Dünya gömrükçüləri Musiqili Teatrda -

Dünya gömrükçüləri Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrı ölkə teatrları arasında ən tez yeni mövsümün açılışını edib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, 106-cı teatr mövsümünün açılış günündə dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunub. Belə ki, 8-9 sentyabr 2015-ci il tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçirilib. İclas çərçivəsində nəzərdə tutulan bədii proqramın 10 sentyabr tarixində məhz Azərbaycan Dövlət Musiqili Teatrında təşkil edilməsi planlaşdırıldığından teatrın kollektivi mövsümün açılış günü dünya gömrükçüləri qarşısında dahi bəstəkar, bu günlərdə 130 illik yubileyi qeyd olunan Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə çıxış edib. Mötəbər qonaqlar Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə yüksək səviyyədə keçən tamaşadan razı qaldıqlarını, Üzeyir Hacıbəylinin insan ruhunun ən dərin qatlarına təsir etmək gücünə malik olan ecazkar musiqisinə məftun olduqlarını bildiriblər. “Tamaşanın təsirindən çıxmaq olmur. Sanki sehrlənib qalmışıq. Üzeyir bəyin müsiqisi, həqiqətən də, ilahi bir musiqidir. Belə uğurlu bir səhnə əsəri təkcə Azərbaycan teatr sənətinə deyil, ümumilikdə, dünya mədəniyyətinə böyük bir töhfədir. Teatrınızın malik olduğu bina, imkanlar çağdaş dünya standartlarına tam cavab verir. Bu, Azərbaycanda teatra, sənətə, ümumilikdə, mədəniyyətə göstərilən diqqətin bariz nümunəsidir”, - deyə qonaqlar bildiriblər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Əliyev, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə , aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Ağaxan Şərifov, Məhərrəm Qurbanov və başqaları ifa ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !