Azər Həsrət: - Nardaran əhli girovluqdan azad edilməlidir

Azər Həsrət: Nardaran əhli girovluqdan azad edilməlidir

Nardaranda qayda-qanunun yaradılması istiqamətində atılan addımları təqdir edirəm. Gecikmiş addımlardır, amma gec də olsa atılması sevindiricidir.

Nardaran əhli bir qrup orta əsr təfəkkürlü fanatik dindarın əsarətindən xilas edilməlidir. Özü də əbədi olaraq. O kəndin camaatı hər cür sayğıya və qayğıya layiqdir və dövlət mütləq bunu nəzərə alacaq.

Nardaranda dünyəvi məktəblərə xüsusi diqqət ayrılması vacibdir.

Kənddə həm də qadınların ictimai həyata fəal şəkildə qoşulması üçün tədbirlər görülməlidir.

Əhalidə olan silahlar birmənalı şəkildə və tam olaraq toplanmalı, vəziyyəti nəzarətdə saxladığını iddia edən qeyri-rəsmi ağsaqqallar şurasıyla bağlı uyğun addımlar atılmalıdır.

Biz Nardaranı bir qrup başıpozuğun öhdəsinə buraxsaq Azərbaycanın bu kəndi Türkiyənin PKK-nın at oynatdığı şəhər və kəndlərinin gününə düşəcək.

Yayılan görüntülər də dövlətin müdaxiləsi olmayacağı təqdirdə bunun baş verəcəyini təsdiqləyir. Nardaranın yollarında barrikadalar qurulub, daş-kəsəklə, armaturla silahlanmış gənclər vəziyyətə “nəzarət” edir. Təsəvvür etmək belə istəmədiyimiz görüntülərdir bunlar!

Tam da PKK terrorçularının əməllərinə bənzəyir bunların əməlləri!

PKK da eyni cür fəaliyyət göstərir. Bir tərəfdə dövlətə qarşı silahlı üsyan edir, polisi, müəllimi, həkimi öldürür, digər tərəfdə də yerli sakinləri qorxu altında tutur. İndi Nardaranda eyni hal mövcuddur.

Pis örnək yoluxucu olar deyiblər. Nardarandakı durum pis örnəkdir. Başqa kəndlərə də yoluxa bilər. Ona görə də beşiyində boğulmalıdır bu cahillərin orta əsr qafalı əməlləri!

Nardaran əhlinin normal yaşama dönə bilməsi üçün kənddə yeni iş yerləri açılmalıdır. Kəndin içindəki ümumi görüntü kökündən dəyişdirilməlidir.

O qara bayquşların qara bayraqları birmənalı şəkildə yığışdırılmalıdır kənddən! Ölkəmizin hər guşəsində olduğu kimi bu kənddə də tək bir bayraq – üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı dalğalanmalıdır!

Nardaran əməliyyatıyla bağlı bəzi insanlar narahat olurlar. Ki, polis nəzarəti var, maşınla hərəkət etmək olmur və s. Çox vacibdir ki, vətəndaşlarımız bu duruma anlayışla yanaşsınlar.

Əgər biz Azərbaycanın hər gün bombaların partladığı, terrorun meydan suladığı, vətəndaş sülhündən məhrum bir ölkəyə çevrilməsini istəmiriksə, bu müvəqqəti çətinliklərə də təmkinli yanaşmalıyıq.

Bir də onu özəl olaraq vurğulamaq lazımdır ki, baş verən olaylara görə, bütün Nardaran əhlini suçlamaq kökündən yanlışdır. Sadəcə bir qrup fanatik casusun əməllərinə görə, bütün kənd əhlini günahlandırmaq doğru deyil.

Heç şübhəsiz bu kəndin minlərlə sakini Azərbaycan dövlətinə sadiqdir və o fanatiklərin əlindən zara gəliblər. Ona görə də dövlət məhz bu sakinlərin də dəstəyilə kənddə yaxın zamanda islahatlara başlamalıdır.

Bələdiyyənin, icra hakimiyyətinin və polisin kənddə normal fəaliyyəti təmin edilməlidir. Bütün bunların baş tutması üçün hər kəsdən öncə Nardaran əhli fəallıq etməlidir.

Dini icraatlara gəlincə, bunun üçün də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayrıca proqram tətbiq etməlidir. Hər yerindən duranın bu kənddə din adına at oynatmasına yol vermək olmaz.

Kəndin sakinlərinin ölkədən kənarda din təhsili alması isə ümumiyyətlə yasaqlanmalıdır. Özü də bu yasaq təkcə Nardaran üçün deyil, bütün Azərbaycan üçün keçərli olmalıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !