Xınalıqlıların bişirdiyi kabab bu təam haqqında təsəvvürlərinizi dəyişəcək - FOTO

Xınalıqlıların bişirdiyi kabab bu təam haqqında təsəvvürlərinizi dəyişəcək FOTO

Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Xınalıq kəndi unikal coğrafi mövqeyi və bənzərsiz memarlıq görkəmi ilə çox məşhurdur. Amma bu ucqar yaşayış məntəqəsinin özünəməxsusluqları bununla bitmir.

AZƏRTAC xəbər verir ki, xınalıqlıların qeyri-adi üsulla hazırladığı kababın da özünəməxsus dadı və başqa yerdə rast gəlinməyəcək bişirilmə qaydası var. Əlbəttə, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə, təmiz havada, dağ ətirli otlarla bəslənən qoyunların ətindən bişirilən kababın dadlı olması üçün xüsusi səy göstərməyə ehtiyac olmadığını fikirləşə bilərsiz. Amma əmin olun ki, Xınalıq sakinlərinin qayadan qopan, qızmar daş parçaları arasında bişirdiyi kababın dadına baxsanız, bu təam haqqında təsəvvürləriniz tamam dəyişəcək.

Xınalıq sakini Rüstəm Məlikov bildirir ki, bu kababı ancaq Xınalıqda yemək olar. Kababı bişirmək üçün, ilk növbədə, kəndlərindən beş kilometr məsafədə yerləşən “Atəşgah” adlanan əraziyə getmək lazımdır. Burada yerin altından çıxan təbii qazla alovlanaraq daim yanan ocaq mövcuddur. Əvvəlcə ocağın üzərinə səthi düz, enli daşlar düzülür. Bundan sonra müxtəlif ölçülü ət parçaları alovun üzərində qızmış daşın üstünə sərilir. Ətin duzu, istiotu da elə daşın üzərində olarkən vurulur. Sonra səthi düz olan digər daşlar ətin üstünə qoyulur. Kabab alovun üzərindəki qaynar daş parçalarının arasında qısa müddətdə bişir. Kababın bu qaydada hazırlanması təama özünəməxsus dad verir. Yerli sakinlər həmin daşların üzərində ətlə yanaşı, müxtəlif tərəvəzləri də bişirirlər.

Xınalığa gedib qeyri-adi qaydada hazırlanan kababdan dadmaq istəyənlər “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğuna aid olan həmin ərazinin xüsusi mühafizə olunduğunu mütləq nəzərə almalıdırlar. Turistlər həmin əraziyə xüsusi icazə əsasında buraxılırlar. Yerli sakinlər arasında hələ qədim dövrlərdən müqəddəs yer kimi qəbul olunan “Atəşgah” ümummilli lider Heydər Əliyev adını daşıyan zirvənin cənub ətəyində yerləşir.

Qeyd edək ki, Xınalıqdakı “Atəşgah” ekoturizm həvəskarları üçün ideal məkan sayılır. Füsunkar məkan respublika əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət və təbiət ərazilərinə aiddir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !