Azər Həsrət: - Sabotaj sabotaj ardınca…

Azər Həsrət: Sabotaj sabotaj ardınca…

Sabotaj bir insanın, yaxud qrupun üzərinə qoyulmuş vəzifələri hər hansı bir prosesin və s. gerçəkləşməsinə dirəniş göstərmək məqsədilə bilərəkdən icra etməməsi və ya icrasından yayınması deməkdir. Bu həm də mətləbə bir başa dəxli olmayan şəxslərin də prosesləri pozmaq üçün törətdiyi əməllərə aiddir. Burada son məqsəd konkret bir işə əngəl olmaqdır.

Azərbaycanda da son günlər konkret proseslərə əngəl olanların fəallaşdığı müşahidə edilməkdədir. Ölkə bütün dünyanı ağuşuna almış dollar şoku içərisindəykən bəzi şəxslər və qruplar vəziyyətdən sui-istifadə yolu tutub.

Kimlərsə dövlətin bütün çağırışlarına və cəhdlərinə qarşı gedərək qara bazar təşkil edib ölkədə süni dollar qıtlığı yaratmaqla ictimai narazılığı artırmağa birbaşa xidmət edir. Çox güman ki, bu bazarın funksionerləri sadəcə TV kanallarında göstərilən qanunsuz valyuta alverçiləri deyil. Şübhə yox ki, onların arxasında böyük məbləğdə dollar ehtiyatı olan iri çaplı iş adamları, məmurlar, bankirlər durur. Hər halda araşdırmağa dəyər. Bu adamlar daha çox gəlir əldə etmək məqsədilə əməlli-başlı sabotajla məşğuldurlar!

Digər bir qrup isə daha çox siyasi qurumlara bağlı olmaqla ölkədə ictimai rəyi körükləndirmək üçün insanların duyğularına xitab edəcək hərəkətlərə yol verirlər. Bunlar illər öncəsinə aid hansısa etiraz aksiyasındakı polis zorakılığını bu günün hadisəsi kimi təqdim edərək insanların guya manatın dəyərdən düşməsinə etiraz etdiyi üçün şiddət görməsi kimi qələmə verirlər. Sabotajın başqa bir görsənişidir bu.

Üçüncü bir kateqoriyadan olanlarsa sadəcə bəzi dövlət qurumlarının bayram günlərindəki fəaliyyətsizliyindən sui-istifadə edir. Örnək olaraq bəzi dərmanların satışına tətbiq ediləcək əngəli göstərə bilərək. Sonradan açıqlama verildi ki, konkret seriyadan olan dərmanlar sadəcə standartlara uyğun olmadıqları üçün idxalı əngəllənəcək. Yəni başqa seriyadan olan eyni dərmanlara heç bir yasaq tətbiq edilmir. İlk baxışdan adi görünə bilər. Amma bir neçə gün ərzində bu xəbər sosial şəbəkələrdə əməlli-başlı sabotaj vasitəsi kimi istifadəyə yaradı…

Sosial şəbəkələr və mediada sabotaj vasitəsi kimi həm də avtomobillər üçün ilkin tibbi yardım çantasının tərkibilə bağlı xəbərlər də işə yaradı. Bir neçə gün ərzində ölkənin hər tərəfində bu yöndə müzakirələr getdi. Özü də kəskin ictimai etirazla müşayiət edilərək. Yəni bəzi qüvvələr bundan da əhalinin narazılığını yüksəltmək üçün istifadə etdi. Amma əsl məsələ heç də bu deyil.

İş ondadır ki, bu məsələni tənzimləyən qanun 1998-ci ildə qəbul olunub və ona tibbi çantayla bağlı heç bir dəyişiklik edilməyib. Bəs bu ajiotaj hardandır? Yaxud da nə üçündür? Və müvafiq dövlət qurumu niyə məsələyə aydınlıq gətirmirdi? Bəs bu əsassız “xəbəri” sağa-sola tirajlayan media niyə onun mahiyyətini araşdırmağa cəhd göstərmirdi? Belə anlaşılır ki, ortada mütəşəkkil bir hərəkat varmış. Bunun arxasındakı məqsəd isə kimlərinsə ölkəyə idxal etdiyi və ya özünün istehsal etdiyi ilkin tibbi yardım komplektlərini satıb varlanmaq ola bilər. Bu da sabotajın başqa bir görsənişidir. Ölkə Prezidentinə xəyanətin bir örnəyi də elə budur.

Tibbi çantayla bərabər maşınlarda yanğınsöndürən və qəza dayanma nişanının da yoxlanacağı haqqında xəbərlər eyni media qurumları, sosial şəbəkə fəalları tərəfindən həvəslə tirajlanırdı. Nəticə də bu oldu ki, bayram-istirahət günlərində insanlar 5-10 manat qiyməti olan vasitələri 40-50 manata alaraq cəzadan qurtulmağa çalışdılar. Kimlərsə yaxşıca pul qazandı. Çünki xəbərlər tirajlanırdı ki, bu vasitələri olmayanlara qarşı yol polisi reydlər keçirəcək. Amma yalnız yanvarın 5-də DYP-dən açıqlama gəldi ki, heç bir reyd nəzərdə tutulmur. Maraqlıdır, onlar bu açıqlamanı həmin xəbərlər mediaya sıçrayan anda verə bilməzdilərmi? Demək, burda da bir sabotaj ehtimalı var və araşdırılmalıdır.

Araşdırılmalıdır ki, ilkin tibbi yardım çantalarının satışı kimin nəzarətindədir. Eyni zamanda araşdırılmalıdır ki, yanğınsöndürmə balonlarını kimlər kütləvi şəkildə bazara çıxarır. Bu adamları tapıb qazandıqlarını qəpiyinə kimi dövlətin xeyrinə əllərindən almaq lazımdır ki, başqalarına da görk olsun.

Daha bir qanqaraldıcı durum isə Dövlət Sosial Müdafiə Fondunun e-xidmətlərilə bağlı oldu. Rüblük hesabatı göndərmək üçün nə qədər çalışsam da faydası olmadı. Çünki bayram günlərində e-sspf.gov.az saytı ümumiyyətlə açılmırdı. Yalnız yanvarın 5-də sayta giriş mümkün oldu, amma şəxsi kabinetə daxil olmaq yenə də imkansız idi. Yəni hesabat üçün nəzərdə tutulmuş 20 günün 5-i DSMF-nin e-xidmət saytının işləməməsi üzündən havaya uçmuş oldu. 190-a zəng edib səbəbini öyrənmək istədik. Bizə izah edildi ki, sistemdə nəsə problem varmış, həll edilməkdəymiş. Lap tutaq ki, hansısa qəza olub. Bu haqda mediaya açıqlama vermək olmazdımı? Media bir yana, qurumun öz saytında (sspf.gov.az) bir xəbər yazmaq olardı hər halda. Niyə yazılmayıb?

190-dan verilən izaha inanmaq istərdim. Amma daha öncəki hesabatlarımın birini qeyri-iş günündə göndərdiyim üçün qəbul edilmədiyi haqda təsadüfən xəbər tutmasaydım. Əgər qeyri-iş günündə bu xidmət işləmirsə, onun nəyi e-xidmət oldu? Belə anlaşılır ki, bu qurumda məqsədli şəkildə vətəndaşlara problem yaradılır. Yaxud da sadəcə işi qura bilmirlər. İstənilən hal sabotaj kimi dəyərləndirilə bilər. Ona görə ki, bütün vətəndaşlar bu cür məsələlərə mənim kimi soyuqqanlı yanaşmır. Belə hallar onların narazılığını körükləndirir. Narazılıq da təbii ki, hakimiyyətə qarşı yönəlir.

Ölkədə bunlara bənzər hallar yenə də olacaq. Yəqin ki, kimlərsə düşünmədən, bir başqalarısa ictimai narazılığı yüksəldəcək xəbərləri məqsədli şəkildə tirajlayaraq Azərbaycanda sabitliyi pozmağa çalışacaq. Ona görə də müvafiq dövlət qurumları mütləq şəkildə daha diqqətli olmalıdır. Elə vətəndaşların özləri də… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !