Bəxtiyar SADIQOV: - Nümunəyə çevrilən AZƏRBAYCAN

Bəxtiyar SADIQOV: Nümunəyə çevrilən AZƏRBAYCAN

 Bu, düşünülmüş, uzaqgörən, qətiyyətli və praqmatik siyasətin bəhrəsidir



“Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır”.


İlham ƏLİYEV



“Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir” - ulu öndər Heydər Əliyevin bu müdrik deyimi reallığı əks etdirərək zamanın sınağından çıxan mühüm tezisdir.
Həyatın təkzibolunmaz gerçəklikləri var - qurmaq, yaratmaq, inkişaf etdirmək uzaqgörənlik, zaman, enerji, yaradıcılıq, qətiyyət, hətta fədakarlıq tələb edən prosesdir. Doğrudur, Azərbaycanın müstəqilliyə gedən yolu asan olmadı, bu, 20 Yanvar qırğınından, meydan hərəkatından, xalqın etiraz aksiyalarından, sabitliyin pozulması nəticəsindən yaranan, xaos və anarxiyadan, ən nəhayət, torpaqların 20 faizinin itirilməsi və 20 min Vətən övladının şəhidliyindən keçdi. Bütün bu mürəkkəblik və çətinlik, ölkə iqtisadiyyatının dağılaraq böhrana düşməsi sonrakı quruculuq prosesinə də öz ağır təsirini göstərdi. Fövqəladə vəziyyətlərin, dövlət çevrilişi cəhdlərinin bir-birini əvəz etməsi, terror və sui-qəsd əməllərinin sıralanması dinc quruculuq işlərinin normal məcrada aparılmasına, islahatların zamanında gerçəkləşdirilməsinə ciddi maneələr yaratdı.
Xoşbəxtlikdən Tanrı Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət də bəxş etmişdi və xalq onun qədrini qədərincə bildiyindən ən ağır və çətin günündə yenidən ölkə rəhbərliyinə dəvət etdi, taleyini yenidən ona tapşırdı. Ulu öndər Heydər Əliyev zamanca qısa müddətdə heç kimin görə bilməyəcəyi işləri gerçəkliyə çevirdi. Azərbaycanda möhkəm və dönməz sabitlik yarandı, cəbhə bölgəsində atəşkəsə nail olundu, iki dövlət çevrilişi cəhdinin qarşısı alındı, “Əsrin müqaviləsi” neft kontraktı imzalandı, bazar iqtisadiyyatı münasibətlərinə keçidi təmin edən yeni Konstitusiya hazırlanaraq qəbul edildi, özəlləşdirmə proqramları yerinə yetirildi, torpaq islahatı, demokratik islahatlar həyata keçirildi, Azərbaycan ümummilli böhranın pəncəsindən qurtuldu. 
Ölkəni bir dövlət kimi məhvolma təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyev onu geniş inkişaf yoluna çıxardı.
XX əsrin sonlarında qazanılan dövlət müstəqilliyini Azərbaycan Xalq Cümhuriyyətinin faciəli taleyini təkrarlamasından xilas edən ulu öndər Heydər Əliyev yeni suveren dövlətin mövcudluğunun və inkişafının etibarlı təməlini də yaratdı. Xalq əziz rəhbərinə hörmət və ehtiram əlaməti olaraq onu “Heydər Əliyev siyasi kursu” adlandırdı. Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onu əvəz edəcək, bu kursu şərəflə davam etdirəcək layiqli siyasi varisin hazırlanması oldu.
Möhkəm və sağlam təməl üzərində qurulmuş müstəqil dövlət estafetini qəbul edərkən cənab İlham Əliyevin də üzərinə çox mürəkkəb və məsul vəzifələr düşürdü.
Müstəqilliyin itirilməsi təhlükəsi hələ tam sovuşmamışdı.
İqtisadiyyat zəif, xalqın güzəranı çətin idi. 
Qaçqın və məcburi köçkünlər ağır vəziyyətdə yaşayırdılar.
Ordu quruculuğundakı problemlər sonacan həllini tapmamışdı.
Azərbaycana tuşlanan mənfur niyyətlər, uzanan xəyanətkar əllər xain əməllərini gerçəkləşdirmək üçün fürsət gözləyirdilər. Onlar çox gözlətmədilər. Ulu öndərin müqəddəs vəsiyyətlərinə sadiq qalan Azərbaycan xalqının böyük dəstəyi ilə möhtərəm İlham Əliyevin ölkə prezidenti seçilməsinin növbəti günü bütün qüvvələrini toplayaraq hücuma keçdilər. Daxili xəyanətkarların və xarici düşmənlərin dəstək verdiyi bu qaragüruh uğur qazanacağına əmin idi. Ancaq möhkəm yanılmışdılar.
Artıq Azərbaycanda Heydər Əliyev siyasi kursunun böyük uğurla davam etdirildiyi, inkişafın növbəti dövrünə qədəm qoyulduğu yeni mərhələ başlanmışdı. Çox keçmədən ölkə vətəndaşları və bütün dünya bu mərhələnin nədən ibarət olduğunu və nələrə qadirliyini əyani şəkildə gördü!
Bəs həmin mərhələ - müstəqil Azərbaycanın İlham Əliyev dövrü nə kimi xarakterik cəhətlərə malikdir, inkişafın hansı hədəf və istiqamətlərinə köklənib? Bu barədə söhbət açmaq əslində, həm də cənab İlham Əliyevin çoxcəhətli, düşünülmüş, uzaqgörən və məqsədyönlü fəaliyyətindən danışmaqdır.
FƏALİYYƏTİNİN BÜTÜN MƏQAMLARINDA PREZİDENT İLHAM ƏLİYEVİN ƏN BÖYÜK ÖNƏM VERDİYİ MƏSƏLƏ MÜSTƏQİLLİYİN QORUNUB SAXLANILMASIDIR
Heç kəsə sirr deyil ki, bu gün dünyada Azərbaycanın müstəqil siyasət yeritməsini, suveren dövlət kimi yaşamasını həzm edə bilməyən dövlətlər və qurumlar mövcuddur. “5-ci kolon”un simasında ölkə daxilindən dəstək qazanmağa çalışan antiazərbaycançı şəbəkə daim insanları mövcud iqtidardan narazı salmağa, iğtişaşlar törətməyə can atır. Ən kiçik fürsəti belə əldən buraxmaq istəmir.



DAİM “NİŞANGAHDA” SAXLANILAN HƏDƏFLƏR

* SABİTLİYİN SAXLANILMASI CƏNAB İLHAM ƏLİYEVİN ƏN BÖYÜK DİQQƏT YETİRDİYİ MƏSƏLƏLƏRDƏNDİR
İlk dəfə olaraq 2003-cü ilin 15-16 oktyabrında bu sahədəki qətiyyət və bacarığını ortaya qoymuşdu. İlk sınaq aqressiv müxalifət üçün ibrət dərsi olsa da, onların qrantverənləri sayılan ağaları geri çəkilmək istəmirdilər. Vaxtaşırı mübarizənin forma və metodlarını dəyişirdilər. Ancaq unudurdular ki, Azərbaycanda sabitliyi qoruyub saxlayan başlıca amil xalqla iqtidarın möhkəm birliyidir.



* CƏNAB İLHAM ƏLİYEVİN İKİNCİ BÖYÜK HƏDƏFİ AZƏRBAYCANI GÜCLÜ VƏ NÜFUZLU DÖVLƏTƏ ÇEVİRMƏKDİR VƏ BU SAHƏDƏ ƏHƏMİYYƏTLİ ADDIMLAR ATILIB

Əvvəla, hər bir dövlətin gücü onun reallığa əsaslanan, əbədiyaşar ideyaya sahib olmasındadır. Biz ulu öndər Heydər Əliyevin ideyaları ilə silahlanmışıq! Dövləti gücləndirən digər mühüm amillər isə onun iqtisadi qüdrəti və siyasi nüfuzudur.
Tale Azərbaycan xalqına zəngin yeraltı və yerüstü sərvətlər verib. Yalnız onlardan düzgün və ağıllı istifadə etməklə məqsədə çatmaq mümkündür. 90-cı illərdə neft sənayesi böhran dövründən yaxa qurtaran ölkə iqtisadiyyatı üçün lokomotiv rolunu oynadı. Lakin cənab İlham Əliyev ilk günlərdən Azərbaycanın neftsiz dövrə hazırlanması yolunu tutdu. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzində saxlanıldı. Son 10-15 il ərzində qazanılan nailiyyətlər isə hamını heyran qoydu. Azərbaycan ÜDM istehsalı sahəsində dünya üzrə ən yüksək artım tempinə nail oldu, iqtisadiyyatı üç dəfədən də çox yüksəldi! Neft gəlirləri səmərəli xərcləndi, uzun illər və əsrlər boyu Azərbaycan xalqına xidmət edəcək çoxsaylı layihələrin gerçəkləşdirilməsinə sərf olundu. 
Qısa müddətdə Azərbaycan özünün enerji və nəqliyyat təhlükəsizliyini təmin etdi, ərzaq məhsullarına olan ehtiyacını da əsasən ödəyir. Ölkəmizin Avropanın qaz təchizatında yaxından iştirakı, transmilli layihələri gerçəkləşdirməsi, Cənubi Qafqazda ən güclü dövlətə və regionun söz sahibinə çevrilməsi onun beynəlxalq nüfuzunu da xeyli artırmışdır.



* AZƏRBAYCANIN DÜNYAYA SIX İNTEQRASİYASINDA cənab İlham Əliyevin xüsusi xidmətləri olmuşdur

Əvvəla, Azərbaycan dünyanın bir çox nüfuzlu qurumlarının - BMT, Avropa Şurası, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digərlərinin üzvüdür. Beynəlxalq konvensiyalara qoşulub, qanunları imzalayıb. Həmin qurumların tədbirlərində daim iştirak edir, mövqeyini qoruyur, müzakirə olunan məsələlərlə bağlı fikirlərini açıq şəkildə bildirir. Sonuncu dəfə hətta qardaş Türkiyənin dəstəyi ilə G20-nin toplantısına da qatıldı, Prezidentimiz orada maraqlı çıxış etdi.
Eyni zamanda, dünyanın əksər dövlətləri ilə ikitərəfli əlaqələr yaradılıb. Bu münasibətlər bütün sahələri əhatə etməklə qarşılıqlı hörmət və ehtirama, bərabərhüquqlu əməkdaşlığa, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanmaqla dövləti maraqların qorunmasına xidmət edir. Azərbaycanın dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır. Fond Azərbaycan xalqının mədəniyyətini, musiqisini, müxtəlif sənət sahələrindəki uğurlarını təbliğ etməklə yanaşı, bir sıra humanitar aksiyaların və layihələrin keçirilməsi ilə də məşğul olur.



* XALQIN RİFAHININ YÜKSƏLMƏSİ Prezident İlham Əliyevin fəaliyyətinin başlıca məqsədlərindən biridir

Dövlət başçısı prezidentliyinin birinci ilində bəyan etdiyi: “Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir və xoşbəxt yaşayacaqdır” - vədinə daim əməl etmiş və bu istiqamətdə müntəzəm, real addımlar atmışdır. Onun “Azərbaycan xalqının bir nömrəli xidmətçisi mənəm!” - sözləri isə ölkə vətəndaşları tərəfindən böyük məhəbbətlə qarşılanmışdır.
Ötən dövr ərzində xalqın güzəranının yaxşılaşdırılması sahəsində çoxsaylı və təsirli tədbirlər görülmüş, real nəticələrə nail olunmuşdur. Davamlı və sürətli inkişaf nəticəsində ölkədə işsizlik və yoxsulluq 49 faizdən 5 faiz səviyyəsinə endirilmiş, hər il dövlət tərəfindən əməkhaqları əhəmiyyətli dərəcədə artırılmışdır. Son on ildə adambaşına düşən ümumi daxili məhsul istehsalı iki dəfədən çox yüksələrək 6300 manat olmuş, orta aylıq əməkhaqqı isə 444,5 manata çatmışdır. 87 yeni xəstəxana, 1898 məktəb tikilmişdir. Bu gün mobil telefonu olmayan vətəndaşa rast gəlməzsən, əhalinin 75 faizi isə internet istifadəçisidir. Maraqlı bir fakt: Artıq ölkədə rifahın yüksəlişindən doğan problemlərin həlli ilə məşğul olmaq zorundayıq. Belə ki, fərdi avtomobillərin sayı o qədər artmışdır ki, nəinki ölkə paytaxtında, hətta bir sıra əyalət şəhərlərində və yollarda tıxaclar yarandığından sürətli hərəkət, avtomobillərin parklanması xeyli çətinləşmişdir.



* QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI iqtidarın ən çox diqqət yetirdiyi məsələlərdəndir

Dövlət başçısı seçildiyi ilk günlərdən cənab İlham Əliyevin irəli sürdüyü vəzifələrdən biri Azərbaycanın “neftsiz dövr”ə hazırlanması olmuşdur. Odur ki, ötən dövrdə neftdən gələn gəlirlərin bir hissəsi sistemli şəkildə kənd təsərrüfatının, xüsusən sahibkarlığın inkişafına yönəldilmişdir.
Cari ildə qeyri-neft sektorunda 6 faizdən çox artım gözlənilir. Bu nəticəyə nail olmaq üçün illər uzunu çoxcəhətli işlər görülmüş, möhkəm təməl yaradılmışdır. Əslində, sahə yenidən qurulmuşdur. Bir qədər geriyə baxaq:
Cənab İlham Əliyev prezident seçildiyi ilk günlərdə Azərbaycanın ən ucqar kəndində belə, hər evdə günün istənilən vaxtında elektrik lampalarının yanacağı barədə vəd vermişdir. İndi bu bəlkə də qəribə gəlir. Amma o dövrdə - 2000-ci ilin əvvəllərində nəinki kəndlərə, hətta rayon mərkəzlərinə sutka ərzində 6-12 saat elektrik enerjisi verilirdi. Belə bir vəziyyətdə nəinki biznes qurmaq, istehsalla məşğul olmaq, hətta normal yaşamaq, soyuduculardakı ərzaqı saxlamaq belə mümkün deyildi. Lakin elektrik enerjisi istehsalını artırmaq üçün zaman və vəsait tələb olunurdu! Unutmayaq ki, sovet dövründə Azərbaycan Rusiyadan elektrik enerjisi idxal edirdi. Bu gün isə artıq qonşu dövlətlərə elektrik enerjisi satırıq. Müstəqillik illərində ölkəmizdə 24 elekrtik stansiyası tikilmişdir. Hazırda bir saatda 6300 meqavat elektrik enerjisi istehsal edilir. Yaddan çıxarmayaq ki, subartezian quyuları və suvarma qurğuları da elektrik enerjisi ilə işləyir.
Kənd təsərrüfatının inkişafında suvarma suyunun bolluğu mühüm əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin hünəri sayəsində hətta sovet dövründə inşası mümkün olmayan iki mühüm obyekt - Taxtakörpü və Şəmkirçay su anbarları qısa müddətdə tikilib istifadəyə verilmişdir. Əsrlər boyu xalqımıza xidmət edəcək bu qurğular yüz min hektaradək yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mövcud sahələrin su təminatının isə əsaslı şəkildə yaxşılaşdırılması deməkdir. Tezliklə Tovuzçay su anbarı və elektrik stansiyasının da işə düşəcəyi gözlənilir.



* QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINA XİDMƏT EDƏN ƏN MÜHÜM AMİLLƏRDƏN BİRİ REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA DAİR 3 DÖVLƏT PROQRAMININ QƏBULU VƏ UĞURLA HƏYATA KEÇİRİLMƏSİDİR

Dövlət proqramları yalnız bölgələrdə tikinti-quruculuq və abadlıq işlərini vüsətləndirmədi, həm də xalqın yaşayış səviyyəsinin əsaslı şəkildə yüksəlməsini təmin etdi. Bir neçə rəqəmə nəzər salaq: Son on ildə 1.137 km avtomobil yolları, 6.680 km su xətləri, 34.604 km qaz xətti çəkilmişdir. Sahibkarlara 1 milyard 506 milyon manat güzəştli kreditlər verilmiş, 1 milyon 400 min yeni iş yeri açılmışdır. Turizm obyektlərinin sayı 2,2 dəfə artaraq 753-ə çatmışdır. 
Torpağı, suyu olan kəndlinin digər çətinliyi texnika sarıdan idi. Regionlarda yaradılan aqrolizinq xidməti bu problemi yoluna qoymuşdur. Hazır məhsulların saxlanılması üçün anbarlar və soyuducu qurğular tikilib istifadəyə verilmiş, kənd təsərrüfatı ilə məşğul olanlara bir sıra güzəştlər edilmişdir. Fermerlər cins mal-qara, sağlam və məhsuldar toxumlarla təmin edilir, onlara subsidiyalar ayrılır, ucuz qiymətə mineral gübrələr, yanacaq və sürtkü materialları satılır. Azərbaycan kəndlisi on növ verginin 9-dan azad edilmişdir.
Qeyri-neft sektorunda inkişaf və islahatlar davam etməkdədir.



* QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ DÖVLƏT QAYĞISI BİR AN BELƏ ARA VERMİR

Ötən əsrin doxsanıncı illərində əvvəlcə qaçqınlar, daha sonra torpaqlarımızın işğalı nəticəsində məcburi köçkünlər ordusu yarananda dövlət buna hazır deyildi. Kim hara gəldi üz tutur, başlı-başını saxlamalı olurdu. Əslində, dövlətin o zamankı başçıları yaranmış mürəkkəb vəziyyətdə öz başlarını da itirmişdilər. Nə büdcədə vəsait vardı, nə ordu qurulmuşdu, nə də qaçqına kömək edilirdi! Xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra mühüm diqqət yetirdiyi məsələlərdən biri qaçqın və məcburi köçkünlərin problemlərinin həlli oldu. Şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev qonşu və dost ölkələrə, ərəb dövlətlərinə müraciət etdi. Çadır şəhərcikləri yaradıldı, hər şeydən məhrum olmuş bu insanlara dövlət səviyyəsində, sistemli şəkildə kömək göstərilməsinə başlandı. Müvafiq qanunçuluq bazası yaradıldı, onların statusu müəyyənləşdirildi. Dövlətin imkanları artdıqca bu qəbildən olan insanlara yardımların həcmi və formaları da artırıldı. Məhz ulu öndər Heydər Əliyevin sərəncamı ilə ilk dəfə Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün vəsait ayrılmasına başlanıldı.



* CƏNAB İLHAM ƏLİYEV DÖVLƏT BAŞÇISI SEÇİLDİYİ İLK GÜNLƏRDƏN QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNİN HƏLLİNƏ XÜSUSİ DİQQƏT YETİRƏRƏK ONLARA YARDIM VƏ KÖMƏYİ YENİ İNKİŞAF MƏRHƏLƏSİNƏ QALDIRMIŞDIR

Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi və vaxtından qabaq, şərəflə yerinə yetirdiyi vədlərdən biri: “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır!” - sözü olmuşdur. Məhz onun rəhbərliyi və qayğısı sayəsində dövlətimiz heç də asan olmayan bu problemin uğurlu həllinə, bu məsələdə də dünyaya nümunə göstərməyə nail olmuşdur! İndiyədək bu sahəyə 5,1 milyard manat vəsait xərclənmiş, 90 müasir tipli qəsəbə və yaşayış massivi salınaraq 230 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni, təmirli evlər və mənzillərlə təmin edilmişdir. Ötən dövrdə bu qəbildən olan insanların aylıq yaşayış xərcləri 3,6 dəfə, kommunal xidmətlərə görə ödənilən müavinətlər isə 4,5 dəfə artırılmışdır. Hazırda məcburi köçkünlərə aylıq çörək pulu, dondurulmuş əməkhaqları verilir. Mənzil kirayəsindən, işıq, su, qaz pulundan azad olunmuşlar. Övladları dövlət ali məktəblərində oxuyarkən təhsil haqqı vermirlər. 9,5 milyon əhalisi olan ölkə üçün qaçqın və məcburi köçkünlərə edilən güzəştlər, çəkilən xərclər az yük sayılmır. Amma heç zaman dövlətimiz öz vətəndaşlarını köməksiz vəziyyətdə qoymur!
Cari ildə Qərbi Avropaya “miqrant” adı ilə qaçqın axını başladı. Onların sayı on minlərlə idi. Amma “qoca qitə”nin dövlətləri özlərini itirdilər. Onları tikanlı məftillərlə, itlərlə, müxtəlif məhdudiyyətlərlə qarşılamağa başladılar, hətta ortaya dini, milli ayrı-seçkilik saldılar. Sonra qapılarını bağladılar. 
“Miqrant” axını Avropanın iç üzünü açdı. Avropa özünün elan etdiyi və hamıya “nümunə” göstərdiyi “dəyər”lərdən geri çəkildi!
Müstəqil Azərbaycan və onun rəhbəri üçün isə insanlığın və xalqın dəyərlərindən ucada heç bir dəyər yoxdur! Həm də bu, görülən əməli işlərlə sübuta yetirilir!



* NEFT KAPİTALININ İNSAN KAPİTALINA ÇEVRİLMƏSİ Prezident İlham Əliyevin irəli sürdüyü ən mühüm məsələlərdəndir

Hər bir dövlətin gələcəyi oradakı gənclərlə bağlıdır. Ölkəmizdə bilikli, müasir dünyagörüşlü, vətənpərvər nəslin tərbiyəsinə daim xüsusi fikir verilir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə bir çox ali məktəblərin açılmasına, tələbə qəbulunun artırılmasına, habelə yoxsul ailələrdən olanların təhsilinin asanlaşdırılmasına nail olmuşdu. Onun sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin bir çox şəhərlərində müxtəlif ixtisaslara yiyələnərək geriyə dönmüş, hətta müstəqil dövlətimizə xidmət edənləri də olmuşdur. Ənənə bu gün də davam edir. Cənab İlham Əliyevin təsdiq etdiyi dövlət proqramına əsasən yüzlərlə gənc dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərində dövlət vəsaiti hesabına təhsil alırlar. Onlar geriyə qayıdaraq uzun illər xalqımıza xidmət edəcək, dövlətimizin inkişafına şəxsi töhfələrini verəcəklər. Beləliklə, neft özü tükəndikdən sonra da neft kapitalı hələ xeyli müddət xalqa fayda gətirəcəkdir.



* AZƏRBAYCANIN HƏM DƏ İDMAN DÖVLƏTİ KİMİ TANINMASINDA cənab İlham Əliyevin müstəsna xidmətləri vardır.

Hələ MOK-a prezident seçildiyi ilk günlərdən bu sahədə möhkəm təməl yaratmağa başlamışdı. Ölkədən getmiş idmançılar və məşqçılər geriyə qaytarılır, sıradan çıxmış, təyinatı dəyişdirilmiş idman qurğuları bərpa olunur, yeniləri tikilirdi. Gənclərin sağlam və mənəvi cəhətdən zəngin böyüməsində idmanın əhəmiyyətini lazımınca qiymətləndirən cənab İlham Əliyev məqsədə doğru inamla irəliləyirdi. Azərbaycan idmançıları Avropa, dünya çempionatlarında, beynəlxalq yarışlarda, habelə Olimpiya Oyunlarında fəal iştirak edərək yüksək nəticələr göstərir, çoxsaylı medallar qazanırdılar. Qısa müddətdə ölkə üzrə qırxadək Olimpiya idman kompleksi tikildi, yeni idman qurğuları, stadionlar fəaliyyətə başladı. Əgər 2005-ci ildə dövlət tərəfindən idmanın inkişafına 5,1 milyon manat ayrılmışdırsa, 2015-ci ildə bu rəqəm 45,5 milyon manat təşkil etmişdir. Son on ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 805 medal qazanmışlar ki, bu da əvvəlki dövrün analoji illəri ilə müqayisədə 3,8 dəfə çoxdur!
I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idman sahəsində görülən işlərin zirvəsinə çevrildi. Yarışları ən yüksək beynəlxalq standartlar səviyyəsində təşkil edən Azərbaycan 21-i qızıl olmaqla 56 medal qazanaraq Avropa ikincisi oldu! 
Bu nəticələrin özü də bir rekord sayılır.



* GÜCLÜ ORDU HƏM DƏ MÜSTƏQİLLİYİN TƏMİNATI DEMƏKDİR

Torpaqlarımızın işğalının bir səbəbi də vaxtında milli ordunun qurulmaması olmuşdur. Bu çətin prosesə ulu öndər Heydər Əliyev başladı, onu uğurlu sonluğa isə cənab İlham Əliyev çatdırdı! Ali Baş Komandan daim ordunun içərisindədir. Mütəmadi olaraq cəbhə bölgəsinə səfərlər edir, hərbi təlimlərə baxış keçirir, səngərlərdə əsgərlərlə görüşür, yeməkxanada onlarla bir süfrə arxasında əyləşir, mükafatlandırır, həvəsləndirir. Hər il orduya Ermənistan büdcəsindən də artıq vəsait yönəldilir. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü və modern ordusudur! O, ən müasir və yeni silahlarla silahlanmışdır. Ordumuzda hərbi biliklərə dərindən yiyələnmiş vətənpərvər zabitlər və əsgərlər xidmət edir. 2014-cü ilin avqust hadisələri Azərbaycan ordusunun gücünü düşmənə də göstərdi! İndi ordumuz cəbhə bölgəsindəki vəziyyətə tam nəzarət edir və torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an müntəzirdir!



* ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ HƏLƏLİK HƏLL EDƏ BİLMƏDİYİMİZ YEGANƏ PROBLEMDİR

İkili standartların mövcudluğu və beynəlxalq hüququn gücsüzlüyü hələ ki buna imkan verməmişdir. ATƏT-in Minsk qrupunun dişsiz fəaliyyəti də səbəblərdən biridir. Lakin münaqişənin cənab İlham Əliyev tərəfindən səsləndirilən həlli prinsipləri dəyişməz olaraq qalır: “Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə getməyəcəkdir”, “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayacaqdır!”
Artıq dünya Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri bilir!
Bir çox beynəlxalq qurum və təşkilatlar Ermənistanın işğalçı olduğundan xəbərdardır!
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi ilə və BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi əsasında həll oluna bilər! 
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin qəti və dəyişməz mövqeyidir!



* AZƏRBAYCAN TRANSMİLLİ LAYİHƏLƏRİN TƏŞƏBBÜSÇÜSÜ VƏ MALİYYƏLƏŞDİRƏNİDİR

Cənab İlham Əliyev öz fəaliyyətində daha bir ilkə imza atmışdır: Azərbaycan investisiya qoyulan ölkədən xaricdə investisiya yatıran dövlətə çevrilmişdir. Bu, düşünülmüş, hesablanmış və ölçülüb-biçilmiş addımlar sayəsində mümkün olmuşdur.



* CƏNAB İLHAM ƏLİYEV HƏM DƏ “AĞILLI RİSKLƏR” USTASI SAYILIR

Ermənistanın havadarları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə dəstək vermədilər. Dünyanın məşhur bankları isə kredit ayırmadılar. Cənab İlham Əliyev regiona və dünyaya böyük fayda gətirəcək bu layihəyə start verərək onun Azərbaycan tərəfindən maliyyələşdiriləcəyini bəyan etdi. 
Artıq gələn il Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləcəkdir!
Avropaya təbii qaz aparacaq “Nabukko” və “Şimal axını” layihəsi ilə bağlı çox söhbət getdi, danışıqlar aparıldı...
Prezident İlham Əliyev Türkiyə ilə birlikdə öz maliyyələri əsasında “Cənub axını”, TAP və TANAP layihələrini gerçəkləşdirəcəklərini bildirdilər.
Artıq bu istiqamətdə sürətli işlər gedir!
Gəmiqayırma zavodunun, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi də mühüm hadisələr sırasındadır. 
Böyük İpək yolu ölkəmizin yeni keyfiyyətini üzə çıxarmışdır!
Artıq tranzit daşınmaların keçdiyi marşruta daxil olan Azərbaycanın önəmi daha da artmışdır!



* İNKİŞAFIN BAŞLICA İSTİQAMƏTLƏRİ

Qarşıya qoyulan hədəflərə çatmaqdan ötrü dövlət başçısı tərəfindən inkişafın başlıca istiqamətləri müəyyən edilmişdir.
Onları qısa şəkildə nəzərdən keçirək:
* İqtisadi sahədə - İnkişaf etmiş dövlətlər cərgəsinə qoşulmaq, Azərbaycanı rifah dövlətinə çevirmək.
İnkişafın özünəməxsus inkişaf modelini yaradan ölkəmiz iqtisadi qüdrətini əsaslı şəkildə artırmış, üstəlik, kosmik dövlətlər ailəsinə də daxil olmuşdur.
* Siyasi sahədə - Azərbaycanı dünyada söz sahibinə çevirmək. 
155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan onun iclaslarına da sədrlik etmişdir.
lMədəniyyət sahəsində - xalqımızın qeyri-maddi mədəni sərvətlərini dünyaya nümayiş etdirmək. “Avroviziya” mahnı müsabiqəsində qalib gələn və bu yarışmanın növbəti mərhələsini uğurla ölkə paytaxtında keçirən Azərbaycan potensial yaradıcılıq imkanlarını dünyaya göstərdi. 
* Mənəvi sahədə - Dünyada sabitliyin pozulduğu, qarşıdurmaların və terrorizmin baş alıb getdiyi bir zamanda tolerantlığın Azərbaycan nümunəsi hamı tərəfdən qəbul edilərək öyrənilməkdədir. 
*İdman sahəsində - İdmanın xalqlar arasındakı dostluğu, əməkdaşlığı genişləndirdiyi və sülhə xidmət etdiyini göstərən Azərbaycan beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunduğu məkan imicini də qazanmışdır.
* Demokratiya sahəsində - Cənab İlham Əliyevin “Siyasi islahatlar iqtisadi islahatlarla tamamlandıqda daha möhkəm və etibarlı olur” tezisinin doğruluğunu həyat dönə-dönə təsdiq edib. Azərbaycandakı möhkəm və dönməz sabitlik, demokratik inkişaf, mətbuat və söz azadlığının uğurları deyilənlərin əyani təsdiqidir. Ölkəmiz həm də islahatçı ölkələr siyahısındakı ilk onluqdadır.
* Azərbaycan öz yolu, özünəməxsus inkişafı olan dövlətdir. - O, bəşər təcrübəsinin ən mükəmməl nümunələrindən istifadə edərək irəliləyir. Heç kəs ölkəmizə iradəsini qəbul etdirə və onunla təzyiq dilində danışa bilməz!
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan budur!



* MƏQSƏDƏ ÇATMAQ YOLLARI

Müstəqilliyin 24 ili ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçib.
Uğurlarımız qeyri-adidir, ürəkaçandır!
Ancaq müstəqilliyin bütün illəri quruculuğa və inkişafa sərf olunmayıb. Biz xaos və anarxiya burulğanlarından, dövlət çevrilişi cəhdlərindən, böhran və islahatlardan keçib gəlmişik!
Əsas nailiyyətlərimiz isə 2003-cü ildən başlayıb!
Bizi bu mərtəbəyə dünyada analoqu olmayan Heydər Əliyev siyasi kursu gətirib!
Bizi bu səviyyəyə cənab İlham Əliyevin düşünülmüş, prinsipial və məqsədyönlü siyasəti çatdırıb!
İlham Əliyev xarizması daim inkişafa, müstəqilliyimizin möhkəmlənməsinə, dövlətimizin qüdrətlənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edib!
Bu nailiyyətlərin əsasını və daimiliyini xalqla iqtidar arasındakı möhkəm birlik və sarsılmaz etimad təşkil edir!
Dövlətin xalqa xidmət etdiyi, dövlət məmurunun xalqın xidmətçisi sayıldığı ölkədə başqa cür ola bilməz!
Azərbaycan iqtisadi inkişaf sürətinə və qısa müddətdə qazandığı nailiyyətlərə, özünəməxsus inkişaf modelinə, multikulturalizmi yaşatdığına və tolerantlığına, terrorizmə qarşı mübarizəyə verdiyi dəstəyə, Avropanın enerji təminatında oynadığı rola, transmilli layihələrin təşəbbüsçüsü, icraçısı və maliyyələşdirəni olduğuna, bütün sahələr və məsələlər üzrə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyinə, qısa müddətdə idman sahəsində qazandığı nailiyyətlərə, qaçqın və məcburi köçkünlərə göstərdiyi yüksək dövlət qayğısına görə nümunəvi dövlətə çevrilib!
Azərbaycanı cənab İlham Əliyev nümunəvi dövlət etmişdir!
Azərbaycanı nümunəyə çevirən İlham Əliyev özü də dünyada nümunəvi dövlət başçısı kimi tanınır.
Xalqımız bütün bunlarla qürur duyur, müstəqil dövlətini və onun rəhbərini sonsuz məhəbbətlə sevərək daim dəstəkləyir!

 

Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !