Azər Həsrət: - Heydər Əliyevi anarkən

Azər Həsrət: Heydər Əliyevi anarkən

Yadımdadır, 2001-ci ilin noyabr ayı idi. Yeni Azərbaycan Partiyasının qurultayında üç müxalif qəzet – “Azadlıq”, “Yeni Müsavat” və “Hürriyyət”lə bağlı, o vaxtkı deyimlə desək, ölüm hökmü çıxarılmışdı. Biz bir neçə həmkarımla birlikdə Avropa səfərindəydik o günlərdə. Xəbəri aldığımız zaman Soros Fondunun maliyyələşdirdiyi bir səfər çərçivəsində NATO, Avropa Birliyi, Avropa Şurası və s. qurumlar da daxil olmaqla bir çox beynəlxalq təşkilatlarla tanışlıqla məşğulduq. Mənimlə birlikdə Rauf Arifoğlu, Rauf Talışinski, Arif Əliyev, “Avrasiya” Fondunun hüquqşünası Fuad bəy də vardı o səfərdə. Xəbəri alar-almaz nə edəcəyimizi götür-qoy etməyə başladıq. Təhlükə böyük idi. Geri dönüncə redaktorları toplayıb atacağımız addımları müzakirə edəcəkdik.

Döndük və müzakirə etdik. Qərara gəldik ki, etiraz aksiyalarına başlayaq. Ayrıntılara varmadan deyim ki, məsələ Prezident Heydər Əliyevə qədər gedib çıxdı. Bizə xəbər gəldi ki, cənab Prezident problemlərimizi dinləmək istərdi. Açığı, bu hərəkəti gözləmirdik. Amma o, özünəməxsus müdrikliklə bizi – ən radikal etirazçıları dəvət edib dinləmək istəyirdi. Özümüz də çaşqınlıq içindəydik. Amma qəbul etdik. Zatən bu fürsəti əldən vermək olmazdı. Prezident bizi qəbul edəcək, biz də dərdlərimizi ona deyəcəkdik.
Yenə də ayrıntılara varmadan qeyd edim ki, məlum görüş baş tutdu. Biz – etirazçılar görüşə 8 nəfərlə getdik. 4 nəfərin – Arif Əliyev, Mehman Əliyev, Rauf Arifoğlu və mənim çıxışım nəzərdə tutulmuşdu. Görüş aşağı-yuxarı 3 saat çəkdi. Hər kəs sərbəst şəkildə fikirlərini söylədi. Bizim 8 nəfərlik heyətdən başqa görüşdə hakimiyyət mediasının nümayəndələri də vardı. Onlardan da çıxış edənlər oldu.

İrəli qaçaraq bildirim ki, görüşdə səslənən bütün çıxışlar heç bir senzura tətbiq edilmədən Az.TV-də verildi. Eyni zamanda dövlət qəzetlərində dərc edildi.

Yaddaqalan görüş idi. Ən yaddaqalan və görüşə damğasını vuransa Rauf Arifoğlunun çıxışına verilən reaksiya idi. Ulu Öndər özünəxas müdriklik və çevikliklə vəziyyəti xilas etmişdi.

Rauf Arifoğlu çıxışında qeyd etdi ki, “Heydər bəy, sizin yaxın ətrafınızdakı adamlar da bizi incidir”. O isə bir anlıq duruxub üzünü Rauf bəyə tutdu və ciddi görkəm alaraq, “kimdir onlar”, deyə soruşdu. Rauf bəysə cavabında, “elə biri sizin qardaşınız Cəlal Əliyev”, deyə cavab verdi.

Bir anlıq zalda hamı dondu. Belə bir durumda reaksiyanın necə olacağını içi mən daxil yəqin ki, heç kim təxmin edə bilməmişdi. Amma H.Əliyev hər zamankı kimi çox üsulluca, müdrikliklə reaksiya verdi. O, üzünü Rauf bəyə tutaraq təbəssümlə, “bilirsən, o elə adamdır ki, ona heç mən də söz deyə bilmərəm” deyərək işi zarafata bağladı. Hamımız gülüşdük və hər kəs rahat nəfəs aldı. Müdrik və usta siyasət adamı H.Əliyev ehtimal edilən gərginliyi beləcə aradan qaldırmış oldu.

Çox uzun çəkən görüşü bitirmək istəyən H.Əliyev üzünü zala tutub bu fikrini səsləndirəndə əlimi qaldırıb söz istədim. “Kimdir orda, buyur” dedi.

Tribunaya çıxıb mümkün qədər qısa şəkildə ayrı-ayrı qəzetlərə basqılardan danışdım. Yadımdadır, “Avropa” qəzetinin məhkəmə işlərindən də danışmışdım. Soyadını unutduğum Hüseyn adlı bir məmurun qəzeti məhkəməyə verib sıxışdırdığını qeyd etmişdim. Bunu eşidən Ulu Öndər, “o kimdir elə”, deyə soruşdu. Mənsə cavabında, səhv etmirəmsə, AzərAvtoNəqliyyat müəssisəsinin rəhbəri olduğunu dedim…

Görüş çox yaddaqalan oldu. Ölkədə ab-hava dəyişdi əməlli-başlı bundan sonra. Jurnalistlərə, mediaya münasibət xeyli yumşaldı. H.Əliyev şəxsən göstəriş verdi ki, qəzetlərin nəşriyyata olan borcları dondurulsun. Kağız idxalındakı problemlər də həll edildi. İşləmək xeyli rahatlaşdı ondan sonra. Ulu Öndərin bu münasibəti məmurlar üçün bir işarə oldu. Artıq onlar jurnalistlərə qarşı sərt davranışlardan çəkinməyə başladılar…

Hə, bir də o Hüseyn adlı məmur bu görüşdən bir müddət sonra ortalıqdan yox oldu. Açığı, o zamandan onun harada, nə işlə məşğul olduğu haqqında heç bir bilgimiz yoxdur. “Avropa” qəzetinin canı da o adamdan birdəfəlik qurtulmuş oldu beləcə…

Bu gün H.Əliyevin anım günüdür. Onu sayğı və minnətlə anırıq. Zamanında ən sərt tənqidçilərindən biri olmuşam. Amma heç bir zaman buna görə nəinki basqı görmədim, hətta xətrimə dəyəcək bir söz belə deyən olmadı. Biz jurnalistlərə o qədər yüksək dəyər verirdi ki, hətta dəvət edib tənqidlərimizi dilimizdən eşitmək istəyirdi Ulu Öndər. Allah məkanını cənnət eləsin.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !