Masallı rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı olaraq 20 Yanvar qan yaddaşımız mövzusunda dəyirmi masa keçirilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı olaraq “20 Yanvar qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

13 yanvar 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı olaraq “20 Yanvar qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Bu barədə AZpress.AZ - ın Masallı rayonunda yerləşən müxbiri xəbər vermişdir.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oqtay Ağayev tədbiri giriş sözü ilə açaraq, 20 Yanvar faciəsinin baş vermə səbəbləri ilə bağlı ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, qanlı yanvar tariximizin qan yaddaşı, şanlı səhifəsi, 20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq salnaməsidir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəısinin baş məsləhətçisi Emin Nüsrətov, Təhsil şöbəsinin metodisti Əyyar Burhanov,fəal gənclərdən Coşqun Fərzəliyev və başqaları çıxış edərək bildirdilər ki, bu faciə Azərbaycanın ərazi bütövlüyünün birbaşa pozulması cəhdidir. Həmin gün keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz etmək üçün küçələrə çıxmış əhaliyə qanlı divan tutuldu. Bu hadisədən sonra Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünə və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına inamını birdəfəlik itirdi.Vurğulandı ki, ulu öndərimizin faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi o dövrdə misli görünməmiş cəsarətli addım idi. Ümummilli lider Heydər Əliyev imperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirib, faciəni törədənlərin cəzalandırılmasını tələb edib. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini bir daha diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən faciə ilə əlaqədar olaraq hazırlanmış braşuralar paylanılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !