Azər Həsrət: - Manatın başına gələnlərə sözardı

Azər Həsrət: Manatın başına gələnlərə sözardı

1990-cı illərin ilk yarısı. Tələbə idim. Bakı Dövlət Universitetində oxuyurdum. Ölkədə hər sahədə ciddi sıxıntı yaşanırdı. Nəinki ərzaq, adi marşrut avtobusu tapmaq müşkül məsələ idi. Bir yandan da torpaqların ard-arda işğalını yaşayırdıq.

1993-cü ilin yay tətili üçün Xaçmaza yollanmışdım. Bir neçə ay dincəlmək imkanım vardı. Buna dincəlmək demək olardısa.

1-ci kursu bitirmişdim. Hələ irəli baxırdım. Universitetin yuxarı tərəfindəki tələbə şəhərciyində – yataqxanada bir otağımız da vardı. Tətilə gedəndə otağı açarlayıb getmişdik…

Avqust ayının sonunda Bakıya qayıtdıqda otaq əlimizdən çıxmışdı artıq…

1993-ün yayında Ermənistan əsgərləri Füzulini, Ağdamı da işğal etmişdi. Bakıya yönələn qaçqın axını fəlakətli dərəcədə artmışdı. Hər şeyindən məhrum edilən didərginlər harada mümkün olsa özlərinə sığınacaq tapır, birtəhər başlarını girləməyə çalışırdı.

Yay tətilindən geri dönüb yataqxanadakı otağımın qapısını açmaq istədim. Açar qapıya düşmədi. Bu zaman qapı içəridən açıldı. Gənc bir gəlin üzümə baxdı. Sakitcə. Heç nə demədi. Deməsinə də gərək yox idi. Anladım dərhal. Didərginlərdən idi. Yalnız, “mən bu otaqda qalırdım” deyə bildim. Sakitcə dedim bunu. Əsəbsiz, filansız. Gəlin üzümə baxıb, “bir dəqiqə”, dedi və içəri girdi. Geri dönüb mənim əşyalarımı gətirdi. “Bir yerə yığmışdım” dedi və mənə uzatdı. Eyni təmkinlə əşyalarımı götürüb oradan uzaqlaşdım.

Sonrakı günlərdə bir müddət texnikumdan tələbə yoldaşım və yerlim olan Uzunobalı Səmədin evində qaldım. Bunun ardınca qardaşım Beykəsin yenicə aldığı evinə daşındım. Düzdür, evdə yaşamaq üçün tam şərait yox idi, amma o çətin günlərdə başımızın üstündə quruca bir damın olması da yetirdi bizə…

Sonrakı günlər, illər də asan olmadı. Qaçqınlar, torpaq işğalı, hər tərəfdə qarmaqarışıqlıq, insanların üzündəki daimi kədər və acılar. Bütün bunlar bizim yaşam tərzimiz idi.

Tələbə idim. Gecə saat 2-də yuxudan durub çörək növbəsinə gedirdim. Çünki bir az geciksəm, çörək almaq imkanım olmayacaqdı. Dükan səhər saat 7-də açılsa da məcbur idim o saatda növbəyə getməyə. Soyuq demədən, qar demədən hər gecə eyni növbəyə gedirdim. Ölkədə quru çörək belə qıt idi…

Getsin o günlər, gəlməsin. Doğrudan da 90-cı illərin acı xatirələri heç zaman yaddan çıxmaz, çıxmayacaq da. Hələ mən küçələrdə əlində silahla dolaşan başıpozuq adamları demirəm…

Biz o günləri görüb gəldik bu günlərə. Bu günümüzə şükür.

Bütün bunları ona görə yazıram ki, bu gün manatın lap elə 2 dəfə dəyər itirməsindən faciə düzəltmək istəyənlər düşünə bilsinlər. Elə bu yazım da, əslində, manat haqqındadır.

İddia olunur ki, manatın dəyərini mütləq və zorla tutub saxlamaq lazım imiş. Guya Azərbaycan hökuməti istəsə bunu edə bilərmiş. Mümkündürmü? Əsla!

Çünki Azərbaycan təcrid olunmuş bir ölkə deyil. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatından ayrı deyil. Biz artıq çoxdan azad bazar iqtisadiyyatına keçmişik və dünyada baş verən istənilən proses bizə də mütləq təsir etməlidir.

Manatın dəyərinin azalması indi deyil, hələ bir neçə il öncə baş verməli idi. Sadəcə Azərbaycan hakimiyyəti vətəndaşa zərər olmasın deyə dövlətin hesabına manatı ayaqda tuturdu. Və uzun müddət də bunu bacara bildi. Amma bütün dünyanı qarşısına alaraq…

Bəli, dünyanın ən dayanıqlı, ən güclü valyutaları çökdükcə çökdü, Azərbaycan manatı ayaqda durmağı bacardı uzun müddət. Avro, dollar kimi valyutaların qabağında heç bir ölkənin valyutası duruş gətirə bilməzdi və bilmədi də. Amma Azərbaycan manatı duruş gətirdi axı!

Bu gün manatın dəyərini itirməsi bizim üçün təbii ki, iqtisadi, maddi problemlər yaradır. Hər kəs, o cümlədən bu sətirlərin müəllifi də zərər görür. Ötən il 1 manata aldığım bir şeyi bu gün 2 manata alıram mən də hamı kimi. Təbii ki, gəlirlərin artmadığı şəraitdə bunun nə demək olduğunu hər kəs yaxşı anlayır.

Lakin gəlin bir anlığa düşünək: Azərbaycan manatın dəyərini süni şəkildə və zorla saxlamalıydımı? Saxlasaydı nə baş verəcəkdi?

Saxlamamalıydı. Özü də dünya iqtisadiyyatında çöküş başlayan andan manat sərbəst buraxılmalıydı ki, yavaş-yavaş, ağrısız baş versin bu proses. Belə olsaydı maliyyə itkilərimiz də az olardı. Anlaşılan odur ki, dövlət öz zərəri hesabına vətəndaşın rifahını düşünüb və… bu gün də ona görə tənqid edilir…

Manatın dəyərini itirməsindən faciə düzəltmək lazım deyil. Düzdür, kreditləri olanların ciddi problemləri yaranıb. Təbii ki, dövlət banklarla birlikdə problemin həlli üçün yollar axtarmalıdır. Amma bundan sui-istifadə edib də insanları küçələrə (öz ağıllarınca “inqilaba”) çağıranların da payı verilməlidir! Özü də bütün qanunlar çərçivəsində!

Bəli, maliyyə itkimiz var. Hər birimizin. Lakin bu o demək deyil ki, küçələrə tökülüb ölkəni xaosa sürükləməliyik. Bunu edən ölkələrin nə gündə olduğunu görmürükmü?

Manatın dəyərinin aşağı salınması qaçılmaz bir addım idi və buna görə insanların əsəblərilə oynamaq olmaz! Onsuz da Azərbaycanı təxribatlara çəkmək istəyənlər yetərincədir. İndi durub da qaçılmaz bir prosesdən sui-istifadə edilməsi bizə nə verəcək?

Bu manat məsələsi olmadan da Azərbaycan iynə üstündə oturmuş kimidir. Ətrafımız od tutub yanır. Yaxın Şərq, Rusiya, Ukrayna, Türkiyə, Avropa ölkələri böhran, qan-qada içində çarpışır. Bunun fonunda Azərbaycandakı davamlı sabitliyin qorunması, hər şeyə rəğmən, bir nömrəli vəzifəmizdir.

Böyük faciə olmayan manatın dəyərini itirməsi də zamanla keçib gedəcək. Necə ki, 90-cı illərin quru çörək qıtlığıyla mənim tələbə yaddaşımda qalan o məşum günləri keçib getdi…

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !