Orxan Bahadırsoy: - Mən sevə bilməmişdim

Orxan Bahadırsoy: Mən sevə bilməmişdim

Bilirdim, ayrılıq ölmək kimi asan deyil. Amma mən bunu bacarmışdım. Ayrılmaq bir yana dursun, unuda bilmişdim. Çoxunun edə bilmədiyini...

 

Hər yay aylarında dincəlməyə getdiyim, dağ döşündə yerləşən kənd restoranlarının birində tanış olmuşduq onunla. Bu restoran çay sahilində yerləşirdi. Çaya qayıqlar salınmışdı. O, qayığa minməyə çalışırdı, amma bacarmırdı. Qayıq gah sağa, gah sola çevrilirdi. O isə qayığın sağ və sol tərəflərindən yapışıb qısa ətəyini çəkə-çəkə, üzünə tökülən uzun saçını kürəyinə ataraq, yıxılmamaq üçün mübarizə aparırdı. Kürəkləri götürmək ağlına gəlmirdi.
Yaxınlaşdım. Kömək edə biləcəyimi dedim. Gülərüzlə qarşılayıb, təklifimi qəbul etdi. Kürəkləri götürüb, qayığa mindim. Təqribən yarım saat bu dağ çayında qayıq turu atdıq. Bu zaman ərzində adını, yaşını, harda yaşadığını öyrəndim, biraz da ümumi məsələrdən danışdıq – ailədən, təhsildən, işdən, cəmiyyətdən, sevgidən filan.
Paytaxtda yaşayırdı. Bura dincəlməyə gəlmişdi. Mən tək gəlmişdim, o isə valideynləri ilə. Buna görə də sərbəst deyildi. İyirmi günlük istirahətimiz boyunca valideynlərinin başı nəyəsə qarışan kimi yanıma gəlirdi. Gəzirdik, qayığa minirdik, çay içirdik...
Tibb Universitetində oxuyurdu. Mən isə rejissorluq üzrə təhsil alırdım. Həkimlərlə incəsənət adamlarının ruhu həmişə yaxın olur. Həkimlər insanın cismini, incəsənət adamları isə ruhunu müalicə edir. Ona görə də yaxşı dil tapırlar. Həmin vaxtlarda buna tam əmin olmuşdum.
İstirahətimiz bitdi və paytaxta qayıtmalı idik. Yaxşı yadımdadır ki, həmin çayın sahilində sonuncu dəfə qayığa mindik, o, gəzinti boyunca kövrəlirdi. Dolan gözlərini məndən gizlətməyə çalışırdı. Amma sağollaşmalı idik. Yay bitirdi, dərs ili başlayırdı. Axı biz həmişəlik ayrılmırdıq, paytaxtda görüşəcəkdik. Bir-birimizə əlaqə üçün müxtəlif vasitələr vermişdik: ev ünvanı, şəhər və mobil telefon nömrələri. O vaxt hələ sosial şəbəkələr yox idi...
Paytaxta gəldikdən sonra bir müddət əlaqə saxladıq. Telefonla danışırdıq, hərdən görüşürdük, gəzirdik. Amma sonra mən kirayə yaşadığım evdən çıxdım, özümə ev aldım. Telefon nömrəmi də dəyişdim. Onunla əlaqə saxlamadım. Çünki başqa bir qadına aşiq olmuşdum, evlənəcəkdim.
Gəncliyin xoş bir xatirəsi kimi ayrıldım ondan və unutdum onu. Uzun müddət heç yadıma da düşmədi. Başım təhsilə, teatr tamaşalarına, filmlərə, yenicə qurduğum ailəyə qarışmışdı. Hər günümün maraqlı iş və ailə macərası vardı. Bu qədər xoşbəxtliyin içində o kədərli qadını xatırlamaq məni bədbəxt edə bilərdi. Nə olsun ki, mən ona aşiq deyildim? Axı bilirdim: o mənə aşiq olmuşdu.
İyirmi beş yaşımda ata oldum. Həyatımı ailə qayğıları ilə iş qayğıları arasında bölməli idim. Hesab edirəm ki, bunu kifayət qədər ustalıqla bacarırdım. Amma qarşıda məni böyük bir iş imkanı gözləyirdi və bunu əldən buraxa bilməzdim.
Həmin vaxtda sosial şəbəkələr yarandı. Dostlarımın vasitəsi ilə bu şəbəkələrdə qeydiyyatdan keçdim. Onu - unutduğum qadını tapmalı idim və onu tapmaq üçün tək şansım sosial şəbəkə idi. Çünki telefon nömrələrini, ev ünvanını – onunla bağlı çox şeyi unutmuşdum. Təkcə adı yadımda qalmışdı.
Sosial şəbəkədə onun adını axtarışa verdim. Bu adda olan bütün istifadəçilərin profillərinə baxdım. Bir xeyli əziyyətdən sonra, nəhayət, onu – unutduğum qadını tapa bildim. İlk mesajım belə oldu:
-Salam. Tanıdın?
Necə tanımazdı ki? “Əlbəttə” yazdı. Bilirdim tanıyacağını. O, məni heç vaxt unuda bilməzdi. Çünki mən onun ilk səmimi məhəbbəti idim. Bunu rejissorluq istedadımla kəşf etmişdim və əmin olmuşdum.
Danışdıq, vədələşdik. Şənbə günü görüşəcəkdik. Onu evə dəvət etdim.
Şənbə günü yoldaşımı uşaqla birlikdə atamgilə apardım. Evi səliqəyə saldım. Evin hər tərəfindən asılan toy şəkillərini divanın altında gizlədib, evə biraz da romantik abu-hava qatdım: stolun üstündə güllər və sevgi şeirləri yazılmış vərəqlər, şokoladlı likör və iki qədəh, üç ağ şamın xəfif-xəfif alışdığı şamdan, qapının ağzında onun üçün bağlatdırdığım qızılgül dəstəsi...
Nəhayət, gəldi. Onunla – unutduğum qadınla illər sonra öz evimdə görüşdüm. Həyat yoldaşım və övladımla birgə yaşadığımız evdə.
Heç dəyişilməmişdi: üzündə həmin təbəssüm, həmin uzun və ipək saçlar, həmin şux qamət, kövrək gözlər...
Masa arxasına oturub likör içdik. İlk tanışlığımızdan, şəhərdəki görüşlərimizdən, sonra uzun müddətlik ayrılıqdan söhbət açdım. O, bu mövzularda həm utanaraq, həm də kövrələrək danışırdı. Elə gözləri vardı ki, sevinəndə də, kədərlənəndə də, utananda da eyni olurdu. Bunu ancaq bir rejissor ayırd edə bilərdi və mən bunu bacarırdım. Ayrılmağı, unutmağı bacardığım kimi.
Yaxınlaşıb əlindən tutdum və ayağa qaldırdım. Əyləşməsi üçün divanı göstərdim. Hiss edirdim ki, o, özünü mənə həvalə edib və tamamilə mənim ixtiyarımdadır. Onun zərif ayaqları arasında diz çökdüm. Ayaqlarına toxundum, hərarəti əlimi yandırırdı. Yumşaq baldırına dodaqlarımı yaxınlaşdırıb dizinə qədər öpdüm. O isə divanın söykənəcəyinə baş qoyub gözlərini yummuşdu.
Niyyətim onunla sevişmək deyildi. O isə məndən bunu umurdu və mən bu səhnədən həzz alırdım. Artıq tamam təslim olduğunu anladım. Elə həmin an əl atıb divanın altında gizlətdiyim toy şəkillərini çıxardım. Başını qaldırıb, gözlərini açdı və həmin kövrək gözlər əlimdəki alboma zilləndi. Cəld ayaqlarını çəkdi.
-Hə, evliyəm. – dedim.
Cavab vermədi.
-Evli kişilərlə sevişmək olmaz? – deyə soruşdum.
Yenə susdu. Hər iki yanağından göz yaşı süzülürdü. Bilirdim ki, ürəyində mənə lənət oxuyur. Bu məni qorxutmurdu. Çünki mən rejissor olmağa qərar verdiyim gün lənətlənmişdim.
-Bilirəm sən mənə çoxdan aşiqsən. Mən isə sənə aşiq ola bilmədim. İnan mənə, söz vermişdim ki, qızım olsa sənin adını qoyacağam, amma oğlum oldu. Onu da etiraf edim ki, oğlum olmasını özüm arzulamışdım.
O, yenə də cavab vermədi. Yerindən durub stulun üstündən çantasını götürdü.
-Dayan! Getmə! Sevişmək istəyirəm! – dedim.
-Arvadınla sevişərsən. – deyib, otaqdan çıxdı və dəhlizdə ayaqqabılarını geyinməyə başladı.
-Bura gəl. Sənə bunu mütləq göstərməliyəm. – dedim.
Yerimdən qalxdım və otağın hər tərəfinə yerləşdirdiyim kameraları bir-bir çıxardım. Birini televizorun böyründə, birini pərdənin arxasında, birini iri güldanın içində, birini də masanın altında gizlətmişdim. Kameraların hamısını masanın üstünə qoydum.
-Bunlar nədir? – deyə soruşdu.
-Avropada sevgi mövzusunda film festivalı keçirilir. Mənim üçün böyük iş imkanıdır. Bu sevgi hekayəsini heç bir aktrisa sənin kimi oynaya bilməzdi. – dedim.
Hiss etdim ki, dili-ağzı quruyub. Deməyə söz tapmırdı. Amma kəkələyir, nəsə demək istəyirdi.
-Sən məni bu oyuna alət etmək üçün çağırmısan bura? – qəzəbli və sual dolu kövrək gözlərini mənə zillədi.
-Bağışla! Amma mənə böyük kömək etdin. Minnətdaram.
-Sən necə adamsan? Axı mən səni sevmişdim.
-Mən sevə bilməmişdim. – dedim.
Bir o yadımdadır ki, mənə sevgi dolu baxan gözlər, tamam nifrətə bürünmüşdü. Bir andaca çıxdı, getdi.
Mən isə filmimi festivala göndərdim. Amma heç bir yer tuta bilmədi. Əmin idim ki, mən istedadsız rejissor deyiləm, sadəcə ssenarim uğursuz idi. Çünki o sevmişdi, mən sevə bilməmişdim.
Qarşılıqsız sevgilərin yaşandığı bütün ssenarilər uğursuzdur, elə mənim hekayəm kimi...

 

Müəllif: Orxan Bahadırsoy
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !