Leyla Əliyeva – məşhur ailənin xeyirxah işlərinin davamçısı. Demək olar ki, həmyerlimiz -

Leyla Əliyeva – məşhur ailənin xeyirxah işlərinin davamçısı. Demək olar ki, həmyerlimiz

Rusiyanın ASTRAVOLGA.RU İnternet-nəşrində Marina Parenskayanın “Leyla Əliyeva – məşhur ailənin xeyirxah işlərinin davamçısı. Demək olar ki, həmyerlimiz” sərlövhəli məqaləsi dərc edilib.

 

 

Dostluq körpüsünün təntənəli açılışı.

Müqəddəs knyaz Vladimirin abidəsi Azərbaycan ilə Həştərxanın əməkdaşlığının parlaq nümunəsidir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya Müqəddəs Olqa ordeninin təqdim edilməsi.

Bizim region hər hansı başqa regionla müqayisədə Azərbaycanla daha sıx bağlıdır. Məsələ təkcə coğrafi yaxınlıqda deyil, mehriban qonşuluq münasibətləri qarşılıqlı hörmətə və rəğbətə, ortaq iqtisadi və ekoloji maraqlara əsaslanır.

 

Heydər Əliyevin yolu ilə

Yeri gəlmişkən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu gün Həştərxanda ucalan abidəsi ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin inkişafında onun xidmətlərinə dərin hörmət və ehtiram əlamətidir. Bu görkəmli ictimai-siyasi xadimin adını daşıyan park isə artıq çoxdan bəri Həştərxan sakinlərinin ən sevimli istirahət yerlərindən birinə çevrilib. Həm bu abidə, həm də Privoljye körfəzinin yenilənmiş sahilyanı küçəsi azərbaycanlıların Həştərxana hədiyyəsi və ölkələrimiz arasında dostluğun rəmzidir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atasının siyasi xəttini davam etdirərək Rusiya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir, bu istiqamətdə qazanılmış tarixi uğurların qorunub saxlanmasının və daha da inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.

İki dövlət arasında dostluq münasibətləri kontekstində bizim regionda mühüm sosial layihələrin həyata keçirilməsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bununla əlaqədar, Privoljye körfəzinin sahil zolağı yenidən qurulub, Dostluq körpüsü tikilib, uşaq şəhərciyi açılıb, Müqəddəs Knyaz Vladimir məbədinin yaxınlığındakı abadlaşdırılmış meydanda knyaz Vladimirə abidə ucaldılıb, Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəb bərpa edilib, uşaq bağçası tikilib, Nərimanov şəhərində park salınıb. Fondun bizim regionda həyata keçirdiyi və davam etdirdiyi bütün bu dəyişiklərin təşəbbüsçüsü məşhur siyasi xadimin nəvəsi, öz görkəmli babasının adını daşıyan fondun vitse-prezidenti Leyla İlham qızı Əliyevadır.

Leyla Əliyevlər ailəsini məşhurlaşdıran xeyirxah işlərin layiqli davamçısıdır. Bununla bərabər, heç kəs deyə bilməz ki, guya Leyla öz görkəmli babasının və heç də az məşhur olmayan atasının – Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyevin şöhrətinin kölgəsindədir. Xeyr, gənc olmasına baxmayaraq Leyla özü də çox yetkin, bacarıqlı insandır.

 

Gənc olsa da ...

Avropa Biznes Məktəbinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan Leyla Əliyeva hələ tələbə ikən bu institutda Azərbaycanlılar klubu yaradıb, həmin kluba başçılıq edib. 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəridir. Bir neçə il bundan əvvəl Moskvada "Baku" jurnalını təsis edib. Bu gün bir neçə dildə nəşr edilən bu jurnalın təsisçisi və baş redaktorudur. "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarıdır. Islam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri, Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvüdür. Bunlar Leyla Əliyevanın statuslarının sadəcə siyahısı deyil, bu siyahının arxasında dünyanın müxtəlif ölkələrində Leyla Əliyevanın həyata keçirdiyi real fəaliyyət dayanır.

O, Nyu-Yorkun humanitar aksiyalarında fəal iştirakına görə "Key to Life" fəxri mükafatına layiq görülüb. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin dıqqətinə çatdırmaq işində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Ətraf mühitin mühafizəsi üzrə VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" fəxri fərmanla təltif edilib. Dünyada aclığa qarşı mübarizəyə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılmasına, sağlam ərzaq sistemi yaradılmasına verdiyi töhfəyə görə 2015-ci ilin may ayında Leyla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb. Onun çoxsaylı təltifləri sırasında "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeninin medalı da var.

Leyla xanımın maraq dairəsinin genişliyi heyrət doğurur. O, Xəzər dənizinin ekoloji problemlərinin qeydinə qalır, jurnalistlərin son bir neçə ildə Həştərxanda keçirilən beynəlxalq "Xəzər lotosu" müsahibəsini fəal dəstəkləyir. Hər iki dövlətin firavan gələcəyinin gənclər arasında qarşılıqlı anlaşmadan asılı olduğunu dərindən başa düşdüyü üçün gənc nəsil ilə böyük iş aparır. O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ictimai təşkilatının sədridir. Leyla Əliyeva xeyriyyəçilik proqramları ilə də fəal məşğul olur. Bütün bu məsələlərin həlli onun iştirakını, müvafiq qurumlarla qarşılıqlı əlaqəsini, müxtəlif instansiyalara müraciət etməsini tələb edir. O da bütün bunları yüksək səviyyədə yerinə yetirir, çünki ondan ötrü ikinci dərəcəli iş yoxdur. Üstəlik, o həm də iki əkiz uşağın anasıdır. Onun övladları da diqqət tələb edir. Leylanın geniş ürəyində həm öz balalarına, həm də başqalarının övladlarına sonsuz məhəbbət vardır.

Leyla ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün həqiqətən çox iş görür. Ona – Azərbaycan xalqının nümayəndəsinə pravoslav mükafatının təqdim edilməsi isə onu göstərir ki, Allah qarşısında hamı bərabərdir.

Mən beynəlmiləl tərbiyə haqda da danışmaq istərdim. İndi mürəkkəb zəmanədir, millətlərarası münaqişələr böyük fəlakətə səbəb ola bilər. Həştərxandakı 11 nömrəli məktəb Heydər Əliyevin adını daşıyır, lakin bu pedaqoji kollektivə heç vaxt, heç bir təzyiq göstərilməyib ki, bu məktəbə kimləri qəbul etmək, orada kimləri öyrətmək lazımdır. 22 millətin nümayəndəsinin təhsil aldığı bu məktəbin pedaqoji kollektivinin əsas vəzifələrindən biri tolerantlıq, dini dözümlülük, qarşılıqlı hörmət tərbiyə etməkdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ən yaxşı şagirdlər üçün təqaüd təsis edilib. Hər il yay və qış tətili dövründə bu məktəbin müəllimləri və şagirdləri Bakıda istirahət edir.

 

Halal mükafat

Moskvanın və bütün Rusiyanın müqəddəs patriarxı Kirill Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Müqəddəs Knyaz Vladimirə abidə ucaldılmasına göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində böyük xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edəndə Həştərxanda bu xəbəri sevinc və qürur hissi ilə qarşıladılar.

... Haqqında söhbət açdığım qadını praktiki olaraq öz həmyerlimiz hesab edirik. Leyla Əliyeva haqqında onun yubileyi ərəfəsində danışdım. Bu günlərdə o, otuz yaşını qeyd edəcək. Otuz yaş elə gözəl dövrdür ki, çoxlu planlar qurmaq və onları həyata keçirmək olar. Bu yaşda insanın öz imkanlarını reallaşdırması üçün qüvvəsi var, onun qəlbi xoş duyğularla doludur. İstərdik ki, o, hələ uzun illər boyu indiki kimi - həştərxanlıların sevdiyi məlahətli, qəşəng, səmimi və açıqürəkli qadın kimi qalsın. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !