Prezident İlham Əliyev Bayıl bulvarının açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Bayıl bulvarının açılışında iştirak edib FOTO

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bayıl bulvarının açılışında iştirak ediblər.

Dövlətimizin başçısına məlumat verildi ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.

Dövlətimizin başçısı Bayıl bulvarının rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illərdə yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması xüsusi əhəmiyyət daşıyır. Müasir istirahət mərkəzləri içərisində Bayıl bulvarının özünəməxsus yeri var.

Bir neçə gündən sonra paytaxtımızda əlamətdar və tarixi idman bayramına - birinci Avropa Oyunlarına start veriləcək. Bayıl bulvarının məhz dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi çox önəmlidir. Ölkəmizə gələn turistlər Bakıda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. 

 

 

***

 


Prezident İlham Əliyev Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışında iştirak edib


Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışında iştirak ediblər.

Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bağlantı yolları və piyada keçidi Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunub. Yolların ümumi uzunluğu 6630 metrdir. Bəzi yollarda hərəkət zolaqlarının sayı 4, bəzilərində isə 5-dir. Hərəkət zolaqlarının eni isə 3,5 metrdir.

Yolların inşası zamanı 125 min kvadratmetr asfalt, 730 min kvadratmetr torpaq işləri görülüb. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır.

Beləliklə, bu yol paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfəsini verəcək.

Dövlətimizin başçısı burada yeni inşa olunan yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə keçidin texniki göstəriciləri barədə məlumat verildi. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr olan keçid əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək.

Son dövrlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşası paytaxt Bakıda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsinə çevrilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !