Azər Həsrət: - Prezidentə xəyanət edilir!

Azər Həsrət: Prezidentə xəyanət edilir!

Yayda, 1-ci Avropa Oyunları zamanı Bakı bulvarındakı iaşə obyektlərinə tapşırıq verilmişdi ki, qiymətlərdə diqqətli olsunlar. Yəni insanlara adi bir çay əvəzinə hər zamankı kimi dəstgah sırımasınlar.

O günlərdə bir ingilis jurnalist mənimlə görüşmək istəmişdi. Onu bulvara dəvət etdim ki, bir çay içib söhbət edək.

Jurnalist gəldi, Hökumət Evinin qarşısındakı obyektlərdən birində oturduq. Kafenin xidmətçisi yaxınlaşıb sifarişimizi istədi. Qonaqdan özəl bir istəyinin olub-olmadığını soruşdum, o da “sadə bir çay yetər”, dedi. Sifarişi xidmətçiyə çatdırdım: “bizə sadə bir çay verin, heç nəsiz”.

Az keçmiş oğlan əlində iri bir podnosla bizə yaxınlaşdı. İçində ləbləbidən tutmuş müxtəlif mürəbbələrə qədər. Az qalmışdı hamısını masanın üzərinə düzsün ki, dözmədim, özümdən çıxdım. Qonaq anlamasın deyə, bir az təbəssümlə, amma lazımi şəkildə oğlana sitəm etdim.

Səs-küyə müdiri yanaşdı bizə. Nə olduğunu soruşdu. Adama dedim ki, heç olmasa bu günlərdə və cəmi bircə dəfə dövlətin qarşınıza qoyduğu tapşırığa əməl edin. İllərdir qazanırsınız, halalınız olsun, cəmi 2 həftə də az qazanın, dünya dağılmaz ki?

Adam üzümə baxdı, “müəllim, biz təklif edirik də”, deyə bir az da kobud cavab verdi. İş belə olunca, “indi nə deyirsiniz, mütləq şikayət edək”, deyə soruşdum. Müdir bunu eşidincə, “yox e, nə gərək var”, deyib oğlana tapşırdı ki, “müəllimin sifarişini yerinə yetir”.

Yəni, adamlar Azərbaycanın ümumi məqsədlərinə xidmət edən bir tədbirin 2 həftəsində belə əməllərindən qalmaq istəmədilər. Halbuki başqa günlərdə milləti çapıb talayırlar. Bunlar heç onu da düşünmədilər ki, ölkədə yaradılan şəraitin hesabına qaz vurub qazan doldururlar. Yəni bir gün o qazanlarının əllərindən çıxması da mümkündür.

Bu əhvalatı ona görə yazdım ki, indiki günümüzə bir balaca işıq tutaq.

Ölkədə valyuta böhranı var. Təbii haldır. Heç kim iddia etməsin ki, süni yollarla bunun qarşısını almaq olardı. Bütün dünyada ABŞ dolları at oynadaraq iqtisadiyyatları çökdürür, nefti su qiymətinə edirsə, Azərbaycan kimi bir ölkənin duruş gətirməsi qətiyyən mümkün deyil. Yəni anlaşılan, Azərbaycan çətin bir durumla üz-üzədir.

Bəs çıxış yolu nədir? Təbii ki, əl birliyi ilə vəziyyətdən çıxmaq. Zatən Prezident İlham Əliyev də ölkədə mal və məhsulların qıtlığı yaranmasın, insanlar çörəklə imtahana çəkilməsin deyə, müxtəlif sərəncamlar verir, addımlar atır. Yəni Prezident ölkəni mümkün qədər az itki ilə çıxarmaq istəyir bu durumdan.

Bəs bəzi oliqarxlar nə edir?

Sadəcə Prezidentin ayağının altını qazırlar onlar! Bəli, məhz Prezidentə zərbə vurmaqla məşğuldur bu adamlar!

Böhranı atlatmaq üçün hər kəs bir balaca səy göstərməlidir. Amma bu yırtıcı oliqarxlar fürsətdən yararlanıb daha da varlanmaq yolu tutublar!

Nəticədə nə baş verir? İctimai narazılıq artır! Bu narazılıq da Prezidentə qarşı yönəldilir! Səbəbkar isə o yırtıcı oliqarxlar, iş adamlarını incidən ayrı-ayrı məmurlar, xidmətlərdir! Deməli, bu adamlar Prezidentə xəyanətlə məşğuldur!

O Prezidentə ki, ölkənin ən yaxşı günlərində həmin adamlara şərait yaradıb, varlanmalarına imkan verib!

Bu gün Azərbaycanın ayağından çəkən hər kəs xəyanət içindədir! Ən adi ictimai narazılığa səbəb olan istənilən məmur mütləq şəkildə cəzasını alacaq! Hər halda, MTN məsələsinin torpağının soyumadığını hər kəs xatırlayır, deyilmi? Ona görə də indi mövqe sərgiləmək zamanıdır: ya Prezidentin arxasındasınız, ya da ona qarşısınız! Üçüncü seçənək yoxdur, ola da bilməz!

Bu isə o deməkdir ki, hələ də rüşvət almağa davam edən, vətəndaşları incidən məmur, oliqarx, iş adamı Prezidentə qarşı olmaqla ona xəyanət edir!

Necə deyərlər, hər kəs mövqeyini müəyyən etsin!

Sözardı: Bu arada qulağıma səslər gəlir ki, guya hakimiyyətdən incik düşmüşəm. Səbəb kimi də parlament seçkilərində iştirak edə bilməməyimi göstərirlər. Küsmüşəmmiş, narazıyammış. Əsla belə şey yoxdur! Sadəcə bədxahlarım məni vurmaq üçün səbəb tapmadıqlarından belə şeylər uydururlar. Mövqeyim bəllidir, birmənalıdır: Prezidentin arxasındayam, özü də ölümünə! Hələ-hələ belə bir mürəkkəb zamanda mövqeyimdə qətiyyən dəyişiklik ola bilməz! Yaxın çevrəm yaxşı bilir: mən çətin günlərin dostuyam! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !