Prezident İlham Əliyev Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olub - FOTO

Prezident İlham Əliyev Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olub FOTO

 Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olublar.

Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb. Burada quraşdırılan fəvvarələr istirahətə gələnlərin zövqünü oxşayacaq. Park füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə parkda üç kafe yaradılıb.

Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsdi.

Müasir tələblər səviyyəsində yaradılan bu iaşə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.

Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin əyani göstəricilərindəndir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !