Prezident İlham Əliyev Azərbaycan boksçularına medalları təqdim edib - FOTO

Prezident İlham Əliyev Azərbaycan boksçularına medalları təqdim edib FOTO

İyunun 26-da birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycanın aktivinə daha iki qızıl medal yazılıb. Boksçularımız Elvin Məmişzadə və Kollazo Sotomayor birinci Avropa Oyunlarının çempionları olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri idmançılarımızın final qarşılaşmasını izləyiblər.

Birinci Avropa Oyunlarının 15-ci günündə “Baku Crystal Hall”da 10 çəki dərəcəsində boks döyüşləri keçirildi. Yarışlarda 52 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə uğurlu çıxışı ilə yadda qaldı. Əvvəlcə yarımfinalda Almaniya idmançısına 3:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanan Elvin Məmişzadə həlledici görüşdə çempionluq adı uğrunda italiyalı Viçenzo Rikardi ilə döyüşdü. Elvin Məmişzadə bu qarşılaşmada 3:0 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu oldu.

Sonra mükafatlandırma mərasimi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.
İlk Avropa Oyunlarının çempionu Elvin Məmişzadənin şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

x x x

Həmin gün kişilər arasında 64 kiloqram çəki dərəcəsində Azərbaycan təmsilçisi Kollazo Sotomayor da fərqləndi. Bundan əvvəlki bütün görüşlərində qalib gələn idmançımız finalda İtaliya təmsilçisi Vinçento Mangiakapre ilə qarşılaşdı. Kollazo Sotomayor bu görüşü 3:0 hesabı ilə qalib başa vurdu və birinci Avropa Oyunlarının çempionu oldu.

Sonra mükafatlandırma mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Qalib idmançının şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !