Azər Həsrət: - Diqqət! Təxribat var!

Azər Həsrət: Diqqət! Təxribat var!

Lütfən diqqət! Dostlar, manatla bağlı məsələdən sui-istifadə edən bəzi pozucu ünsürlər millətin emosiyalarıyla oynamağa cəhd göstərir. Əsasən saxta profillərdən istifadə etməklə bugünkü hadisələrə heç bir dəxli olmayan paylaşımlar edərək guya insanların küçələrə çıxıb etiraz etdiyi görüntüsü yaratmağa çalışırlar.

İctimai çəkisi olmayan sadə bir fərdin belə emosional şəkildə dediklərini, yazdıqlarını da ümumi ictimai rəy kimi təqdim edən bu ünsürlərin məqsədi Azərbaycanda sabitliyi pozmaq, guya inqilab etməkmiş. Təbii ki, bu “inqilab”ın da arxasındakı qüvvələrin məqsədi ölkəmizi Suriyanın, Ukraynanın gününə salmaqdır.

Ermənistan işğalçı qüvvələrinin cəbhə xəttində fəallaşması fonunda saxta profillərlə sosial şəbəkələr və pozucu ünsürlərin nəzarətində olan internet saytları vasitəsilə əhalini yanlış istiqamətə çəkmək cəhdləri düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Ona görə də hər kəsin diqqətli davranması, bu cür təxribatlara alət olmaması lazımdır.

Bütün bunları ona görə yazıram ki, mənim dost siyahımda olan, çox hörmət etdiyim, sağlam mövqeyinə əmin olduğum bəzi şəxslər də o yalançı videoları, şəkilləri, etiraz aksiyalarını bugünə aid sanaraq bəyənir, paylaşır, bununla da Azərbaycanın xaosa sürüklənməsinə yardımçı olurlar. Bu, yanlış yoldur və sizin hər birinizi belə addımlardan çəkinməyə çağırıram.

Təbii ki, manatın dəyərinin aşağı salınması hər birimizə zərər vurur. Amma nəzərə almaq lazımdır ki, qlobal böhran şəraitində dövlətimiz bunu etməyə bilməzdi. Etməsə və bir müddət də gecikdirsəydi, Allah qurtarsın, Azərbaycan 90-cı illərin o təlatümlü günlərinə geri dönə bilərdi. Lütfən, hər birimiz təmkinli olaq, xərclərimizə qənaət edək ki, bu narahat dönəmi də xətasız sovuşduraq.

Dediklərimə əmin olmaq istəyirsinizsə, həmin “həyəcanlı” videoları, şəkilləri paylaşanların profillərinə diqqət edin. Adlar saxta, şəkil yox, harada yaşadığı, nə işlə məşğul olduğu da bəlli deyil. Özünüz düşünün, belə “sirli” ünsürlərin məramı xoş ola bilərmi?

Yeri gəlmişkən, həmin ünsürlər guya kütləvi əsgər ölümlərinin də gizlədildiyi barədə paylaşımları həvəslə tirajlamaqla məşğuldur. Məqsəd Azərbaycan insanını pessimizmə sürükləyib, proqnozlaşdırılması çətin olan hərəkətlərə sürükləməkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !