Azər Həsrət: - Parlament seçkisilə bağlı açıqlama

Azər Həsrət: Parlament seçkisilə bağlı açıqlama

Noyabrın 1-nə təyin edilmiş parlament seçkisilə bağlı hələ əvvəlcədən bəyan etmişdim ki, 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm. Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası namizədlərinin siyahısını açıqlayanda bəlli oldu ki, bu dairədən hazırkı deputat İlham Əliyev yenidən namizəd göstərilib. Nəzərə alaraq ki, İlham Əliyevlə mübarizədə qalib gəlmə şansım demək olar ki, yoxdur, qərara gəlmişəm ki, o dairədən namizədliyimi irəli sürməyim. Lakin bu heç də o demək deyil ki, seçkidə iştirakdan imtina edirəm.

Çevrəmizdəki insanlar və bəzi dostlarımızla durumu müzakirə edərək hələ əvvəlcədən ehtiyat variant kimi nəzərdə tutduğumuz dairələrlə bağlı müəyyən araşdırmalar aparmaqdayıq. YAP-ın həmin dairələrdən də namizədləri irəli sürülüb. Sözü gedən dairələrdən biri Bakıda, digəri isə rayonlardan birindədir. Hər iki dairədən irəli sürülən namizədlərin heç biri heç bir göstəricisinə görə mənimlə nəinki yarışa bilməz, ümumiyyətlə müqayisə edilə bilməzlər. Yeri gəlmişkən, dünən onlarla bağlı internetdə axtarış apardım, birinin adı yalnız YAP-ın siyahısında çıxır. Buna qədər adamın adı internetdə heç bir resursda qeyd edilməyib. Digərinin isə daha çox ticarətlə məşğul olduğunu, heç bir beynəlxalq əlaqəsinin, hansısa ciddi ictimai və siyasi fəaliyyətinin olmadığını öyrəndim. Bu baxımdan hələlik açıqlamadığım dairələrlə bağlı müəyyən məsələləri də dəqiqləşdirməyə zərurət yaranıb. Ümid etmək istərdim ki, bu dəqiqləşdirmələr mənim seçkidə iştirakımı əngəlləyəcək amilləri üzə çıxarmayacaq. Əgər durum uyğun olmasa yəqin ki, seçkidə iştirak edən deyiləm. İstənilən halda bu məsələ qarşıdakı 2 gün ərzində öz həllini tapacaq və hər kəsə əlavə bilgi veriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !