Bəxtiyar SADIQOV: - BİR GÖRÜŞÜN TƏƏSSÜRATLARI

Bəxtiyar SADIQOV: BİR GÖRÜŞÜN TƏƏSSÜRATLARI

Mətbuatın üzərinə düşən vəzifələrin miqyası daha da artır və genişlənir

Dövlət başçısı ilə hər görüş bir tarix olur!
Təkcə ona görə yox ki, dövlətin ən yüksək rütbəli şəxsiyyəti, Ali Baş Komandanı ilə görüşürsən!
Bu, əslində həm də belədir.
Amma bir qədər də artıqdır!
Çünki Prezident İlham Əliyev biz jurnalistlərin dostudur! Və bu dostluğu Azərbaycan mətbuatına, jurnalistlərə göstərdiyi qayğı və münasibətə görə neçə illərdir ki, əməli şəkildə doğruldur. Məsələn, dünyanın heç yerində dövlət təmənnasız olaraq müstəqil mətbuatın işinə qarışmadan, öz iradəsini ona diktə etmədən yardım göstərmir. Artıq altı ildir ki, müstəqil media Azərbaycan Respublikası Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu maddi dəstəyi alır.
Dünyanın heç yerində müstəqil, iqtidar, müxalifət cəbhəsində çalışmasından asılı olmayaraq jurnalistlərə dövlət tərəfindən tikilərək təmir olunan havayı mənzillər verilmir. Artıq 156 jurnalist belə mənzillərə köçərək yaşayır. Daha 255 nəfər üçün nəzərdə tutulan binanın inşası isə növbəti ildə başa çatacaqdır.
Daim yeniliyə can atan jurnalistlər hər belə görüş ərəfəsində bir sıra xoş yeniliklərlə rastlaşacaqlarını, görüşdə isə dövlət və dövlətçiliyin gələcəyi, növbəti mərhələdə qarşıda duran vəzifələr barədə çox məlumatlı insandan, birinci şəxsin öz dilindən onların gələcək fəaliyyətləri üçün zəruri olan bilgiləri eşidəcəklərini gözəl anlayırlar.
Başqa sözlə, hər belə görüşün şəxsi və ictimai əhəmiyyəti qeyri-adi dərəcədə yüksək olur!
Jurnalistlər bununla bağlı öz ehtimallarında heç zaman yanılmırlar. Çünki yaranmış ənənə deyilənləri artıq qaydaya çevirib.
Bu dəfə də belə oldu.
Görüşdən qabaq onlarla jurnalist dövlət mükafatları, fəxri adlarla təltif edildi. Tikilən binanın inşasını sürətləndirmək üçün dövlət başçısı daha 5 milyon manat vəsait ayırdı.
Görüşün özü isə çox hərarətli, mehribanlıq şəraitində keçdi.



DOST SÖHBƏTİ AÇIQ VƏ SƏMİMİ OLUR

Siyasətdə səmimi olmaq çox çətindir! (“Mümkün deyil” ifadəsini işlətmək istəmirik). Bəlkə də insanlar diplomatiyanı öz fikirlərini gizlətmək, dolayısı yolla, ehtiyatla çatdırmaq üçün kəşf ediblər. Amma bütün hallarda həqiqət gec, ya tez üzə çıxır...
Azərbaycan müstəqillik qazandıqdan sonra yeritdiyi siyasətdə özünü həmişə səmimi aparıb. Nə istədiyini açıq şəkildə bəyan edib, kimdənsə razı, yaxud narazı qalanda heç zaman bunu gizlətməyib.
Cənab İlham Əliyev isə düşündüyü kimi danışıb, daim dediklərinə əməl edib!
Azərbaycan xalqı buna dönə-dönə əmin olub!
Həm də buna görə onu daha da çox sevib!
***
Dövlət başçısı ilə jurnalistlərin müntəzəm görüşü, sıx təması və açıq söhbət ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Beşildənbir Milli mətbuatımızın yubileyinin keçirilməsi ənənəsi də ulu öndərimizə məxsusdur. (Əslində mətbuatdan başqa heç bir sahədə yubiley beş ildən bir qeyd olunmur). Cənab İlham Əliyev isə bu ənənəni uğurla davam etdirir. Bu sahədə atdığı addımlara görə mətbuatın məhəbbətini qazanaraq iki dəfə “Jurnalistlərin dostu” adına layiq görülmüşdür. Əslində bu görüş köhnə dostların növbəti görüşü də adlandırıla bilərdi.
***
Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ümumbəşəri inkişaf yoluna qayıtdı. Ulu öndər Heydər Əliyevin baş müəllifi olduğu yeni Konstitusiya qəbul olundu, sərbəst bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması üçün siyasi, hüquqi-demokratik, iqtisadi islahatlar aparıldı. Çoxpartiyalı sistem, fikir plüralizmi yarandı, vətəndaş cəmiyyətinin formalaşması, mətbuat və söz azadlığının təmin edilməsi yolunda mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyevin cəsarət və qətiyyəti sayəsində “Əkinçi” qəzetindən də əvvəl yaradılan mətbuata senzura nəzarəti 123 ildən sonra - 6 avqust 1998-ci ildə ləğv edildi. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra Azərbaycan mətbuatı büsbütün dövlət nəzarətindən çıxarıldı. Mətbuatın azad və sərbəst şəkildə fəaliyyət göstərməsi üçün yeni qanunlar qəbul edildi, mövcud qanunvericilik bazası təkmilləşdirildi.
Müstəqil mətbuat təzə formalaşdığı bir ərəfədə onun problemləri ilə mütəmadi məşğul olan qeyri-dövlət qurumuna ehtiyac yaranmışdı. Mətbuat Şurasının meydana gəlməsi bu sahədəki prosesləri normal məcraya yönəltməyə, media-oxucu, media-məmur münasibətlərini nizamlamağa imkan verdi. Jurnalistlərin hüquqlarının qorunması, qəzetlərlə bağlı meydana gələn münaqişələrin məhkəməyədək həlli istiqamətində təsirli addımlar atıldı. Bir sıra qəzetlərin və jurnalistlərin söz azadlığından sui-istifadə edərək insanlara şər-böhtan atmasının, şərəf və ləyaqətlərini alçaltması hallarının qarşısının alınması üçün xüsusi “qınaq mexanizmi” hazırlandı, mətbuatın “qara siyahı”sı tərtib olundu. Bütün bunlar müstəqil mətbuatın düzgün istiqamətdə və sürətli inkişafına kömək göstərdi. Cənab İlham Əliyev bu sahədə görülən işləri yüksək qiymətləndirərək dedi: “Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir. Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir”.
Dövlət başçısı Mətbuat Şurasının müstəqilliyin ilk illərində qəzet səhifələrində gedən şər-böhtan xarakterli, insanın şərəf və ləyaqətini aşağılayan yazılara qarşı təsirli mübarizəsindən razılığını bildirdi. Azərbaycan xalqının əxlaq normalarına və milli dəyərlərimizə uyğun gəlməyən məqalələrin qəzet səhifələrinə çıxarılmasını arzuolunmaz hesab edən cənab İlham Əliyev jurnalistlərə öz mesajını da ünvanladı: “Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə, adət-ənənələrimizə, cəmiyyətdə əsrlərboyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast gəlməyəcəyik”.



HEÇ YERDƏ DEMOKRATİYA MİLLİ MARAQLARDAN ÜSTÜN TUTULMUR

Demokratiya - yaşam tərzidir.
Demokratiya - insan hüquq və azadlıqlarını reallaşdırmağın ən səmərəli vasitəsidir.
Demokratiya - xalqın dövlətin idarə olunmasında yaxından iştirakının sınanmış formasıdır.
Demokratiya haqqında belə təriflərdən çox söyləmək olar. Mahiyyət isə birdir: demokratiya ölkədə sabitlik, inkişaf yaradılmasına, insanların rifahının yüksəldilməsinə, hüquq bərabərliyinin təminatına və qorunmasına xidmət edən idarəçilikdir.
Demokratiyanın konkret resepti yoxdur!
Doğrudur, onun prinsip və qaydaları mövcuddur, amma o da dövr, şərait və millətin mentalitetindən asılı olaraq müəyyən rəngarənglik kəsb edə bilir.
Demokratiya zamanla da bağlıdır. Ulu öndər Heydər Əliyevin məşhur kəlamı var: “Demokratiya əvvəli olub, sonu görünməyən prosesdir”.
Təbii ki, belə halda Qərbi Avropanın və ABŞ-ın tarixi yüz illərlə ölçülən demokratiyasını postsovet məkanında yenicə müstəqillik qazanmış ölkələrdəki demokratiyanın durumu ilə müqayisə etmək olmaz. Təbii ki, söhbət demokratik qurum və təsisatlardan, demokratiyanın başlıca prinsip və tələblərindən getmir. Daha çox “demokratik dərinliklər” nəzərdə tutulur.
Azərbaycan xalqı demokratik inkişaf yolunu, sərbəst bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan dövlət quruluşunu özü seçib. Bu seçim 12 noyabr 1995-ci ildə baş müəllifi ulu öndər Heydər Əliyev olan yeni Konstitusiyanın qəbuluna referendum yolu ilə səsvermə zamanı baş verib! Heç kim bizi zorla demokratiyaya gətirməyib!
Demokratik islahatlar iqtisadi islahatlarla möhkəmləndirilməlidir! Yoxsa uğur qazanmaq olmaz! Görüşdə Prezident İlham Əliyevin söylədiyi fikirlərdən biri də bununla bağlı oldu: “Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin”.
Demokratiya da inqilab kimidir: Hər hansı bir ölkəyə ixrac oluna bilməz! “Rəngli inqilablar” yolu ilə Misirə, Yəmənə, Tunisə, Liviyaya, Suriyaya “ixrac olunan” “demokratiyanın” aqibətinin necə olduğunu hamımız gözəl görürük. Azərbaycan xalqı üçün təkcə demokratiya yox, sabitlik də çox qiymətlidir! Çünki ötən əsrin 90-cı illərinin anarxiya, özbaşınalıq, qanunsuzluq dövründən keçib gəlmişik. Bunların xalqın, ölkənin həyatında hansı fəsadlar törətdiyinin canlı şahidləriyik. Sabitlik pozulanda demokratiya anarxiyaya çevrilir, dövlət inkişafdan qalır, insanların həyat şəraiti kəskin şəkildə pisləşir! Hər şey mərhələlərlə aparılmalı, qanunlarla tənzimlənməlidir: “Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”.
Bu sözləri görüşdə cənab İlham Əliyev söylədi. Bəli, Azərbaycan demokratiyanın bütün tələblərinə əməl etməyə çalışır. Mətbuat sahəsində indiyədək görülən işlər buna parlaq sübutdur. Azərbaycanda mətbuat və söz azadlığını təmin edən müasir və möhkəm qanunvericilik bazası yaradılıb. KİV təsis etmək son dərəcə asanlaşdırılıb və hamı üçün əlçatandır. Dövlət müstəqil mətbuatın inkişafına, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılmasına yaxından kömək edir. Vətəndaş cəmiyyəti təsisatları durmadan inkişaf edir. Azərbaycanın müstəqilliyin qısa dövründə əldə etdiyi uğurlar dünya tərəfindən qəbul və etiraf edilir. Bu uğurlar siyasi, mədəniyyət, idman sahələrində xüsusən parlaqdır. Amma, eyni zamanda, qısqanclıq və paxıllıq da doğurur! Uğurlarımızı və sürətli inkişafımızı qəbul edə bilməyənlər bizə mane olmağa, nailiyyətlərimizi gözdən salmağa can atırlar! Demokratiya adı altında bizə təsir və təzyiq göstərməyə, yolumuzdan döndərməyə çalışırlar! Çox nahaq! Hələ bir qədər öncə Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə İftar mərasimindəki çıxışında bu barədə birmənalı mövqeyini söyləmişdi: “Nə qədər gücüm varsa, mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana diktə etsin”. Nazirlər Kabinetinin yarımilliyin yekunlarına həsr olunmuş iclasında isə qətiyyətli mövqeyini bir daha təsdiqləmişdi: “Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.
Azərbaycanın yeritdiyi siyasət Azərbaycan xalqının və dövlətinin maraqları əsasında qurulur. Dövlət başçısı məhz milli maraqlardan çıxış edərək xarici siyasət xəttini və dövlətlərarası münasibətləri müəyyənləşdirir. Kimsə başqa variant təklif etmək niyyətinə belə düşməsin! Məsələn, Ermənistanla bir qurumda təmsil olunmaq istəməyən Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına qoşulmadı. Avropa İttifaqının Assosiativ əməkdaşlıq müqaviləsinə də qol çəkmədi. Çünki həmin müqavilədə yalnız Avropa İttifaqının maraqları güdülürdü.
Mətbuat və söz azadlığından başqalarına daim dərs keçməyə çalışan ABŞ-da, Almaniyada, Fransada, Böyük Britaniyada heç bir elektron və çap media mənsub olduğu dövlətin maraqlarına zidd yazılar verib, mövqe nümayiş etdirmir! Heç kim də bunu antidemokratik hal kimi qiymətləndirmir! Əksinə, Küveyt, İraq müharibəsi zamanı hərbi senzura yaradılmasını, islamofobiyanın təbliğini, “erməni soyqırımını” qəbul etməyənlərin cinayətkar kimi məsuliyyətə cəlb edilməsi qanununu qınayan tapılmadı: beynəlxalq qurumlar da, müxtəlif dövlətlərin siyasi liderləri də susdular. Cənab İlham Əliyev görüş zamanı bu məsələyə də toxundu: “Qərb mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır. Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların maraqlarını təmin etmək üçün bu, əlbəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur. Bizim mətbuatımız da əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq”.
Əgər Qərb öz maraqlarını mətbuat və söz azadlığından daim üstün tutursa, bu nümunədən biz niyə öyrənməməliyik? Əslində bir neçə KİV istisna olmaqla Azərbaycan jurnalistləri milli maraqlar anlayışını qəbul edir, onunla hesablaşırlar.
Müstəqil mətbuatımızın ən böyük uğurlarından biri də elə budur!



ƏBƏDİ DÜŞMƏNLƏRİMİZ

Azərbaycan xalqı dinc xalqdır, qəlbi geniş, ürəyi təmizdir. Heç zaman başqasının torpağına, sərvətinə yiyələnmək üçün müharibə etməyib! Amma ölkəmizin əlverişli geostrateji mövqeyi, zəngin təbii sərvətləri çoxlarının ağzını sulandırıb. Zaman-zaman Azərbaycana qarşı məkrli planlar hazırlanıb, ərazisini və sərvətini ələ keçirmək üçün hərbi əməliyyatlar aparılıb. Nəhayət, “alət millət” sayılan ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycan torpaqlarında onlara dövlət yaradılması bu siyasətin nəticəsi kimi meydana gəlib. Cənab İlham Əliyev görüşdə ermənilərin bizim “əbədi düşmənlərimiz” olduğunu bildirdi. Son dərəcə dəqiq “diaqnoz”dur. Nə vaxt bunu unutmuşuqsa, altını çəkmişik! Zaman, dövr dəyişsə də, mənfur qonşularımızın və onların havadarlarının murdar niyyətləri dəyişməyib! Hər dəfə tarixin keşməkeşli dövründə, “zamanın nehrə kimi çalxalandığı” məqamda Azərbaycana qarşı “erməni kartı”ndan istifadə olunub, torpaqlarımız işğala məruz qalıb! 1905-1907-ci illər, 1918-1920-ci illər buna misaldır. Sovet dönəmində isə Stalinin əmri ilə (1948-1953-cü illər) azərbaycanlılara qarşı “gizli soyqırımı” törədildi, qədim torpaqlarımızdan soydaşlarımız növbəti dəfə zorla çıxarıldı. Maraqlı dövlətlər “kölgədə”dayansalar da, erməni lobbisi daim təşkilatçı qismində çıxış edib. Xalqımız haqda “vəhşi”, “qaniçən” millət kimi rəy yaratmağa çalışıb, erməniləri isə “qədim”, “zavallı” və “məzlum” millət kimi təqdim ediblər. Cənab İlham Əliyevin obrazlı şəkildə dediyi kimi, “bir çox hallarda Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük”. Bu şər-böhtan maşını bu gün də dayanmadan işləyir, müxtəlif üsul və vasitələrdən, ələ alınmış insanlardan və təşkilatlardan Azərbaycana qarşı istifadə edirlər. Dövlət başçısı görüşdə bu barədə açıq danışdı: “Erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində, rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır olmalıyıq və hazırıq”.
Ermənipərəst mövqedə duran “Human Rights Watch”, “Amnesty İnternational”, “XIX Artikel” təşkilatları, erməni maliyyəsi ilə məqalələr verən bir sıra dövlətlərin tanınmış qəzetləri və saytlar Azərbaycana qarşı qərəzli və böhtan xarakterli təbliğat aparırlar. Ermənilər tərəfindən maliyyələşdirilən beynəlxalq QHT-lərdən qrant alıb tapşırıqlar icra edən “5-ci kolon” üzvləri də bu qəbildəndir. Onlar Azərbaycan torpaqlarının işğal faktına göz yumur, bir milyon qaçqın və köçkünün pozulmuş hüquqları barədə daim susur, özlərinə qulluq göstərən ayrı-ayrı “jurnalistlər”in və “hüquq müdafiəçiləri”nin “pozulmuş” “hüquqlarından” ağızdolusu danışır, heç bir əsas olmadan belələrini “siyasi məhbus” elan edirlər. Nə qədər Azərbaycan müstəqil siyasət yürüdəcək, öz sərvətlərinə özü sahiblik edəcək və getdikcə qüvvətlənəcəkdir, belə yazılardan çox görəcəyik! Eyni zamanda, ədalətsiz mövqe və addımlarla da barışmayacağıq! Möhtərəm İlham Əliyevin dediyi kimi: “Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik”.
Belə hallara qarşı səmərəli mübarizə aparılması üçün dövlət başçısı İlham Əliyev “hücum diplomatiyası” taktikasını müəyyən etmişdir. Ötən illərdə bu taktika bir çox məqamlarda öz müsbət nəticəsini göstərdi.
Bütövlükdə dövlət öz xətti ilə erməni diasporuna və Azərbaycanla ikili standartlar mövqeyindən danışmaq istəyənlərə qarşı kifayət qədər və təsirli mübarizə aparır. Biz jurnalistlərin borcu isə bu kimi məsələlərdə daim dövlətimizin yanında olmaq və haqq işi uğrunda mübarizədə daim fəallıq göstərməkdir.



BİR VƏZİFƏNİN ÜÇ İSTİQAMƏTİ

Qırmızı imperiya parçalanmağa başlayanda Azərbaycan da müstəqillik yolunu tutdu. Lakin onu itaət boyunduruğunda saxlamaqdan ötrü “sınanmış vasitəyə” əl atdılar. “Dağlıq Qarabağ problemi” adlı qondarma və məkrli plan yenidən işə salındı. “Vəhşi azərbaycanlıların” “məzlum ermənilərə” zülm etdikləri barədə xəbərlər keçmiş SSRİ məkanında çıxan qəzetlərin və dünya KİV-inin səhifələrində görünməyə başladı. Necə deyərlər, yanan da biz idik, yaman da! Torpaqları işğala məruz qalan, əhalisi və soydaşları məcburi köçkünə, qaçqına çevrilən Azərbaycan dünyaya başqa qiyafədə təqdim olunurdu. Ermənilərin törətdikləri bütün vəhşiliklər bizim ayağımıza yazılırdı. Dünya KİV-inə isə birbaşa çıxışımış yox idi!
Bu vəziyyət ümummilli lider Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən hakimiyyətə qayıtmasınadək davam etdi. Müstəqil Azərbaycanın dünyaya inteqrasiyası prosesinə başlayan ulu öndər ölkəmiz ətrafında yaradılan informasiya blokadasının yarılmasında böyük bir jurnalistlər ordusunun görə bilməyəcəyi işi gördü! Dünyanın məşhur telekanallarına verdiyi müsahibələrdə və aparıcı dövlətlərin siyasi liderləri ilə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri söyləyir, hətta bəzən xəritə qarşısında dayanaraq işğal faktının necə baş verdiyini izah edirdi.
Bu gün dünya işğal faktından da, Xocalı soyqırımından da xəbərdardır. Lakin ikili standartların mövcudluğu məsələnin sülh yolu ilə həllinə imkan vermir. Digər tərəfdən, Azərbaycanın bütün parametrlər üzrə güclənərək Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, dünyada nüfuzunun durmadan artması bəzilərinin xoşuna gəlmir. Ona görə də ölkəmizə qarşı şər-böhtan kampaniyası zaman-zaman güclənir. Bəs nə etməli? Prezident İlham Əliyev bu barədə dəyərli fikirlərini də görüş zamanı söylədi: “İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur”.
Dövlət başçısı hazırkı mərhələdəki təbliğatımızın birinci istiqaməti kimi Azərbaycanın uğurlarının, müasir, modern və demokratik dövlətə çevrildiyinin konkret faktlar əsasında dünyaya göstərilməsi olduğunu qeyd etdi. Bəs ikinci istiqamət necə olmalıdır? Cənab İlham Əliyev bu suala da konkret cavab verdi:
“Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın. Digər tərəfdən, sübut etməyə çalışırlar ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyyatdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir şərait yaradılıbdır və bu, indi bir çox ölkələr üçün nümunə ola bilər”.
Hazırda əsas hədəfdə Dağlıq Qarabağ problemi olduğundan üçüncü xətt kimi medianın bu məsələdə də fəal iştirakı tövsiyə olundu. Prezident İlham Əliyev bu istiqamətdəki təbliğatın vacib məqamlarına da diqqəti yönəltdi: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın. Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir? Yəni bu barədə, əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim üzərimizə düşür və həm özümüz bunu etməliyik. Xarici media resursları ilə bizim daha sıx əlaqələrimiz olmalıdır. Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər”.
Hamımızın bir vətəni var - müstəqil Azərbaycan! Azərbaycan xalqının və dövlətinin maraqlarının hər bir qələm əhli tərəfindən qorunması son dərəcə vacibdir - istər iqtidar, istər müxalifət, istərsə də müstəqil jurnalist olsun! Heç ola bilməz ki, Vətənimiz üçün pis olanda, kiməsə yaxşı olsun!
Müstəqilliyin qədrini bilmək, onu daim qorumaq, möhkəmləndirmək azərbaycanlı adını daşıyan hər bir jurnalistin də müqəddəs borcudur!



TƏNQİD ETMƏK MƏSULİYYƏTİ

Azərbaycanda həqiqi mətbuat və söz azadlığı olduğundan hansı qəzet nədən necə yazdığını özü müəyyənləşdirir! Heç kim yazdığı yazıya, dediyi sözə və fikrə görə təqib olunmur, cəzalandırılmır! Lakin jurnalistikanın qaydaları və prinsipləri də mövcuddur. Bir para qəzetlər özlərini “tənqidçi qəzet” adlandıraraq baş verənləri yalnız qara boyalarla təsvir edir, yaxud yalnız “uğursuzlıq”lardan yazmağa can atırlar. Belə faktları tapmayanda isə özlərindən uydururlar. Lakin mətbuat həm də cəmiyyətdə baş verən hadisələrin inikası olduğundan həyatdakı mənfi və müsbət proseslərin balansını da gözləməlidir. Bunu Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları da tələb edir.
Dövlət başçısı cənab İlham Əliyevlə görüşdə qəzetdə tənqid məsələsinə də toxunuldu: “Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yünğülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə, ölçü götürülməlidir. Ona görə sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm!”
Şübhə yoxdur ki, burada söhbət ədalətli və obyektiv tənqiddən gedir. Elə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında da jurnalist yazılarının obyektivliklə bərabər, tərəfsizliyi və qərəzsizliyi tələbi də irəli sürülür. Peşə fəaliyyətinə görə jurnalist daim gəzir, görür, həmsöhbət olur, araşdırır. Qələmə əl atmazdan öncə görüb eşitdiyini yoxlayıb dəqiqləşdirməli, səbəblərini öyrənməyə çalışmalı, hansı niyyətlə tənqidi yazını qəzet səhifəsinə çıxardığını ilk növbədə özü üçün aydınlaşdırmalıdır. Əgər qanun pozuntusu, vəzifə səhlənkarlığı, işə biganəlik, yaxud vəzifədən sui-istifadə halları varsa, belə faktların qəzet səhifəsinə çıxarılması və tezliklə aradan qaldırılmasına kömək göstərilməsi həm də jurnalistin vətəndaşlıq borcudur. Amma olanı şişirtmək, süni sensasiya düzəltmək, yaxud şəxsi maraq naminə istifadəyə çalışmaq... Onsuz da hamı hamını yaxşı tanıyır və hamı hər şeyi bilir! Yaxud hər kiçik nöqsanı da iqtidarın ayağına yazmağa çalışmaq, siyasi rəng verməyə cəhd etmək - bu da baş tutan məsələ deyil!
Tənqid, ən əvvəl, xeyirxah mövqedən və təmiz məqsədlə yazılmalıdır. Təəssüf ki, Azərbaycan mətbuatında həmişə belə olmur. Yoxsa Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sı yaranardımı? Görünməmiş sürətlə inkişaf edən, böyük uğurlara imza atan ölkəmizdə nöqsan və çatışmazlıqların olmadığını da kimsə danmır. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə bunu dövlət başçısı cənab İlham Əliyev hamıdan kəskin və açıq formada söylədi: “Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək.
Ona görə də mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”.
Sirr deyil ki, mənfi hallara qarşı ən kəskin mübarizlərdən biri elə ölkə Prezidentidir! “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır!” - deyən möhtərəm İlham Əliyev xalqımızın rahat, əmin-aman və firavan yaşaması üçün yorulmaq bilmədən çalışır və çox böyük uğurlara da nail olur. Ancaq səfərlərin çoxluğundan, işinin gərginliyindən bəzən müxtəlif yerlərdə baş verən mənfi hadisələrdən vaxtında xəbər tuta bimir. Belədə mətbuatın köməyinə müraciət edir.
Milli mətbuatımızın 140 illiyi münasibətilə dövlət başçısı ilə keçirilən görüş təkcə tarixi yox, həm də faydalı oldu! Hər şeydən əvvəl burada açıq, səmimi və işgüzar söhbətlər getdi. Mətbuatın keçdiyi yola nəzər salındı, görülən işlər yüksək qiymətləndirildi. Eyni zamanda, qarşıda duran vəzifələr barədə açıq və konkret danışıldı.
Dövlət müstəqil mətbuata daim kömək əlini uzadır, jurnalistlərə xüsusi diqqət və qayğı göstərir. Lakin heç zaman onları nəyəsə təhrik etmir, boyunlarına minnət qoymur! Başlıca tövsiyəsi isə budur ki, Azərbaycan xalqının və dövlətinin maraqlarını nəzərə alın, obyektiv, ədalətli və qərəzsiz olun! Müstəqil Azərbaycanın vətəndaşı olduğunuzu heç zaman unutmayın!
Əslində bunlardan məhrum olanlar nəinki jurnalistliyə, heç Azərbaycan vətəndaşlığına da layiq deyillər! Üzeyir bəy Hacıbəyli demişkən: Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir!

 


Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !