Vətən şəhidləri ilə ucalır adlı tədbir-sərgi təşkil olunmuşdur - FOTO

“Vətən şəhidləri ilə ucalır” adlı tədbir-sərgi təşkil olunmuşdur FOTO

2016-cı il yanvarın 15-də saat 12:00-da Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Vətən şəhidləri ilə ucalır” adlı tədbir-sərgi təşkil olunmuşdur.
Sərgidə Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş olundu.
20 Yanvar şəhidi İlham Allahverdiyevin şəxsi əşyaları qardaşı Elxan Allahverdiyev tərəfindən muzeyə təhvil verilib.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev, Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin direktoru Akif Süleymanov, 20 Yanvar faciəsinin şəhidi Fərizə Allahverdiyevanın anası Bağdaxanım çıxış etdi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya və 20 Yanvar faciəsinə həsr olunmuş filmlər tamaşaçılara nümayiş olundu.
Tədbirdə 20 Yanvar cəmiyyətinin, 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, P.Nəzərov adına 20 saylı orta məktəbin şagirdləri, Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələri, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !