Prezident İlham Əliyev qızıl medalı boksçu Teymur Məmmədova təqdim edib - FOTO

Prezident İlham Əliyev qızıl medalı boksçu Teymur Məmmədova təqdim edib FOTO

 Birinci Avropa Oyunları çərçivəsində boks üzrə yarışlar keçirilib. Azərbaycan boksçularının uğurla çıxış etdiyi yarışlarda Teymur Məmmədov ölkəmizin aktivinə daha bir qızıl medal yazıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın final qarşılaşmasını izləyiblər.

Final mərhələsində kişilər arasında 81 kiloqram çəki dərəcəsində italiyalı Valentino Manfredonia ilə qarşılaşan Teymur Məmmədov rəqibinə 3:0 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu oldu. Buna qədər görüşdüyü rəqiblərinə heç bir şans verməyən London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi olan Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyaginu 3:0 hesabı ilə məğlub edib.

Final görüşündən sonra mükafatlandırma mərasimi oldu.

Dövlət başçısı İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Beləliklə, bu görüşdən sonra Azərbaycanın hesabında 15 qızıl, 11 gümüş və 17 bürünc medal var.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !