Azər Həsrət: - Azərbaycanla bağlı mümkün senari…

Azər Həsrət: Azərbaycanla bağlı mümkün senari…

Azərbaycanı qarışdırmaq istəyirlər. Özü də hər tərəfdən.

Bir tərəfdə və əslində, ən başda gələn ABŞ-dır. Burada inqilab etmək istərdi. Hələ ki, alınmır. Çünki illərdir çalışsa da şəraiti yetişdirə bilmir.

İkincisi ABŞ-ın yedəyində sürünən Avropadır. ABŞ kimi Azərbaycanla diktə dilində danışmaq istəyir. Alınmır. Ona görə də suyu bulandırıb balıq tutmaq istəyir.

Üçüncüsü Rusiyadır. Özünü yetərincə təmkinli aparsa da bir yerlərdə bir şeylər etdiyi şübhəsizdir.

Dördüncüsü isə İrandır ki, az qala ABŞ qədər, bəzən də ondan da artıq fəaldır. Bu ölkənin hələ də orta yüzillər təfəkkürüylə yaşayan başı sarıqlı mollaları ikidə bir Azərbaycanla bağlı bəyanatlar verir, hətta Bakıya qədər gəlib burada bəzi adamlara əllərini də öpdürə bilirlər…

Beşincisi də var. Bunlar adətən qeyri-ənənəvi dini sektalar, müxtəlif fərqli qruplardır ki, səs-küysüz içimizə daxil olmaqla məşğuldurlar. Örnək üçün, Satya Sai sektası kimi. Bu sekta elə təqdim edilir ki, sanki dünyanı xilas edəcəkmiş. O və ona bənzər təzahürlərlə bağlı ayrıca yazım olacağına görə, bunun üzərində çox dayanmıram.

Beləliklə, ilkindən başlayaq. ABŞ dünyanın hazırda ən çox diqqət mərkəzində olan ölkələrində inqilabların generatoru kimi tanınır. Tunisdən başlayıb Misirə, Liviyaya, Suriyaya qədər yayılan ərəb baharı adlı təzahürün arxasında ABŞ-ın olması heç kimə sirr deyil.

Buna qədərsə, İraqın altının üstünə çevrilməsi, Səddam Hüseynin devrilib edam edilməsi də ABŞ-ın hesabındadır. Bu ölkə hələ 1990-cı ildəki ilk müdaxilədən bu günə qədər özünə gələ bilmir. Hər gün hər yerdə ölüm var. Dövlətin avtoriteti ayaqlar altındadır. Hər ağızdan da bir avaz gəlir. Bütün bunlara isə demokratiya adı verilib.

Səddam dönəmində ABŞ-ın uğrunda “çarpışdığı” demokratiya yox idi, amma səhər evindən çıxan hər kəs axşam rahat şəkildə evinə dönəcəyinə əmin idi.

İndi Misir, Liviya və Suriya da eyni gündədir. Heç kimsə səhər evindən çıxarkən axşam evinə dönəcəyinə əmin deyil bu ölkələrdə. Heç axşam yatıb səhərə gözünü açacağına da əmin deyil insanlar. “Demokratiya” uğrundadır bütün bunlar…

Demokratiya naminə Misirə devrilmiş Hüsnü Mübarəkdən də qəddar bir şəxs başçılıq edir indi.

Qonşu Liviyada demokratiya naminə qətl edilmiş Müəmmər Qəddafinin yerini heç kim tuta bilməyib. Ölkə xaos içindədir, heç kim özündən başqasının sözünü eşitmək istəmir.

Suriya isə 250 min insanını demokratiyaya qurban verib və verməyə də davam edir. Təkcə Türkiyədə bu ölkənin 2 milyondan çox vətəndaşı qaçqın həyatı yaşayır…

ABŞ-ın Avropayla əlbir olub inqilaba sürüklədiyi daha bir ölkə də Ukraynadır. Torpağı əldən getmiş, zorla müharibəyə cəlb edilmiş Ukraynanın nə zaman özünə gələ biləcəyini proqnozlaşdırmaq çox çətindir.

Buna qədərsə, lap burnumuzun ucunda Gürcüstan örnəyi var. ABŞ-ın yetirməsi olan bir gəncin – Saakaşvilinin avantürizmi sonucu Abxazıya və Güney Osetiyanı birdəfəlik itirmiş Gürcüstan. Rus tanklarının Tiflisin civarlarına qədər gəlib çıxmasına səbəb olmuş bu avantürizm də Qərbdə qəhrəmanlıq kimi qələmə verilirdi…

Bütün bunlar Azərbaycanın da diqqətli olmasını vacib edir əlbəttə.

Hazırda heç kim təminat verə bilməz ki, bizdə də kələfin ucu qaçan deyil. Hələ nəzərə alsaq ki, MTN kimi önəmli bir qurumda hansı utanc olayları baş verib, təhlükə birə on artmış olacaq.

Bəs, Azərbaycan üçün hansı senarilər işlənə bilər?

Əgər nəzərə alsaq ki, ölkə əhalisinin böyük çoxluğu ərəb coğrafiyasında, Ukrayna və onadək Gürcüstanda baş verənləri diqqətlə izləyib acı sonuclarını düzgün qiymətləndirə bilir, elə də ciddi təhlükəylə üz-üzə olmadığımızı demək olar.

Amma bu, bizim doğrudan da yaxın gələcəkdə heç bir təhlükəylə üzləşməyəcəyimiz anlamına gəlirmi? Əsla! Azərbaycanda hər an hər şey baş verə bilər!

Lakin bu hər şeyin qaynağı heç də gözlənildiyi kimi Qərb – ABŞ və Avropa olan deyil. Burada bir hadisə baş versə, onun səbəbi hələ də Prezident İlham Əliyevə xəyanətini davam etdirən yüksək rütbəli məmurlar və onların bu əməllərindən faydalanıb ölkədə şəbəkələşməyə imkan tapan radikalizmə meylli qruplar olacaq.

Prezident İlham Əliyev dəfələrlə deyir ki, korrupsiya, insanların incidilməsi yolverilməzdir. Amma baxırsan ki, bu sözlər bəzi məmurların vecinə də deyil! Adamlar rəsmən üzə dururlar! Prezidentin belə sözünü veclərinə almırlar! İnsanları incitməyə, incitmək üçün başqa yollar axtarıb tapmağa çalışırlar! Bu isə həm Prezidentə olan ümumxalq güvənini zədələyir, həm də narazıların öz iradələrini ifadə etməsi üçün başqa yollar axtarmasına səbəb olur…

Belə bir durumda Azərbaycanı qarışdırmaq istəyən qlobal güclər hansı üsula əl ata bilər?

Bir neçə gün öncə bunun işartılarını gördük. Özünü az qala Həzrət Əlinin yer üzündəki təcəllası kimi görən yarımqafalı bir fanatik İran uzantısı çıxıb bəyanatlar verməyə başladı. Özü də siyasi bəyanatlar. Bu adam Aşura günündə Azərbaycan dövlətini yıxdı-sürüdü, çağırışlar etdi, insanların İslam sevgisini ağalarının istəklərinə calamağa çalışdı. Bu iş bir qədər alındı da.

Ardından Bakıda baş vermiş məlum “etiraz” olayı. İddia edildi ki, “inanclı insanlar” zülmə etiraz edirlər. Zülm də nəymiş? Polis bunlardan birini həbs edibmiş. Bu həbs də haqsızmış.

Lap tutaq ki, elədir. Adama deməzlərmi ki, hüquqi dövlətdə polisin üzərinə getmək, onun qanuni vəzifələrini icra etməsinə mane olmaq yolverilən deyil? Deyərlər əlbəttə!

Bu olayların ardından bu qrupun başında duran məlum zat bəyan etdi ki, “bizim mübarizəmiz dinc mübarizədir. Biz islahat yolu ilə, seçki yolu ilə hakimiyyətin dəyişdirilməsinin tərəfdarıyıq”.

Anlamadım getdi, deyəcəkdim. Amma demirəm.

Bəs bunlar dinlə, ibadətlə məşğuldular? Necə olur da hakimiyyət dəyişikliyindən danışırlar? Hələ bunların bəzi uzantıları Azərbaycanda qanın su yerinə axacağı haqda qorxunc xəbərdarlıqlar da edirlər. Bunun adı nədir görəsən?

Mən bilirəm nədir!

Qlobal güclərin Azərbaycan üçün hazırlamaqda olduğu sözdə İslam inqilabı! 1979-cu il İran İslam inqilabı kimi bir şey yəni!

Tarixdən az-çox başı çıxanlar yəqin ki, İranın 1979-cu il inqilabına qədər dünyəvi, normal bir dövlət olduğunu bilirlər. Onu da bilirik ki, bu dünyəvi dövləti İslam adına devirib yerində hazırkı fanatik molla rejimini quran şəxs – Xomeyni də Fransadan tirajlanmışdı! Fransaya çoxmu lazım idi İslamın dövlət səviyyəsində dirçəlişi? Təbii ki, yox. Sadəcə sözə baxmayan İran rejimini çökdürmək üçün İslam dinini belə dövrəyə buraxmaqdan çəkinməmişdi bu Qərb “demokrat”ları…

İndi Azərbaycanda da bənzər prosesləri körükləndirmək istəyənlər var. İnsanların dini inanclarını alət edərək ölkəni qarışdırmaq, sözəbaxan bir rejimi dövlət başına gətirib bizi də Suriyanın, İraqın gününə qoymaq istəyən qüvvələr durmadan çalışır.

Radikal çağırışlar edir bunlar. Səbəblər də göstərirlər. Korrupsiya, məmur özbaşınalığı kimi. Sadə vətəndaş da bu problemlərdən əziyyət çəkdiyi üçün o çağırışlara aldanır.

Belə olan halda nə etməli? Əlbəttə ki, radikalların işinə yarayan halları aradan qaldırmalı!

Prezident İlham Əliyev bunları edir. Yüksək rütbəli məmurların da uyğun davranmasını tələb edir. Amma görünən odur ki, həmin o yüksək rütbəli gəmiricilər əməllərindən qalmaq istəmir.

Sözümün canı var.

Xalq arasında söz gəzir ki, iş adamlarını cana yığmış vergi məmurları indi də başqa əmələ əl atırlar. Əvvəllər xərac topladıqları iş adamlarına xəbər göndərib daha onları yoxlamayacaqlarını, amma uyğun məbləğin özləri tərəfindən göndərilməli olduğunu deyirlərmiş… Bunun nə qədər doğru olduğunu bilmirəm, lakin mümkün sayıram. Əgər belədirsə, deməli, bu sahənin başbilənləri hələ də Prezidentin ayağının altını qazmaqla məşğuldurlar!

Digər bir problem də gömrüklə bağlıdır. Yenə də iş adamları onlardan əvvəlki qaydada rüşvət alındığından şikayətlənir! Bəs Prezidentin çağırışları, bəyanatları, xəbərdarlıqları hara getdi? Anlaşılan odur ki, gömrük orqanları da bu əməlləri davam etdirməklə radikalların əlinə işləyir…

Bax, bu cür halların qalması cana doymuş insanların nəticələrinə baxmadan istənilən narazı qüvvəyə qoşulmasına səbəb ola bilər. Elə Azərbaycanda ortalığı radikallaşdırmağa öz xəbis əməllərilə səbəb verən adamlar da bunun fərqində olmalıdır. Amma olmaq istəmirlər. Baxmayaraq ki, Prezident İlham Əliyev bunun fərqindədir və səbəbləri aradan qaldırmaq istəyir.

O kəslər ki, hazırda Prezidentin yaxın ətrafında oturub onun bu çağırışlarını qulaq ardına vurur, həmin adamlar xəyanət içindədir! Təmizlənməlidir bu adamlar! Əks təqdirdə hazırda sayı az olan radikalların sayının bir anda artması qaçılmaz olacaq.

Və Azərbaycan üçün mümkün senari də bunun üzərində qurulacaq… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !