Ruslan Mollayev: - Qərənfil

Ruslan Mollayev: Qərənfil

Qərənfil

 

Soyuq diyarlardan alovlu şəhər
Qarşıladı məni qərənfillərlə.
Uşaqdım, bilmirdim nələr baş verir,
Sərdilər VƏTƏNİ qərənfillərlə.

 

İlk kəs dəniz gördüm, gül şəhəridir?
Eyni geyimlilər, əldə dəmirlər,
Böyük oyuncaqlar, qatşıq oyunlar...
Niyə qaydaları mənə demirlər?!

 

Qəribə şəhərdir, budur Vətənim?
Çizgi filmlər yox, hamı ağlaşır.
Çörəkçün sıralar, qonşular qaçır,
Ucaldılmış sözlər, heykəllər aşır.

 

Zaman bir süzgəcdir, doldurur çəni.
O gün Vətənimin yara günüymüş.
Sülhün, zərifliyin, qırmızı rəngin,
Məhəbbət rəmzinin qara günüymüş.

 

Dəyişir dağ, sular, göylər dəyişir,
Qapılar dəyişir, zənglər dəyşilir.
Hisslər böyüdükcə insan dəyişir,
Sözlər dəyişdikcə rənglər dəyşilir…

 

Pəncərə önündə üzü Günəşə
Durub yarı qadın, yarı qərənfil.
Sərhədlər dəyişdi, ahəng dəyişdi,
Tanışlığa şadam, sarı qərənfil.

 

Ankara 2010 ci il

 

 

Payız

Bu səhər yağışdan sonra mərkəzi küçədə iki gənc bəstələdikləri mahnını elə ürəkdən ifa edirdilər ki, ətrafa yayılan səs-sədanın ahəngindən hər şey sehrlənmişdir. Kimi ayaq saxlayıb dinləyir, kimi binanın yuxarı mərtəbəsində pəncərəyə söykənərək çiyinlərini qucaqlayıb baxırdı.
Küçənin çıxışında - yerdə qərənfil var idi, yağış damcıları ləçəklərinin arasında jalə kimi dayanmışdı. O, sevgilisinə qərənfil bağışlamaq, yenidən o gülün dəyərini qaytarmaq istəmişdi...
Bir qədər sonra küçəyə sakitlik çökdü. Pəncərədən baxan adam gitara və klarnet futlyarına qoyulan pulları görmürdü və ona elə gəlirdi ki, insanlar musiqiçilərin qarşısında bir- bir təzim edib, keçib gedirlər...

 

17 oktyabr 2015 ci il

 

 

 

Vətən sağ olsun!

 

De: Dostu dincələrkən əldə silah yatmasın,
Səni VƏTƏN böyütdü, tozlar içrə batmasın.
Qaldır uca zirvəyə, düşman əli çatmasın,
Dalğalansın bayrağın, İGİD, İzin sağ olsun!

 

Canavar ürəkli ol, döyüş, xəlvətdə, üzdə,
Şərəfli bir yoldasan, dağda, dərədə, düzdə.
Öfkəli olma qəti, səbrlə canı gözlə,
Gözü yaşlın olmasın, başın, gözün sağ olsun.

 

Gözlə gördük, can çəkdi, çalış, VƏTƏN üçün çalış
Acısına, şirininə sevə-sevə yan, alış.
Dünəni unutmadan bu gün, sabah üçün barış,
Nələr olursa olsun, tək bir sözün: sağ olsun... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !