Azər Həsrət: - Naqifin naqisliyi və sürükləndiyimiz girdab

Azər Həsrət: Naqifin naqisliyi və sürükləndiyimiz girdab

Neçə gündür ölkə mediası Naqif adlı bir deputatın layiq olmadığı posta yüksəlməsindən dərhal sonra millətin uca dəyərlərindən olan Məhəmməd Əmin Rəsulzadəyə dil uzatmasını müzakirə edir.

Rəsulzadə daha öncə də tənqid edilib, müzakirə olunub və bütün bunlar əxlaq çərçivəsini aşmayıb. Amma bu Naqif Rəsulzadə boyda kişini “arvadına sahib dura bilməməkdə” ittiham edib.

Təsəvvür edirsinizmi? Buna görə köhnə Bakıda, elə Gəncənin özündə də adamı duelə çağırar, yaxud da bıçaqlardılar. Amma nə edək ki, indi Rəsulzadə bunu edə bilmir. Görünür, bu adam da ona görə belə ürəklənib, başından yuxarı tullanmaq istəyib, millətin dəyərlərindən birinə çamur atıb. Özü də əxlaq dışı davranaraq.

Əslində, buna təəccüblənmirəm.

Seçki öncəsi prosesləri yaxından izləyən, özü üçün təhlil edən birisi kimi sakitcə bu qənaətə gəlmişdim ki, parlamentin budəfəki tərkibində kimlərsə mütləq hakimiyyəti, Prezidenti pis vəziyyətə qoyacaq. Sadəcə, onların ağızlarını açıb danışmalaırnı gözləyirdim.

Deyirlər axı, danış, sənin necə birisi olduğunu söyləyim. Bu Naqif danışdı, necə birisi olduğu göründü və ona etimad göstərən partiyasına, ən önəmlisi isə Prezidentə elə bir zərbə vurdu ki, ölkənin bu çətin günündə bir də buna enerji xərcləməli oluruq.

Qeyd etdim, təəccüblənmirəm. Çünki hazırda parlamentdə təsadüfi adamlar az deyil. Əvvəllər də belələri vardı. Amma onlar heç olmasa pis-yaxşı el içində tanınan, ağzında dili olanlar idi. Bu dəfə seçilənlər arasında elələri var ki, elin nə içində, nə də dışında bir işə yaramırlar və yaramayacaqlar da.

Anladığım odur ki, Prezident İlham Əliyev seçki prosesinə mümkün qədər müdaxilə etməməyə çalışıb. Əsasən yerli icra hakimiyyətlərinin də rəylərini nəzərə alıb. Ki, yerlərdə xalqla işləyə biləcək yeni namizədlər ortaya çıxsın, özəlliklə də gənclərə və qadınlara imkan yaradılsın.

Prezidentin bu prosesə belə yanaşması təqdirəlayiqdir əlbəttə. Amma görünür, belə etmək işin ziyanına olub.

Nəticə isə göz qabağındadır. Heç bir ay keçmədən təsadüfi adamlardan biri artıq nə işə yaradığını ortaya qoydu.

Şübhə etmirəm ki, hələ irəlidə belələrinin yeni nüsxələrini də görəcəyik. Bir yazımda da yazmışdım, internetdə axtarış zamanı adı çıxmayan adam necə deputatlığa namizəd olur və sonra seçkini qazanır axı? Bu gün Azərbaycana məgər belə deputatlarmı lazımdır?

Yaxud, ömründə heç bir ictimai-siyasi işlə məşğul olmayan, dünyada baş verən proseslərdən xəbərsiz adamların parlamentdə nə işi var? Niyə Prezidentə bu məsələdə də xəyanət edildi?

Məgər illərdir Prezidenti aldadıb MTN işi kimi böyük bir xəyanət olayına səbəb olmaq yetmədimi ki, indi də parlamentə kimi gəldi dürtüşdürüb ölkəni rəzil günə qoyursunuz? Niyə axı, niyə?

Bu adamlar doğrudanmı bu millət üçün dəyərli, vazkeçilməzdirlər? Elədirsə, niyə bugünədək həmin adamların Azərbaycanın ən adi probleminin həllində belə adını eşitmədik?

Yadımdadır, bu il iyulun 21-də cənab Prezident Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edərkən deyirdi ki, bəzi məmurlar məni aldadır. Ona görə də siz jurnalistlər yazın ki, mən də hər şeydən xəbərdar ola bilim.

Prezident düz deyirdi. Bu seçkidə də onu aldadanlar oldu. Təsadüfi adamları, qohum-qardaşı, tanış-bilişi parlamentə gətirməklə. Hər kəs özünə işlədi bu seçkidə və nəticə də özünü çox gözlətmədi. Halbuki Azərbaycanın normal deputatlara, normal parlamentə çox ehtiyacı var, çox…

Naqifin və onun kimilərinin məsələsinə gəlincə, vallah, artıq bu təsadüfi adamlardan nəinki parlament, YAP-ın özü belə tərəddüd etmədən qurtulmalıdır. Yoxsa elə bir girdaba sürüklənəcəyik ki, heç kim bizi oradan çıxara bilməyəcək… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !