Azər Həsrət: - Prezidentin əfv sərəncamına şərhvari münasibət

Azər Həsrət: Prezidentin əfv sərəncamına şərhvari münasibət

Olan oldu. Əfv sərəncamı imzalandı, problemli məhbus hesab edilənlərdən heç biri azadlığa çıxmadı. Halbuki buna böyük ümidlər vardı.

Yəqin ki, irəlidəki günlərdə istər ölkə içi, istərsə də ölkə dışındakı mərkəzlər bundan gen-bol istifadə edəcəklər. Ki, bəs, Azərbaycan hakimiyyəti repressivdir, xoş məram sərgiləmədi və s.

Doğrudanmı belədir? Doğrudanmı Azərbaycan Prezidenti humanist deyil? Doğrudanmı o, bu bayram öncəsində bəzi problemli məhbusların ailələrini sevindirə bilməzdi?

Bilərdi əlbəttə.

Lakin imzalanan sərəncam Azərbaycan Prezidentinin humanizminin azlığına və ya yoxluğuna dəlalət etmir. Zatən 200-dən çox məhbusun azad edilməsi onun yüksək dərəcədə humanizminin göstəricisidir. Hələ nəzərə alaq ki, bu əfvə qədər də hər il neçə-neçə məhbus əfv edilib. Yəni məsələ humanizmin yoxluğu və ya azlığında deyil.

Məsələ başqadır. Məsələ siyasidir. Məsələ bir dövlətin öz suveren hüquqlarından çıxış edib sərbəst davranmasını təsdiq etməkdədir.

Azərbaycan Prezidenti problemli məhbusların gözlənilən əfvini gerçəkləşdirməməklə, əslində, dövlətin ləyaqətini qorumuş oldu. Bəli, məhz belə etdi!

Məsələdən xəbəri olmayanlar üçün qısa izah: son bir ay ərzində ictimaiyyətə məlumat sızdırılmışdı ki, Anar Məmmədli, Tofiq Yaqublu, İlqar Məmmədli, Seymur Həzi, Pərviz Həşimli, Xədicə İsmayıl və b. başda olmaqla bir sıra problemli məhbuslar əfv ediləcək. Buna böyük inam və ümid vardı. Zatən hakimiyyət də bu məhbuslardan yaxa qurtarmaq istəyən kimi görünürdü.

Amma…

Amma şeytan yenə də araya girdi, öz bildiyini etdi və məqsədinə çatdı. O məhbuslar azad edilmədi. Edilməsi də mümkün deyildi. Çünki burada Azərbaycan dövlətinin özünə hörmət məsələsi masa üzərində idi. Prezident İlham Əliyev ölkənin ləyaqətini son anadək qorumaq qərarı verdi və düz də etdi!

ABŞ-dan əsən yellər qoymadı o məhbusları azad etməyə. Məlum erməni dostu Kristofer Smitin təşəbbüsüylə Azərbaycana qarşı basqıların şiddətlənməsi imkan vermədi həmin adamların azadlığa qovuşmasına. Məhz Smit və onun ardınca sürünənlər bunu əngəllədi.

Sual oluna bilər ki, necə?

Çox sadə bir cavabı var bunun: Smitin təşəbbüsüylə ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini irəli sürdü. Tələblərdən biri də onların siyasi məhbus hesab etdiyi şəxsləri qeyd-şərtsiz azadlığa buraxmaq idi. Yəni hansısa Smit Azərbaycan dövlətinə diktə etmək təşəbbüsündə bulundu.

Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, bizimlə müzakirə aparmaq, dialoqa girmək olar, amma diktə etmək olmaz. Bəs necə olur ki, smitlər bunu bilə-bilə diktə yolu tutur? Məqsədləri doğrudanmı “siyasi məhbuslar”ın azad edilməsi idi?

Təbii ki, deyil.

Onlar biləndə ki, həmin o məhbusların azadlığı üçün real şərait yaranıb, bu tələbi irəli sürdülər. Və səhv etdilər! Özü də bilərəkdən, məqsədli şəkildə!

İndi təsəvvür edin ki, adı çəkilən şəxslər bu gün əfv edilmiş olaydı. Bu, Azərbaycan dövlətinin hansısa konqresmenin iradəsi önündə geri çəkilməsi demək olacaqdı. Prezident İlham Əliyev o şəxsləri əfv etsəydi zəif dövlət adamı təsiri bağışlayacaqdı. Şəxsən mən də onun yerində olsaydım əfvdən vaz keçərdim. Hətta bu addımım ciddi tənqidlərə yol açsa belə.

Masa üzərində dövlətin, dövlət başçısının hürr iradəsinin təsdiqi məsələsi varsa, bütün dünyanı belə qarşıma alardım mən. Elə Azərbaycan Prezidenti də bu seçimin ən doğrusunu edib! Azərbaycan dövlətinin hürr iradəsini bir daha təsdiqləməli olub ki, bizə dov gəlmək istəyənlər nəhayət anlasın ki, bu dildə danışmaqla heç nəyə nail ola bilməyəcəklər!

Biz uzun müddətdir bu smitlərin arxasınca sürünənlərə izah edirik ki, susun, bir az imkan verin ki, o adamlara işıq ucu görünsün. Bizi dinləmirlər. Bunlar anlamaq istəmirlər ki, Azərbaycan dövləti heç bir zaman heç bir kəsin önündə geri addım atan deyil. Halbuki dəfələrlə olub ki, Prezident İlham Əliyev özü şəxsən normal dildə edilən müraciətlərə müsbət cavab verib. Nəticədə məhbuslar da azadlığa qovuşub, başqa problemlər də həllini tapıb.

Bunu görən və bilənlərin hələ də Azərbaycan Prezidentinə diktə etmək cəhdləri ya nadanlıqdan, ya da çirkin məqsədlərdən qaynaqlanır. Olansa yenə də o problemli məhbuslara və onların ailəsinə olur… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !