Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar-Qan yaddaşımızdır adlı tədbir keçirəcəkdir -

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “20 Yanvar-Qan yaddaşımızdır” adlı tədbir keçirəcəkdir

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış Sovet Ordusu heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna daxil olaraq, əliyalın dinc əhaliyə divan tutdu. Bu qətliamda 132 insan qətlə yetirildi. 700-dən artıq vətəndaş yaralandı. Həlak olanlar arasında uşaqlar, qadınlar, yaşlılar da vardı. Onlar milli azadlığımız, ölkəmizin müstəqilliyi uğrunda öz canlarından keçdilər. Bu hadisə xalqımızın çağdaş tarixinə qürur və şərəf mübarizəsi kimi daxil oldu. Bu gün bizi o qanlı yanvar hadisələrindən 26 illik bir zaman fasiləsi ayırır.Ötən illər ərzində Azərbaycan xalqı öz qəhrəman oğul və qızlarını, azadlığı uğrunda şəhid olmuş övladlarını unutmamış, 20 Yanvar hadisələrinə həsr olunmuş müxtəlif tədbirlər,anım gecələri ilə şəhidlərin xatirəsini anmışdır. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi də hər il olduğu kimi 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq 19 yanvar 2016-cı il tarixində, saat 14:00-da “20 Yanvar-Qan yaddaşımızdır” adlı tədbir keçirəcəkdir. Tədbirdə professor Məhəmməd Teymurlu və professor, yazıçı Vaqif Sultanlı qanlı şənbə hadisələrindən söhbət açacaq, faciə qurbanları haqqında xatirələrini danışacaqlar.“Aytam” Uşaqların və Gənclərin Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin ifasında musiqi kompozisiyası səslənəcək. Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti, 200 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri, bir sıra mətbuat nümayəndələri iştirak edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !