Tibb Universitetində Reabilitasiya və Fizioterapiya Mərkəzi açıldı -

Tibb Universitetində Reabilitasiya və Fizioterapiya Mərkəzi açıldı

Akademik Əhliman Əmiraslanov: “Yeni mərkəz müalicə prosesində xüsusi rol oynayacaq”
Müasir dünya səhiyyəsində xroniki xəstəliklərin müalicəsi zamanı və cərrahi əməliyyatlardan sonra itirilmiş funksiyaların bərpa edilməsi çox vacib və önəmli yer tutur. Tibbin bütün sahələrində olduğu kimi Azərbaycanda da fizioterapiya və reabilitasiya sahəsi getdikcə inkişaf etməkdədir. Artıq travmatologiya, neyrocərrahiyyə və tibbin digər sahələrində fizioterapiya və reabilitasiyanın yaratdığı imkanlardan geniş istifadə olunur. Azərbaycan tibbinə daim innovasiyalar gətirən, əhaliyə ən üstün və keyfiyyətli tibbi xidmət təqdim edən Azərbaycan Tibb Universiteti məhz bu sferada - fizioterapiya və reabilitasiya sahəsində də tam fərqli fəaliyyətini ortaya qoyur.
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Reabilitasiya və Fizioterapiya Mərkəzi"nin açılışı oldu. Türkiyənin məşhur “Romatem” Reabilitasiya Xəstəxanalar qrupunun dəstəyi ilə ərsəyə gələn bu mərkəz bərpa müalicəsi sahəsində ən son nailiyyətləri təqdim edəcək.
Açılış mərasimindən öncə keçirilən konfransda ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək, Azərbaycanda belə bir mərkəzin açılışının əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi baxımından çox faydalı olacağını bildirdi: “Türkiyənin məşhur Romatem şirkətinin bizimlə birlikdə belə bir mərkəz yaratması həm Tibb Universitetinin, həm də Tədris Cərrahiyyə Klinikasının həyatında çox mühüm hadisədir. Bu gün xəstələrin müalicəsində reabilitasiyanın nə dərəcədə böyük rol oynamasından saatlarla danışmaq olar. Müasir dövrdə həyata keçirilən hər hansı cərrahi əməliyyatın uğuru yalnız əməliyyatın necə keçirilməsindən yox, həm də bütövlükdə prosesdən, əməliyyatdan sonrakı müddətdə bərpa prosedurunun necə getməsindən də asılıdır”.
Akademik Ə.Əmiraslanov qeyd etdi ki, Prezident İlham Əliyev cənabları Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahəyə, o, cümlədən səhiyyə sisteminə də xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsi olaraq son illər yüksək maddi-texniki bazaya malik çoxsaylı tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir. Rektor Ə.Əmiraslanov artıq neçə müddətdir ki, belə bir mərkəzin yaradılması haqda təşəbbüsün olduğunu və nəhayət türkiyəli həmkarların köməyilə buna nail olduqlarını qeyd etdi. Akademik tibbin son nailiyyətlərinə uyğun avadanlıqlarla təchiz olunmuş, yüksək ixtisaslı mütəxəssislərin çalışacağı Reabilitasiya və Fizioterapiya Mərkəzinin Azərbaycanda bir sıra xəstəliklərin müalicəsi prosesinə xüsusi töhfə verəcəyinə tam əmin olduğunu da bildirdi.
Türkiyənin məşhur “Romatem” Reabilitasiya Xəstəxanalar qrupunun rəhbəri Dr.Göksal Haloğlu isə Azərbaycanda olmaqdan, Tibb Universiteti ilə birlikdə belə bir mərkəz yaradılmasında iştirak etməsindən qürur duyduğunu vurğuladı. Mütəxəssisin sözlərinə görə, Türkiyə-Azərbaycan arasında hər bir sahədə olduğu kimi elm və tibb sahəsində də əlaqələrin genişlənməsi çox sevindirici haldır: “İnanıram ki, hər iki ölkənin bu məsələdə bir-birindən öyrənəcəyi çox şeylər var. Bu gün Türkiyənin nüfuzlu “Romatem” qurumu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının ortaq ərsəyə gətirdiyi mərkəzin açılışı da həmin münasibətlərin dərinləşməsində məxsusi rol oynayacaq. “Romatem” olaraq biz bu layihəyə çox böyük diqqətlə yanaşırıq”.
Daha sonra Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, ATU-nun fizioterapiya kursunun müdiri, professor Əlişir Musayev də müxtəlif xəstəliklərin müalicəsində reabilitasiyanın böyük əhəmiyyət daşıdığını qeyd etdi. Türkiyəli prof. Dr. Tunc Alp Kalyon da bu mərkəzlə yanaşı, ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə birgə çox gözəl layihələrə imza atacaqlarına inandığını bildirdi.
Sonra konfrans iştirakçıları ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni açılan “Reabilitasiya və Fizioterapiya Mərkəzi”nə baxış keçirdilər. Mərkəzdə quraşdırılmış yeni tibbi avadanlıqlar, göstəriləcək tibbi xidmətlər haqqında qonaqlara ətraflı məlumat verildi. Qeyd olundu ki, “Romatem” şirkətinə məxsus zəncirin bir hissəsi kimi yeni açılan mərkəz, bərpa müalicəsi üçün zəruri olan tibbi avadanlıqlarla tam təchiz olunub. Avadanlıqlar arasında uzunmüddətli yataq xəstələrində hərəkətin bərpası üçün olduqca önəmli olan Erica aparatı, Standtable cihazları xüsusi vurğulandı. Bundan əlavə, Mərkəzdə bədən tərbiyəsi yolu ilə həyata keçirilən müalicə və reablitasiya üçün, o cümlədən, ayrı-ayrı oynaqlarda olan artrozların aradan götürülməsi, hərəkətin aktivləşdirilməsi üçün lazım olan bütün avadanlıqlar da mövcuddur. Fizioterapiya və reabilitasiya sahəsində xüsusi önəm daşıyan masaj növləri də mərkəzin xidmətləri sırasına daxil edilib.
Qeyd edək ki, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı yeni “Reabilitasiya və Fizioterapiya Mərkəzi” artıq bu gündən etibarən əhalinin ixtiyarına verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !