Bəxtiyar SADIQOV: - İLHAM ƏLİYEV örnəyi

Bəxtiyar SADIQOV: İLHAM ƏLİYEV örnəyi

“Azərbaycan” qəzetinin 97 illik tarixində redaksiyada idman mövzusunda ilk “dəyirmi masa”mızı keçirdik. “Dəyirmi masa”nın iştirakçıları - respublikanın tanınmış idman xadimləri və görkəmli idmançıları müstəqillik dövrü Azərbaycan idmanının inkişafı barədə bir-birindən maraqlı hadisələrdən danışırdılar. Söhbət qeyri-rəsmi, səmimilik şəraitində keçirdi. Qəflətən ağlıma gələn sualı Azərbaycanın əməkdar məşqçisi, Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərova ünvanladım:
- Azərbaycan idmanının qazandığı uğurlarda cənab İlham Əliyevin payı nə qədərdir?
Sualı verəndən sonra konkret cavab söyləməyin çətinliyini anladım. Ancaq həm də bilirdim ki, bu suala yalnız həyatlarını idmana həsr edənlər və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentini yaxından tanıyanlar cavab verə bilərlər. Zənnim məni aldatmamışdı. Elçin Cəfərovun cavabında heç bir rəqəm və fakt yox idi! Amma dedikləri hamımızı qane etdi:
- İlham Əliyev yüzlərlə Azərbaycan gəncini küçələrdən yığıb, pis vərdişlərə qurşanmağa qoymayıb, türməyə düşməkdən qoruyub. Onları Azərbaycanın ən hörmətli və tanınmış insanlarına çevirib, ev-eşik sahibi edib. İndi “pay”ın qədərini özünüz hesablayın və qiymətini verin!
Sonra dediklərinə bir qədər də əlavələr etdi:
- Bir çox gəncin istedad və bacarığı qollarındakı əzələlərdə olur. Belələri düz yola yönləndirilməsələr, ömürlərinin müəyyən hissəsini həbsxanada keçirə bilərlər. Cənab İlham Əliyevin müstəqil Azərbaycana gətirdiyi idmanın dəyəri təkcə olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazanılan medallarla ölçülmür. Düz yola yönəldilmiş, həyatları xilas edilmiş, fəaliyyətləri vətənə xidmətə çevrilmiş gənclərin bugünü də nəzərə alınmalıdır. Kimsə çempion olmaya, medal qazanmaya bilər! Amma əgər həyatını düzgün qurursa, ən azı doğmaları, dostları və ailəsi üçün faydalı insan olursa, artıq bunun özü də bir uğurdur!
Biz yalnız səhhətimizdə müəyyən problemlər yaranandan, müalicəyə, dava-dərmana xeyli vəsait xərcləyəndən sonra sağlamlığın necə zəruri və bahalı olduğunun fərqinə varırıq! Halbuki əvvəldən onun qayğısına qalsaq, xeyli az əziyyət və xərc çəkərik! Bəlkə heç ağrıyıb müalicəyə də ehtiyac duymarıq! Bütün bunları bizim və övladlarımızın əvəzindən cənab İlham Əliyev düşünərək edir:
İdmanı dövlət siyasəti səviyyəsinə qaldırmaqla, uşaq, gənclər idmanını inkişaf etdirməklə, ölkə paytaxtında və regionlarda bir-birindən gözəl və yaraşıqlı olimpiya idman kompleksləri inşa etdirməklə, yeni idman meydançaları və müasir idman qurğuları yaratmaqla!
İdmanla məşğul olmaq, yüksək nəticələr qazanmaq o qədər də asan iş deyil! Saatlarla, günlərlə və aylarla əziyyət çəkmək, enerji sərf etmək, tər tökmək lazım gəlir! Bəzən zədələrin ağrısına dözməli, ciddi idman rejiminə əməl etməli olursan! Yəni idmanın “səfasını” görməzdən qabaq “cəfasına” qatlaşmalısan.
İdman həm də insanda iradə, dözüm, çətinliklərə üstün gəlmək bacarığını tərbiyə edir. İnsanda vətənpərvərlik hissi formalaşdırır, dövlət bayrağına, himninə tükənməz sevgi aşılayır! Ərazisinin iyirmi faizi düşmən işğalında qalan Azərbaycan gəncində belə hisslərin və iradi keyfiyyətlərin olması isə son dərəcə vacibdir!
İdman müəyyən mənada “əziyyətli iş” olduğundan ilk vaxtlar uşaqlar və yeniyetmələr onunla həvəslə məşğul olmurlar. Bunun üçün ən əvvəl idmanla “xəstələnmək” vacibdir.
Möhtərəm İlham Əliyev az vaxtda minlərlə, on minlərlə Azərbaycan gəncini idmanla “xəstələndirməyi” bacardı!
İdmanın inkişafına lazımi qədər vəsait ayırdı, dövlət işinin çoxluğuna və gərginliyinə baxmayaraq, idman işlərinə və idmançılarla görüşə hər zaman vaxt tapdı!
Özü daim idman formasını qoruyub saxlamaqla idmançılara nümunə göstərdi!
***
Azərbaycan xalqının mütləq çoxluğu 2003-cü ildə öz səsini ona verərək Azərbaycan Prezidenti seçərkən güman olunurdu ki, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verərək həmin dövrdə yaranan mürəkkəb və kövrək vəziyyəti sahmana salmaq üçün idman sahəsindən uzaqlaşacaq. Ancaq gözləntilərin əksi oldu. Prezident İlham Əliyev Azərbaycanı güclü inkişaf yoluna çıxarmaqla bərabər, idmanın yüksəlişi ilə də ciddi şəkildə məşğul oldu. İdmanı dövlət siyasəti səviyyəsinə qaldırdı, gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm vasitəyə çevirdi.
Məhz İlham Əliyevin tükənməz enerjisi və səyləri nəticəsində Azərbaycan idmanı Azərbaycanın beynəlxalq imicinin formalaşmasına xidmət etməyə başladı!
Baxın, bu gün Azərbaycan dünyada həm də idman dövləti kimi tanınır!
Azərbaycan artıq Avropanın idman mərkəzlərindən birinə çevrilir!
Artıq olimpiya oyunlarında, Avropa və dünya birinciliklərində bir çox iştirakçılar bəzi növlər üzrə Azərbaycan idmançıları ilə yarışmağa ehtiyat edir, uduzacaqlarını bilirlər!
Bütün bunları cənab İlham Əliyev edib!
İdmana və idmançılara yaratdığı şəraitlə, daim onlara verdiyi dəstəklə və bir də hətta yarışlarda şəxsən iştirak edərək azarkeşliyi ilə!

Olimpiya çempionu Elnur Məmmədlinin “dəyirmi masa”da dedikləri hamımızi hədsiz dərəcədə qürurlandırdı:
- Olimpiya çempionu olmaq mənim əlçatmaz arzum idi. Olimpiya oyunları qalibinin qızıl medalını boynuma Prezident İlham Əliyevin asacağını ağlıma belə gətirməzdim! Axı hər Prezidentə də belə etimad göstərilmir! Bu, dünya idmanının və Olimpiya hərəkatının Azərbaycan Prezidentinə hörmət və ehtiramının əlaməti idi. Səmimi sözümdür, medalın mənə qərib ölkədə cənab İlham Əliyev tərəfindən təqdimi qələbəmdən də qiymətli oldu!
***
Cənab İlham Əliyev haqqında belə yüksək fikirləri təkcə idmançılar söyləmirlər. Biz jurnalistlər də İlham Əliyevi özümüzə dost hesab edirik. Düz iki dəfə jurnalistlər arasında gizli formada keçirilən səsvermənin nəticəsinə görə dövlət başçısı böyük səs çoxluğu ilə bu ada - “Jurnalistlərin dostu” adına layiq görülüb!
Maraqlıdır, dünya erməniliyinə və antiazərbaycançı şəbəkəyə xidmət edən bəzi qurumlar Azərbaycanda mətbuat və söz azadlığının olmadığını, jurnalistlərin sıxışdırıldığını bildirirlər. Azərbaycan jurnalistləri isə dövlətin rəhbərini özlərinə dost sayırlar!
Səbəb məlumdur!
Həmin beynəlxalq təşkilatlar onlara verilən tapşırıqları icra edirlər!
Azərbaycan jurnalistləri isə görülən işlərə qiymət verirlər!
Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Həmin fondun fəaliyyətini tənzim edən konsepsiya və nizamnamə dövlət başçısı tərəfindən təsdiq olunub. Fondun müəyyən etdiyi qaydalar əsasında təklif olunan mövzularla bağlı layihələr hazırlayan və müsabiqədə qalib çıxan hər bir müstəqil qəzet aldığı qrant hesabına maliyyə durumunu yaxşılaşdırır, kollektivin rifahını yüksəldir.
Dünyanın harasında dövlət müstəqil mətbuatın daxili işinə qarışmadan, ona nəyi necə yazmağı diktə etmədən belə xeyirxah addım atır?!
Sirr deyil ki, ölkəmizdə jurnalistlər yüksək məvacib alan insanlar qrupuna daxil deyillər. Odur ki, gənc jurnalistlərin özlərinə fərdi mənzil almaları, vaxtında evlənərək ailələrini normal saxlamaları ciddi çətinlik doğururdu. Bununla bağlı ölkə jurnalistləri öz dostlarına müraciət etdilər. Cənab İlham Əliyev məsələyə çox həssaslıqla yanaşdı və dərhal reaksiya verdi. Qısa müddətdə 156 jurnalist dövlət hesabına tikilən və təmir edilən evlə təmin olundu!
156 ailə, sözün əsl mənasında, ağ günə çıxdı!
Əməkhaqqıdan kəsib hər ay ev kirayəsi vermək, yaxud ipoteka borcunu ödəmək, eyni zamanda övladları tərbiyə edib təhsil vermək... Cənab İlham Əliyev jurnalistlərin bu problemlərini öz üzərinə götürərək alicənablıqla həll etdi!
Növbəti ildə daha 256 jurnalistə dövlət hesabına tikilərək təmir edilmiş mənzil veriləcəkdir!
Sərbəst bazar iqtisadiyyatı münasibətləri dövründə dövlət belə vəzifələri öz üzərinə götürmür! Heç etməli də deyil! Kim necə işləyir, qazanırsa, eləcə də yaşamalıdır! Amma İlham Əliyevin təbiətində olan mərhəmət və xeyirxahlıq, yüksək alicənablıq özünü hər addımda göstərir. Onda eyni zamanda idmançı iradəsi, idmançı inadkarlığı da var!
***
Azərbaycan zabiti Ramil Səfərov əsəblərini cilovlaya bilməyərək xarici dövlətdə ermənini öldürüb cinayət törətmişdi. Amma ona verilən cəza əmələ müvafiq deyildi, qəsdən ağırlaşdırılmışdı. Məsələ dünya erməniliyi tərəfindən məqsədyönlü şəkildə şişirdildiyindən məhkumun ekstradisiyasına da imkan verilmirdi. Prezident İlham Əliyev çox böyük müdriklik, uzaqgörənlik və soyuqqanlılıqla düşünülmüş addımlar atdı. Dünya bir də onda xəbər tutdu ki, Ramil Səfərov Azərbaycana gətirilərək dövlət başçısı tərəfindən əfv edilib, vətəndaşlıq pasportu alıb və hərbi rütbəsi bərpa edilib!
Mübariz İbrahimov döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdu. Neçə-neçə düşmən əsgərini gəbərdən igid doyüşçümüzün nəşini düşmən geri qaytarmaq istəmirdi. Cənab İlham Əliyev Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədlərini vətənə qaytararaq onları hörmət və ehtiramla dəfn etdirdi, yüksək dövlət mükafatlarına layiq gördü. Təkcə Ali Baş Komandan kimi yox, əsl Azərbaycan kişisi tək bu addımları atmağı bacardı! 50 illik yubileyini isə məcburi köçkünlərlə birgə qeyd etməsi görünməmiş hadisə idi. Əslində, bu, Prezidentin doğma yurd-yuvasından zorla uzaqlaşdırılmış insanlara isti münasibətindən, onları hörmətli tutmasından irəli gəlir.
***
Bu gün dünya mətbuatında və televiziya kanallarında ən çox görünən təsvir cənab İlham Əliyevin “Atəşgah” məbədində Avropa Oyunlarının məşəlini yandırmasıdır. “Azərbaycan” qəzeti olaraq biz ilk Avropa Oyunları ilə bağlı verdiyimiz yazıların rəmzi mənası kimi əlində alovlu məşəl tutan cənab İlham Əliyevin şəklini seçmişik.
Əslində, bu, dövlət başçısının halal haqqıdır!
Çünki:
* Prezident İlham Əliyev Azərbaycan idmanında yeni mərhələnin banisidir;
* Prezident İlham Əliyev idmanı dövlət siyasəti səviyyəsinə qaldıran liderdir;
* Prezident İlham Əliyev idmanın inkişafının Azərbaycan modelinin yaradıcısıdır;
* Prezident İlham Əliyev Azərbaycanda yeni idmançılar nəslinin və məşqçilər korpusunu yetişdirən müasir düşüncəli idman xadimidir;
* Prezident İlham Əliyev Azərbaycan idmanını və idmançılarını dünya miqyasına çıxaran və tanıtdıran rəhbərdir;
* Prezident İlham Əliyev beynəlxalq yarışların təşəbbüsçüsü və təşkilatçısıdır;
* Prezident İlham Əliyev I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin təminatçısıdır;
* Prezident İlham Əliyev bu Oyunlarda, idmançılarımızın neçə medal qazanmasından və komandamızın bütövlükdə neçənci yer tutmasından asılı olmayaraq, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının əsl qəhrəmanıdır!
***
“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur!”, “Xalqın bir nömrəli xidmətçisi mənəm” - məramını həyata keçirən də cənab İlham Əliyevdir. Məhz onun iradəsi sayəsində Azərbaycan vətəndaşlarının işini qat-qat asanlaşdıran “ASAN xidmət” brendi yaranıb. Hər ay dövlət nazirləri xalqın ayağına gedərək yerlərdə insanları qəbul edirlər.
Bu, hamıya nümunədir!
Bu, dünyanın bütün dövlət başçıları üçün nümunədir!
Bu, xalqa xidmət etmək, dövlətini və dövlətçiliyi sevmək, əsl vətənpərvər olmaq, insana diqqət və qayğı nümunəsidir!
Fəxr edirik ki, xeyirxahlığın və dostluğun əsl göstəricisi olan bu nümunəni bizim Prezidentimiz - Azərbaycan Prezidenti cənab İlham Əliyev yaradıb!

 


Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !