Hüseyn Cavidin 133 – cü ildönümü -

Hüseyn Cavidin 133 – cü ildönümü

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi davamlı “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüşünü keçirib. Bu görüş XX əsr Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin 133-cü ildönümünə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə açan birlik sədri Solmaz Əmirli qonaqları salamlayaraq davamlı layihə olan “Ziyalı ünsiyyəti”nin yeni mövsümdə ilk görüşünün dahi şairə həsr edilməsinin sevindirici hal olduğunu söylədi. Daha sonra Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsində böyük xidməti olan, ömrünün 40 ilini Cavid irsinin öyrənilməsinə sərf etmiş daxili xidmət polkovniki Həmid Cəfərovun şəxsi arxivindəki videolentlərdən “Aydınlığa doğru”nun əməkdaşı, telejurnalist Günel Mönsümovanın təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış qısa film nümayiş etdirildi.
Filmin nümayişindən sonra çıxış edən Həmid Cəfərov ümummilli lider Heydər Əliyevin 12 oktyabr 1982-ci il qərarından sonra polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla birlikdə qürbətdə 59 yaşında dünyasını dəyişib 59 nömrəli qəbirdə məhbus kimi dəfn olunan şairin nəşini vətənə gətirmək üçün getdikləri Sibir səfərindən ətraflı söz açdı. Sonra Həmid müəllimim geniş təfərrüatlı söhbətindən duyğulanan və kövrələn görüş iştirakçıları öz səmimi hisslərini tədbirə yığışanlarla bölüşdülər.
Filologiya üzrə fəlsəfə doktoru Siracəddin Haci zəbt etdikləri torpaqların əhalisini birinci növbədə milli və dini duyğulardan ayırmağı qarşısına məqsəd qoyan rus imperiya gəmilərinin Bakıya yaxınlaşarkən ilk olaraq Təzə pir məscidini Xəzərdən top atəşi ilə dağıtdığını söylədi və Cavid kimi ürəyi milli təəssübkeşlik hissi ilə döyünən minlərlə Azərbaycan oğlunun imperiya maraqlarına qurban getdiyini bildirdi. S.Haci dərc olunmuş növbəti kitabını Həmid müəllimə hədiyyə etdi. Fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova “planetar təsəvvürə malik filosof” olan Cavidin irsinin gənc nəslə ötürülməsinin çox önəmli olduğunu qeyd etdi və: “Tarixi yaddaşı olmayan gənclər öz xalqına, vətəninə fayda verə bilməz” – dedi. Fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə isə öz çıxışını: “Cavid bütün bəşəriyyətə insanlıq dərsi verən bir filosofdur. Nə yaxşı ki, xalqımızın Cavid kimi oğulları vardır” – sözləri ilə bitirdi.
Daha sonra söz alan “Space 104 FM” radiosunun direktoru Əhməd Əsgər: “Hüseyn Cavid, Mikayıl Müşviq, Əhməd Cavad və minlərlə digər ziyalımızın repressiya olunmasının səbəbi onlarda olan vətən, xalq sevgisi və milli qeyrət hissi idi” – dedi. “Kaspiy” qəzetinin müxbiri, əməkdar jurnalist Qalina Mikeladze öz atasının da repressiya qurbanı olduğunu söylədi. “Vətən xaininin” qızı kimi böyüməyin nə demək olduğunu yaxşı bildiyini qeyd edən Qalina xanım: “Cavid poeziyasında xalqın ruhu vardır. Çox istərdim ki, gənclərimiz bu poeziyanı oxusunlar və sevsinlər” – dedi. Hüseyn Cavidin nəşinin vətənə gətirilməsi kimi tarixi missiyanı yerinə yetirən digər iki vətənpərvər Telman Əliyev və Zakir Nəsirov da çıxış edərək öz xatirələrini bölüşdülər, Cavidin vətəndə dəfn olunmasından sonra çox görüşdə iştirak etdiklərini, lakin “Aydınlığa doğru”da keçirilən bu görüşün daha unudulmaz olduğunu qeyd etdilər, tədbirin təşkili üçün minnətdarlıqlarını bildirdilər.
Birliyin sədri Solmaz Əmirli şairin qızı Turan xanımı yaxından tanıdığını, dəfələrlə ondan müsahibə aldığını söylədi. Həmişə tünd rəngli eynəkdə olan Turan xanımın gözlərində olan ailə faciəsini, kədəri bununla sanki gizlətməyə çalışdığını dedi. Solmaz xanım çıxışını:“İnanıram ki, burda iştirak edən gənclərimiz Cavid irsini daha dərindən öyrənəcək. Allah millətimizin cövhərini elə yaradıb ki, yeni cavidlər yetişəcək” – sözləri ilə bitirdi.
Həmid Cəfərovun 40 il boyu Cavidlə bağlı topladığı və tədbir məkanında sərgilənən material görüş iştirakçılarının böyük marağına səbəb oldu. Tədbirdə həmçinin Hüseyn Cavid muzeyinin elmi katibi Natiq Mürsəlov, Müdafiə Nazirliyi Məhkəmə Tibb Ekspertiza Mərkəzinin həkim-eksperti Səfərbəy Səfərbəyov, yazıçı Mənzər Nigarlı, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqanayeva, sənətşünaslıq doktoru Sevil Fərhadova, gənc rejissor Elçin Elxanlı, ali məktəb tələbələri, müəllimlər və şagirdlər iştirak edirdi. Olduqca maraqlı keçən görüşün sonunda xatirə şəkli çəkildi.

 

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması
                            İctimai Birliyinin mətbuat xidməti
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !