Qubada "Günərzi Qayğı Mərkəzi"nin yaradılması layihəsini uğurla həyata keçirilir
Bu xəbəri paylaş
"Ailə" Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Qubada "Günərzi Qayğı Mərkəzi"nin yaradılması layihəsini uğurla həyata keçirir. Quba rayonunda ilk dəfədir ki, bu cür layihə icra olunur.
"Günərzi Qayğı Mərkəzi" uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə təşkil olunub. Mərkəz 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqlara yardım göstərir.
“Günərzi Qayğı Mərkəzi”ndə məktəbəqədər və məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb. Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və genişlənmiş ailənin himayəsində olan uşaqlar, birinin əlilliyi və ya xəstəliyi olan, digərinin (və ya hər iki valideyninin) isə daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini günəmuzd qaydada işləyən valideynlərin uşaqları və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib.
“Günərzi Qayğı Mərkəzi” uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafı və tərbiyəsi ilə məşğul olur, müxtəlif təlimlər həyata keçirir və onların asudə vaxtlarının səmərəli təşkil edir. Psixoloji testlər və məsləhət saatları, musiqi dərsləri, idman yarışları və əyləncəli oyunlarda uşaqlar böyük həvəslə iştirak edirlər. Mərkəzdə həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılır.
Mərkəzin əməkdaşları və uşaqların valideynləri üçün təlimlər təşkil edilmiş, onların bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilmişdir.