Qubalı gənclər insan alveri mövzusunda maarifləndiriliblər -

Qubalı gənclər insan alveri mövzusunda maarifləndiriliblər

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin insan alveri qurbanlarına yardım mərkəzi və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “İnsan alverinə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, qubalı fəal gənclərin iştirak etdikləri görüşdə dünyanın ciddi probleminə çevrilən insan alverinin acı fəsadlarından, bu problemə qarşı mübarizənin aktuallığından danışılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin insan alveri qurbanlarına yardım mərkəzinin direktor əvəzi Ülvi Zeynalov bildirib ki, maarifləndirici tədbir Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq həyata keçirilir. Respublikanın 20 şəhər və rayonunda daha çox gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə interaktiv şəkildə məlumatlar verilib.

Çıxışlarda insan alveri, onu yaradan səbəblər barədə ətraflı bəhs olunub, insan alverinə qarşı hamılıqla mübarizənin zəruriliyi vurğulanıb.

Sonda insan alveri ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !