Azər Həsrət: - Milli Məclis toy generalları nın yeri deyil

Azər Həsrət: Milli Məclis “toy generalları”nın yeri deyil

Yadımdadır, Mətbuat Şurasının ilk tərkibinə seçilmək üçün ciddi mübarizə gedirdi. Bu qurumun İdarə Heyətində yer alıb doğrudan da Azərbaycan mediası, ictimai maraqları üçün çalışmaq istəyən xeyli sayda insan vardı.

İl 2003, mart ayının 15-də ilk qurultay keçirilmişdi.

Seçilənlər arasında çağdaş Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndəsi, Yazıçılar Birliyinin sədri Anar da vardı. Deputat, filoloq və yetərincə fəal ictimai-siyasi xadim Nizami Cəfərov da seçilənlər arasında idi.

Təbii ki, seçilən digər üzvlər haqqında da yüksək sözlər demək olar. Yəni İdarə Heyətində bu gün olduğu kimi o gün də təsadüfi adam yox idi.

Amma sonrakı proseslər göstərdi ki, işlər heç də yolunda getmir. Anar və Nizami Cəfərov hər dəfə bir səbəb üzündən İdarə Heyətinin toplantılarına qatılmırdı. Yeni qurulmuş bir təşkilat olaraq toplantılarımız indiki kimi böyük fasilələrlə deyil, tez-tez olurdu. Lakin bu iki hörmətli şəxs toplantılara qatıla bilmirdi.

Hal belə olunca hər toplantıda davamiyyət məsələsini gündəmə gətirməyə başladım. Hərçənd yazıçı Anarın da, Nizami müəllimin də toplantılara qatılmaması haqlı səbəblərdən idi. Yəni adamların işi o qədər çox idi ki, vaxt tapıb bir də Mətbuat Şurasının işində iştirak edə bilmirdilər.

Sonrakı proseslərin ayrıntılarına toxunmadan deyim ki, artıq özləri də görəndə ki, toplantılara qatılmaq imkanları yoxdur, hər ikisi İdarə Heyəti üzvlüyündən ayrılmalı oldu. Ən doğrusu da bu idi zatən.

İstər Anar Yazıçılar Birliyinin sədri kimi, istərsə də Nizami Cəfərov deputat və Atatürk Mərkəzinin rəhbəri kimi öz işlərinin öhdəsindən layiqincə gəlir və onların bu yöndəki fəaliyyətlərini heç zaman tənqid etmirəm. Mətbuat Şurasındakı fəaliyyətlərindən fərqli olaraq…

Bütün bunları niyə xatırlatdım? Sadə bir səbəbdən: Azərbaycanda bəzən adamın imkanları nəzərə alınmadan vəzifəyə təyin edilməsi, deputat seçilməsi, hətta bir neçə işin başına gətirilməsi hallarından birinin üzərində dayanmaq istəyirəm.

Ötən həftə Milli Məclisin toplantısından bir reportajda səsverməni göstərdilər TV kanalları. Səsvermədə iştirak edənlərin ümumi sayı 100 nəfərdən aşağı idi. Yəni 125 nəfərlik Milli Məclisin işində ən azı 25 deputat iştirak etmirdi…

Bunun ardınca MM mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun iradlarını oxudum mediada. O, komitənin toplantısına qatılmamış deputatlar Zeynəb Xanlarova və Ülviyyə Həmzəyeva haqqında narahatlığını dilə gətirmişdi.

Adam haqlı idi. Milli Məclisə seçildinsə, onun işində yaxından iştirak edəcəksən. Özü də deputat olan kəslərin bir nömrəli işi elə bu Milli Məclisdir. Yəni toplantılara qatılmaq lazımdır, vacibdir.

Amma məsələnin belə olacağını öncədən proqnozlaşdırmaq olmazdımı? Olardı əlbəttə. Təbii ki, hər kəsin vazkeçilməz, təxirəsalınmaz elə bir işi çıxa bilər ki, MM-in işini, yaxud daha başqa bir vacib işi arxa plana keçirə bilər.

Örnək üçün, bu ilin oktyabrında ATƏT-in media azadlığı üzrə təmsilçiliyinin Tiflisdə keçirilmiş Güney Qafqaz toplantısının başlanmasına üç gün qalmış mən iştirakımdan imtina etməli olmuşdum. Çünki səhhətimdə ciddi problem yaranmışdı, fiziki cəhətdən ora gedib çıxa bilməyəcəkdim. Ona görə də təşkilatçılardan üzrxahlıq etdim, səfərim ləğv edildi. Səbəb üzrlü idi deyə heç kimsə buna görə mənə irad da tutmadı. Yəni deputatların da başına bir iş gələ bilər və bəzən toplantıya qatılmamaqda haqlı ola bilərlər.

Amma MM-in işində üzrsüz səbəbdən iştirak etməmək halları illərdir ki, gözümüzün önündədir axı. Hətta bir deputatın başqa bir deputatın yerinə səs verdiyi halları da görmək imkanımız olub TV-lərin efirində.

Konkret Zeynəb Xanlarovaya gəlincə, sənətinin pərəstişkarıyam, şəxsinə böyük sayğım var, bilirəm ki, Azərbaycan üçün doğrudan da gərəkli birisidir. Lakin onun dincəlmə zamanı çoxdan çatıb axı. Demirəm ki, ondan imtina edək. Əsla! Gözümüz üstündə yeri var. Sadəcə özü də anlamalıydı ki, artıq MM kürsüsünü işləmək imkanları daha artıq olan birisinə buraxmaq lazımdır.

Ülviyyə Həmzəyeva haqqında isə bir söz deyə bilmirəm. Çünki mənim üçün bu deputat yeni addır. Ümid edirəm ki, komitənin toplantısına qatılmaması üçün doğrudan da çox ciddi səbəbi olub.

Məsələ heç bunda da deyil. Yuxarıda qeyd etdiyim kimi, səsvermədə yüzdən az deputatın iştirakı göstərir ki, MM-in yeni tərkibinin bir ayı tamam olmamış ən azı 25 deputat toplantıya qatılmamışdı. Daha öncəki toplantılardan olan reportajlarda hətta daha az səs verən deputatın olduğunu da xatırlatsaq, deməli, bəzi deputatların davamiyyətində problem var. Özü də bu problem xroniki hal alıb.

Adamlar sadəcə daha vacib başqa işlərlə məşğul olduqları üçün MM-ə vaxt ayıra bilmirlər. Yəni sadə bir səbəbdir.

Elə burada da bir sual çıxır ortaya: adama deyərlər ki, MM-ə ayıracaq vaxtının olmayacağını bildiyin halda niyə deputat kürsüsünü məşğul edirsən? Sağda-solda Azərbaycanın çoxsaylı problemi varkən, niyə bu qədər vacib bir postu ölü nöqtəyə döndərirsən? Şəxsi məsələlərini sığortalamaq üçün? Olmadı ki! Azərbaycanın məsələləri axı hər bir deputatın şəxsi məsələlərinin fövqündədir.

MM-də çoxdandır ictimai rəyi narahat edən başqa bir məsələyə də toxunmaqda yarar var. Özəlliklə Ermənistanın işğalı altında olan torpaqlardan seçilmiş deputatlardan, kiçik istisnalarla, razı qalmaq mümkün deyil. Bu adamların ata-baba yurdu erməni tapdağındadır, amma onların məsələylə bağlı beynəlxalq tribunalardan səsini eşidən oldumu? Yenə də kiçik istisnalarla, biz eşitmədik. Eşidən olubsa, bizə də xəbər versin.

Bütün bunları yekunlaşdıraraq demək istərdik ki, bəzi adamların MM-in işində ümumiyyətlə iştirakı zatən öncədən şübhə altında olduğu üçün gərək onlar deputat kürsüsünə iddia etməyəydilər.

Yenə də örnək üçün, ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev istəsə belə, rəhbərlik etdiyi sahəni buraxıb MM-in işində iştirak edə bilməyəcək.

Yaxud da başqa bir deputat – Cavid Qurbanov. Böyük və çox vacib bir sahəyə başçılıq edir. Orada onun işi zatən başından aşır. Bu adam da ya gərək o işləri buraxıb MM-də otura, ya da MM-i buraxıb əsas işi ilə məşğul ola. Yəni ikisi bir yerdə mümkün deyil.

Belə örnəklər az deyil MM-də. Nəticə?

Nəticə isə heç də ürəkaçan deyil. Adamlar eyni zamanda bir neçə kürsünü məşğul etməklə bütün sahələri iflic edirlər. Ona görə də nə MM lazım olan keyfiyyəti nümayiş etdirə bilir, nə də “bir ayağı sosializmdə, digər ayağı kommunizmdə” olan deputatların məsul olduqları sahələrdəki problemlər tükənir.

Çıxış yolu varmı? Var əlbəttə. Amma bu da o cür deputatların özlərindən asılıdır. Ya gərək bütün digər və “daha vacib” işlərini atıb özlərini bütünlüklə MM-ə həsr etməli, ya da MM-dən çəkilib kürsüləri işləyə biləcək adamlar üçün boşaltmalıdırlar. Hər halda mənim ağlıma gələn bu oldu.

Artıq MM “toy generalları”nın yeri deyil. O dönəmlər çoxdan arxada qaldı. İndi millətə xidmət etməyə həvəsi və imkanları olanların yeridir MM…

Sözardı: Kimsə düşünməsin ki, bu yazı adı keçən deputatları hədəfə almaq üçün yazılıb. Sadəcə ilk anda ağlıma gələn onlar oldu. Bəlkə də buna görə sevinə bilərlər. Çünki MM-də elələri var ki, davamlı olaraq deputat kürsüsündə otursalar da hətta mənim kimi ictimai fəal insan belə onların adlarını xatırlaya bilmir… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !