QHT xalçaçı qadınlara tibb paketləri paylayıb -

QHT xalçaçı qadınlara tibb paketləri paylayıb

Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsinin icrasını davam etdirir.

Birlikdən verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Quda rayonda “Aygün” firmasının xalça sexində keçirilib.

Tədbirdə tibb bacısı Səmayə Mirzəyeva, xalçaçılıq peşəsinin sahibi olan və peşəyə yiyələnmək istəyən gənc xanımları iştirak ediblər.

Birliyin sədri Fatimət Ağamirzəyeva xanımlara layihənin donoru və məqsədi haqqında məlumat verib.

F. Ağamirzəyeva və tibb bacısı S. Mirzəyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların: əllərinin və barmaqlarının qanamasının, ayaq ağrılarının, göz yorğunluğunun aradan qaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumi gigiyena barədə maarifləndirici məlumatlar veriblər. Peşə xəstəliklərinə aid müzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub. Bundan başqa işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.

Sonra QHT sədri və tibb bacısı tərəfindən əllərin, qolların və göz yorğunluğunun aradan qaldırılması üçün məşq hərəkətləri nümayiş olunub və tədbir iştirakçıları ilə birlikdə idman hərəkətləri edilib.

Xalçaçı qadınların sağlamlığının qorunması məqsədilə keçirilən tədbirdə tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri təbdir iştirakçılarına paylanılıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.

Tədbirdə xalçaçı qadınları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin məqsədi milli-mədəni irsimiz olan xalçaçı peşəsinin sahiblərinin ictimai, tibbi, şəxsi və gigiyenik, tənəffüs təmizliyi ilə bağlı maarifləndirilməsindən, xalçaçı qadınlara bəzi peşə xəstəlikləri və profilaktik tədbirlər haqqında bilik verilməsindən, maarifləndirilməsindən və düzgün istiqamətləndirməsindən ibarətdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !