20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu mövzusunda tədbir keçirilib - FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov)

“20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov)

“20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda toplantı keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Azad Rəhimov, millət vəkilləri və başqa şəxslər iştirak edib.

A. Rəhimov çıxışında bildirib ki, Azərbaycan xalqı 20 Yanvar hadisələrini hər il kədərlə xatırlayır: “Hər il 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilir. 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədildi. Həmin gün qəhrəman vətən övladları şəhidlik zirvəsinə ucaldılar. Biz bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla azərbaycançılıq ideyasına sadiq olduğumuzu göstəririk”.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, 20 Yanvar Azərbaycan milli məfkurəsinin inkişaf yoludur: “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tapşırığına əsasən 20 Yanvar hadisələri hər il müxtəlif idarə və müəssisələrdə qeyd olunur. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Düşünürəm ki, gənclərimiz, gənclər təşkilatları 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsi üçün dünya ictimaiyyətinə müraciət etməli, bu sahədə fəaliyyətlərini daha da artırmalıdırlar”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, 20 Yanvar hadisələri vətənpərvərliyin ən böyük təcəssümüdür: “Bu yol azadlıq yolu idi. 20 Yanvar tarixdə qalacaq. Bu hadisə Azərbaycan xalqını birləşdirən, Azərbaycan xalqının nə qədər mübariz olduğunu bir daha sübut etdi. Qoy Azərbaycanın üzərindən bir də belə küləklər əsməsin, biz bir də belə qanlı hadisələri yaşamayaq”.

Digər çıxışçılar da 20 Yanvar hadisəsi ilə bağlı fikirlərini bölüşüblər.

 

Foto: Dilavər Nəcəfov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !