Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən Moskvada kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün şənlik təşkil olunub - FOTO

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən Moskvada kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün şənlik təşkil olunub FOTO

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) ilə birlikdə Moskvadakı “Baku” kinoteatrında kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.

Bayrama 500-dən çox uşaq – general Kərim Kərimov adına 1583 nömrəli gimnaziyanın və 1331 nömrəli gürcü etnomədəni təmayüllü məktəbin şagirdləri, RF paytaxtındakı uşaq evlərində tərbiyə alan balacalar gəlib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova deyib: “Biz Yeni il bayramına xüsusi hazırlaşırıq. Uşaqlara sehirli və heyrətamiz nağıl dünyası bəxş etmək bizi həmişə sevindirir. Hər il təcrübəli artistləri dəvət edir, tədbirin ssenarisini və xüsusi effektləri hərtərəfli götür-qoy edirik. Bütün bu işlər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın ciddi nəzarəti altında keçirilir”.

Həmin gün peşəkar animatorlar “Akva-qrim”, “Bacarıqlı əllər dərnəyi”, Şaxta Baba, Qar Qız və Küpəgirən qarının iştirakı ilə “Yolka ətrafında”, “Sabun qovuqları şousu”, “Şokoladlı fontan”, “Foto-teatr” attraksionu və başqa interaktiv proqramlarla uşaqları sevindiriblər.

Bayram şənliyi çərçivəsində Yeni ilə həsr edilmiş pryanik və açıqcaların rənglənməsi üzrə ustad dərsləri də təşkil edilib.

Sonra RF Əməkdar Artisti, teatr və kino aktyoru, “Ostankino” Uşaq Akademiyasının emalatxana rəhbəri Aleksandr Oleşko kinoteatrın tamaşa zalında öz repertuarından məşhur uşaq mahnılarını ifa edib.

S. Obraztsov adına Moskva Akademik Kukla Teatrının artistləri tərəfindən hazırlanmış “Morozko” kukla tamaşası xüsusi maraqla qarşılanıb.

Bayrama gəlmiş uşaqların hamısına ənənəvi Yeni il hədiyyələri paylanıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !