Azər Həsrət: - Tfu sizin olmayan vicdanınıza!

Azər Həsrət: Tfu sizin olmayan vicdanınıza!

Əsgər ölümü. Çox ağır xəbərdir. Biz çox zaman onları tanımırıq. Amma hər birinin ölümünə əzizləri qədər olmasa da ürəkdən üzülürük. Çünki əsgər bizim güvənliyimizdir, rahatlığımızdır, sabaha inamımızdır. Biz onun hesabına gecələri evimizdə rahat yatır, gündüzləri də işimizlə məşğul oluruq.

Amma bəzi adamlar üçün bu ölümlər həm də bir manipulyasiya, Azərbaycana qarayaxma imkanıdır. Bu adamlar, bir yazımda da yazdığım kimi, xarabalıq bayquşlarıdır axı. Hər şeydən mütləq nəsə uydurub millətin əsəblərilə oynamaqdır bunların işi.

Dünən ən pis günündə Azərbaycanı qoyub qaçanlardan biri, Almaniyada oturub Azərbaycandan “operativ” xəbər verməklə baş saxlayan Həbib Müntəzir bir paylaşım etmişdi. Yazırdı ki, bir əsgərimiz müəmmalı şəkildə öldürülüb və onun ölümü gizlədilirmiş.

Adamın yazdığı bundan ibarət idi: “Əsgərlərimizi öldürüb, ictimaiyyətdən gizlədirlər, paylaşın. Bu gün Xaçmaz rayon Qaracəlli kənd sakini, 1995-ci təvəllüd, Sərhəd Qoşunlarında xidmət edən əsgər Yusifov Elnur Şövkət oğlu xidmətinin bitməyinə 3 ay qalmış Cəlilabad rayon, Göytəpə “N” saylı hərbi hissəsində müəmmalı şəkildə ölüb. Mərhumun qohumları iddia edir ki, onu döyüb öldürüblər və təcili şəkildə bu gün dəfn ediblər. Elnur ailənin tək uşağı idi”.

Bu da Həbibin cəfəngiyyatı 

 

Həbib bu “həyəcan təbili”ni dekabrın 17-də “çalıb”. Yəni əsgər dəfn edilən gün. Təbiidir ki, bir kənddə bir əsgərin dəfn edilməsi heç cür gizlədilə bilməz. Hələ bu xəbər Almaniyaya gedib çıxıbsa, Azərbaycan içində ümumiyyətlə gizli tutulması mümkün deyil.

Anlaşılan odur ki, ölüm hadisəsi qeyri-döyüş şəraitində baş verib, araşdırmaya ehtiyacı var və bu da zaman alacaq bir gedişatdır. Ona görə də tez-tələsik xəbər yaymaq heç bir hərbi qurum üçün doğru hərəkət olmazdı. Elə Dövlət Sərhəd Xidməti də belə davranıb. İlkin bilgilər toplanıb, iş üzrə Hərbi Prokurorluqla birlikdə araşdırma başlanıb və dəfndən bir gün sonra – 18 dekabrda, günün birinci yarısında rəsmi açıqlama dərc edilib:

“18.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu 16 dekabr 2015-ci il tarixdə saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat etmişdir.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən birgə araşdırma aparılır”. Qaynaq: DSX.

 

Anlaşıldığı kimi, xəbərin gizlədilməsinə cəhd belə edilməyib. Amma bu Həbib Müntəzir və ona bənzər elementlər yenə də qaşınmayan yerdən qan çıxarmağa çalışır. Hər kəsin həssas yeri olan əsgər ölümündən belə öz çirkin antitəbliğatı üçün istifadə edir!

Onu anladıq. Bəs bu adamın yalanlarını, qarayaxmalarını bəyənən, paylaşan, hələ şərh yazıb Azərbaycanı yıxıb-sürüyənlərə nə deyək? Üstəlik, aralarında keçmiş hərbçilərin də olmasını nəzərə alaraq?

Azərbaycan hakimiyyətini sevmirsiniz, şəxsi işinizdir. İstədiyiniz qədər tənqid edə bilərsiniz. Amma gərək tənqid də haqlı ola axı! Hələ vəfat etmiş əsgərin ailəsinin hislərilə oynamağınızı hara yazaq? İndi sizin bu cəfəng iddianız onların da qulağına çatacaq və düşünəcəklər ki, bəlkə doğrudan da əsgəri Azərbaycan dövləti özü qəsdən öldürüb və qanını batırmaq istəyir? Məgər bu hallar vətəndaşın dövlətə güvənini sarsıtmazmı? Siz indi guya Azərbaycan hakimiyyətinə zərbə vurmaq üçün belə edirsiniz də? Amma heç də elə görünmür! Bu cür yalanları yayanlar da, paylaşanlar da, bəyənənlər də Azərbaycan dövlətinə qarşı düşmən mövqeyi nümayiş etdirməkdən başqa heç bir iş görmürlər!

Bu arada, həmin o əsgərin ölümünə çox üzüldüyünü iddia edənlərdən bəzilərinin Facebook divarlarını da gözdən keçirdim. Kimisi sevgidən yazır, kimisi hardasa kef eləməkdən. Elə dünən də, bu gün də. Bəs siz axı “Azərbaycan hakimiyyətinin öldürüb qanını batırmaq istədiyi” əsgərimizin ölümünə çox üzülürdünüz? Necə oldu da bir tərəfdə üzüldünüz, o biri tərəfdə də eşq-məşq haqqında düşündünüz?…

Bu, sizin sifətinizdir, mahiyyətiniz, əsl simanızdır! Sizin dərdiniz əsgər dərdi deyil! Sizin dərdiniz, nə olur-olsun, Azərbaycana qara yaxmaq, onu hər addımda gözdən salmaqdır! Bilərəkdən bu cür davrananlara bir sözüm var: tfu sizin olmayan vicdanınıza!

Aldananlara isə sözüm budur ki, diqqətli olun. Kimlərsə sizi öz çirkin oyunlarına alət edir, xəbəriniz olsun.

Sonda əsgər Elnur Şövkətoğlunun ailəsinə başsağlığı verir, acılarını paylaşdığımızı bildiririk. İstənilən şəraitdə, istənilən səbəbdən bir əsgərin ölümü Vətən üçün böyük itkidir. O cümlədən Elnurun ölümü də.

 

 

Azər Həsrət

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !