Musiqili Tetrdan I Avropa Oyunları ilə bağlı hesabat -

Musiqili Tetrdan I Avropa Oyunları ilə bağlı hesabat

Azərbaycanda keçirilən I Avropa Oyunları dünya idman tarixində möhtəşəm bir səhifə oldu. Sülhün, dostluğun və birliyin rəmzi olan bu oyunlar Azərbaycan mədəniyyətinin təbliği baxımından da çox mühüm rol oynadı və nəinki Avropada, hətta bütün dünyada mədəni irsimizə böyük maraq yaratdı. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, ötən 17 gün ərzində dünyanın idman paytaxtına çevrilən Bakı Avropanın müxtəlif ölkələrindən gəlmiş qonaqları bütün cəhətləri ilə heyran etdi. Bu müddət ərzində qonaqlar mütəmadi olaraq müxtəlif sənət məbədlərimizi – muzeylərimizi, tarixi abidələrimizi, ələlxüsus da teatrlarımızı ziyarət edirdilər. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə danışarkən qeyd edib ki, 17 gün ərzində xüsusi olaraq I Avropa Oyunları ilə əlaqədar təşkil olunmuş repertuara əasasən Musiqili Teatrda 15 tamaşa nümayiş olunub. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub. 11-28 iyun arası Musiqili Teatrda “Ər və arvad”, “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, F. Zöhrabov), “Fransızsayağı qarnir” (M. Kamoletti) və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya Federasiyası, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub. Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da – “Düyməcik” (Q.X. Anderson), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurilyanski) – qonaqlar yüksək fəallığı ilə diqqət çəkiblər. Tamaşalardan sonra teatr rəhbərliyi və yaradıcı kollektivlə söhbət edən qonaqlar Musiqili Teatrın unikal binasına, burada yaradılmış şəraitə heyran qaldıqlarını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, bənzərsiz Azərbaycan musiqisini, mədəniyyətini, Bakını, ümumilikdə Azərbaycanı, xalqımızı hər zaman xoş duyğularla xatırlayacaqlar.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !