On gün ərzində 2700 nəfərdən çox Quba və Qusar sakini səyyar ASAN xidmət dən faydalanıb -

On gün ərzində 2700 nəfərdən çox Quba və Qusar sakini səyyar “ASAN xidmət”dən faydalanıb

Xəbər verdiyimiz kimi, səyyar “ASAN xidmət” iyulun 19-dan başlayaraq Qusar rayonunda fəaliyyət göstərir. Quba və Qusar rayonlarının 250 mindən çox sakini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.

AZƏRTAC xəbər verir ki, son 10 gün ərzində iki rayonun 2700 nəfərdən çox sakini göstərilən xidmətlərdən faydalanıblar. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Quba səyyar “ASAN xidmət”in qrup rəhbəri Habil Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, Quba və Qusar sakinləri avqustun 2-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Vətəndaşlar avqustun 2-dək saat 09.00-dan 18.00-dək xidmət əməkdaşlarına müraciət edə bilərlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !