanlı imperialarının ərazisindən Qarabağ bölgəsinə köçürülməsindən danışmış, ermənilərin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olmamış və RK(b)P Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Stalin tərəfindən qanunsuz olaraq Azərbaycana verilmişdir” yalan iddialarının əksinə olaraq Azərbaycan Demokratik Respublikası (1918-1920) zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması faktlarına toxunmuş və RK(b)P Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Qarabağın Azərbaycana qanunsuz olaraq verilmədiyini və bu qərarın daha əvvəl mövcud olmuş reallığı təsdiqləyərək Qarabağın Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət olaraq saxlanılması istiqamətində olduğunu vurğulamışdır. Çıxışının sonunda Şamxal Əbilov tədbir iştirakçılarının diqqətini “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa çəkərək bu qanunun ermənilər tərəfindən Dağlıq Qarabağın Azərbaycan Respublikasından ayrılması istiqamətində hüquqi baza kimi istifadə edilməsinin həm Sovet Konstitusiyası həm də həmin qanunun özü ilə ziddiyyət təşkil etdiyini vurğulamışdır.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxış iştirakçıların rəy və suallarından ibarət müzakirələrlə davam etmiş və sonda Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi tərəfindən “20 Yanvar” faciəsi haqqında polyak dilində hazırlanmış bukletlər və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar tədbir iştirakçılarına təqdim edilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !